Ermənistanda korrupsiyaya qarşı kampaniya: qanunsuz əmlakın müsadirəsi haqqında qanun fəaliyyətdədir
Ermənistanda qanunsuz əmlakın müsadirəsi
Ermənistanda genişmiqyaslı korrupsiyaya qarşı kampaniya aparılır. Kampaniya çərçivəsində dövlət əvvəlki illərin maliyyə-siyasi elitasının nümayəndələrinə məxsus aktivləri müsadirə edir. Hakimiyyət səs-küylü siyasi ittihamlardan qanunsuz əldə edilmiş əmlakın sistemli şəkildə dövlətə qaytarılması mərhələsinə keçildiyini bəyan edib. Korrupsiya sövdələşmələrində ittiham olunan, çoxsaylı daşınmaz əmlak obyektləri və biznes aktivləri üzərinə həbs qoyulan şəxslər arasında, xüsusilə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan, həmçinin keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qagik Xaçatryan da var. Bu səs-küylü işlərin fiqurantlarına çirkli pulların yuyulması, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülür.
Bununla yanaşı, Ermənistanda təkcə onların bu qədər sərvəti necə topladığı deyil, həm də baş verən prosesin qanunvericiliyə nə dərəcədə uyğun olduğu, qanunun hamıya eyni şəkildə tətbiq edilib-edilmədiyi və müsadirə olunan əmlakın həqiqətən xalqa qaytarılıb-qaytarılmadığı müzakirə olunur.
Vəkil Aram Orbelyanın və Transparency International təşkilatının eksperti Varujan Oktanyanın şərhləri.
- “Üçbaşlı müharibə partiyasından baş nazirliyə namizəd: Robert Koçaryan” – Ermənistan Milli Məclisinin vitse-spikeri
- Ermənistan parlamentinin vitse-spikeri seçiciləri “oliqarxlarla əlaqələri kəsməyə” çağırır
- Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə azadlığa buraxılıb
Qanun haqqında
“Qanunsuz mənşəli əmlakın müsadirəsi haqqında” qanun Ermənistanda 2020-ci ildən qüvvədədir. Hakimiyyət bu qanunu “korrupsiyaya qarşı mübarizəni gücləndirmək və sosial ədaləti bərpa etmək məqsədilə” qəbul edib. Qanun dəyəri 50 milyon dramdan (132 120 dollar) çox olan aktivlərə şamil edilir və əmlak sahibi gəlir mənbəyinin qanuniliyini sübut edə bilmədikdə həmin əmlakın müsadirəsinə imkan verir.
Baş Prokurorluğun məlumatına görə, 2018-ci ildən 2026-cı ilin birinci yarısınadək dövlətə və icmalara təxminən 304 milyard dram (təxminən 840 milyon dollar) dəyərində aktiv qaytarılıb. Bu məbləğin üçdə ikisindən çoxu, təxminən 562 milyon dolları son 3,5 ildə qaytarılıb.
Vəkil Aram Orbelyanın şərhi
“Qanunsuz mənşəli əmlakın müsadirəsi haqqında qanunda fundamental ziddiyyətlər var. Dünya praktikasında müsadirə modelləri bir-birindən aydın şəkildə ayrılır: ya bəyannamələrə nəzarət edilir (gəlirin mənbəyini izah etmək mümkün deyilsə, əmlak müsadirə olunur), ya da sübuta yetirilmiş cinayətə görə müsadirə tətbiq edilir. Bizim qanunvericilər isə bunların hamısını bir-birinə qarışdıraraq tam anlaşılmaz vəziyyət yaradıblar.
Yoxlama üçün əsaslar sistemsizdir. Bəndlərin yarısı cinayət işləri ilə əlaqəlidir, hətta icraatı dayandırılmış və ya bəraətverici olmayan əsaslarla xitam verilmiş işlərlə. Digər yarısı isə sadəcə “əməliyyat məlumatları” əsasında əmlakın müsadirəsi prosesinə başlamağa imkan verir. Hər hansı əməliyyat sənədi ortaya çıxan kimi hüquq-mühafizə orqanları dərhal həmin şəxsin əmlakını 1991-ci ilə qədər gedib çıxmaqla yoxlamağa başlayırlar”.
90-cı illərin faktoloji vakuumu
“Siyasi bəyanatlarda “talama” adlandırılan halları dövrlər arasındakı fərqlər səbəbindən məhkəmədə çox vaxt sübut etmək mümkün olmur. 90-cı illərdə qeyri-pul, əmlak dövriyyəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının dövriyyəsi üstünlük təşkil edirdi, aydın vergi və gömrük nəzarəti yox idi. Avtomobillərlə bağlı məlumat bazaları yalnız 2000-ci illərin əvvəllərində, elektron vergi uçotu isə 2013-cü ildə yaradılıb.
Üstəlik, o dövrdə qanun biznes subyektlərindən sənədləri beş ildən artıq saxlamağı tələb etmirdi. Bu səbəbdən bu gün təbii informasiya vakuumu yaranır. Prokurorluğun gənc əməkdaşları bu tarixi konteksti nəzərə almırlar və nəticədə məhkəmələrdə çıxılmaz vəziyyətlər yaranır”.
Şəxsi həyata müdaxilə və siyasi məqamlar
“Şəxsi həyata müdaxilənin miqyası ciddi suallar doğurur. Qanun iş üzrə adı keçən şəxsin istənilən qohumunun uzun illəri əhatə edən bank çıxarışlarını araşdırmağa imkan verir. Nəticədə müstəntiqlər və prokurorlar korrupsiya ilə heç bir əlaqəsi olmayan sırf şəxsi xərcləri görürlər: insanların harada istirahət etdiyini, kafedə nə sifariş verdiyini və hansı xəstəliklərdən müalicə olunduğunu.
Cəmiyyətdə bu mexanizm yalnız “keçmiş [hakimiyyətin] taladıqlarının geri qaytarılması haqqında qanun” kimi qəbul edilir. Halbuki hüquqi baxımdan qanun konkret şəxslərlə mübarizəyə deyil, korrupsiyanın özünün qarşısının alınmasına yönəlməlidir. Korrupsiyaya qarşı mübarizə vasitələrinin siyasi seçicilik aləti təsiri bağışlamaması üçün onlar universal şəkildə tətbiq edilməli, hazırkı siyasi statusundan və ya hakimiyyət düşərgəsinə mənsubiyyətindən asılı olmayaraq bütün elitaları əhatə etməlidir.
Keçmişə və bu günə yanaşma şəffaf olmalı, sifarişli işlərə yol verilməməli, iddia müddətləri və əvvəlki illərin iqtisadi reallıqları nəzərə alınmalıdır. Bu, qanunsuz əmlaka qarşı obyektiv proses olmalıdır, seçmə qaydada tətbiq edilən repressiv alət yox”.
Transparency International antikorrupsiya mərkəzinin eksperti Varujan Oktanyanın şərhi
“Qanun elə əvvəldən hüquqi mübahisələrə səbəb olub, buna görə də onun konstitusiyaya uyğunluğunun Konstitusiya Məhkəməsində yoxlanılması zərurəti yaranıb. Konstitusiya Məhkəməsi isə ekspert rəyi almaq üçün Venesiya Komissiyasına müraciət edib. Beynəlxalq ekspertlər iki əsas tövsiyə veriblər. Birincisi, əmlakın dövlətin xeyrinə müsadirəsi prosesi azadlıqdan məhrumetmə ilə nəticələnən cinayət təqibi deyil, müstəqil mülki icraat olmalıdır. İkincisi, aktivlərin qanuni mənşəyinin sübut edilməsi məsuliyyətinin bir hissəsi əmlak sahibinin öz üzərinə düşməlidir.
Əmlakın korrupsiya yolu ilə əldə edildiyini sübut etmək çox vaxt son dərəcə çətin olur. Məsələn, Koçaryanın işində hökumət qərarlarının imzalanmasından söhbət gedir. İttihamın əsaslı olması üçün prokurorluq sübut etməlidir ki, o, gələcəkdə həmin aktivlərin ailəsinə keçəcəyini hesablayaraq konkret qərarları məqsədyönlü şəkildə təsdiqləyib. Bunu sübut etmək son dərəcə çətindir, buna görə də sübut bazası çox vaxt inandırıcı görünmür. 90-cı illərdə icbari bəyannamə sisteminin olmaması vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən bu gün əmlakın qanuni mənşəyini təsdiqləmək praktiki olaraq mümkün deyil”.
Ayrı-seçkilik, yoxsa korrupsiyaya qarşı mübarizə?
“Hüquqi mexanizmlərin yalnız bir qrup şəxsə tətbiq edilməsi antikorrupsiya institutunun özünü gözdən salır və qanunu siyasi təzyiq alətinə çevirir. Əmlakın müsadirəsi yolu ilə opponentləri maliyyə resurslarından məhrum etmək cəhdləri siyasi meydanın tamamilə təmizlənməsi riskini yaradır. Buna seçkilərdə ikili standart da əlavə olunursa, yəni seçici ələ almağa görə həbslər şəklində sərt cəza tətbiq edildiyi halda inzibati resurslardan istifadə hallarına göz yumulursa, çəkindirmə və tarazlaşdırma sistemi özü çökür. Bu sui-istifadə hallarından hər hansı birinə göz yumulması diktaturaya aparır”.
Müsadirə olunmuş əmlakın aqibəti necə olur
“Hüquqi məsələ problemin yalnız bir tərəfidir. Müsadirə olunmuş əmlakın dövlətə verildikdən sonra aqibətinin necə olması da az əhəmiyyət daşımır.
Sovet tarixində əmlakın buna bənzər müsadirəsini, 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində qolçomaqların əmlakının müsadirəsini xatırlayıram. Sonradan bunun, o cümlədən Qolodomor kimi hansı ağır nəticələrə gətirib çıxardığını öyrəndik. Məlum oldu ki, müsadirə edilənlərin hamısı sonda partiya nomenklaturasına çatıb. İndi də bu aktivlər eyni şəkildə hansısa yeni varlılara və ya növbəti nomenklaturaya keçə bilər. Xalqın özü isə bundan yenə heç nə əldə etməyəcək.
Əmlakın müsadirəsindən danışarkən həm maliyyə aktivləri, həm də daşınar və daşınmaz əmlak nəzərdə tutulur. Məsələn, kimsə dəbdəbəli ev tikib və orada yaşayır. Sovet dövründəki analoqa qayıtsaq, Oktyabr inqilabından sonra imkanlı şəxslərin əmlakı əllərindən alınır, dəbdəbəli evlər isə, məsələn, kommunal mənzillərə çevrilirdi. Bizim halda bu baş verməyəcək: heç kim sıravi vətəndaşı kiminsə malikanəsinə yerləşdirməyə hazırlaşmır. Belə bir sual yaranır: bəs [keçmiş baş nazir] Ovik Abramyanın həmin malikanəsi və ya Tsaxkadzordakı Golden Palace oteli kimin payına düşüb?”
“Burada da vəziyyət problemlidir. Bu obyektləri yeni varlı sahib alsa belə, hakimiyyət dəyişdikdən sonra ilkin müsadirənin qanunsuz olduğu əsas gətirilərək onların yenidən əlindən alınmayacağına zəmanət yoxdur.
Bundan başqa, “xalqa qaytarırıq” ifadəsi mənim üçün bir qədər mücərrəd səslənir. Tendensiya göstərir ki, müsadirə olunan daşınmaz əmlak xalqa deyil, hakimiyyətə yaxın başqa bir varlı şəxsə çatır. Xalq da soruşacaq: “Bəs bundan bizə nə?”
Bir misal çəkim. Bizim həyətdə əvvəllər uşaq bağçası var idi, sonradan o, qanunsuz şəkildə yeni sahibin mülkiyyətinə verildi. Əgər bu gün dövlət həmin binanı geri alıb əvvəlki uşaq bağçası statusunu bərpa etsə, bəli, bu, “xalqa qaytarıldı” demək olar.
Digər hallarda isə bu, hər növbəti hakimiyyətin özündən əvvəlkilərin əmlakını müsadirə etdiyi qapalı dövrəyə çevrilə bilər. Bu, xüsusilə investisiyalar baxımından kifayət qədər təhlükəli haldır. İnvestorlar sabah onların da əmlakının əlindən alına biləcəyindən qorxmamalıdırlar”.
Müsadirə olunan vəsaitdən necə istifadə etmək olar
“Pul vəsaitlərinin müsadirəsinə gəlincə, alınan vəsait büdcəyə, belə demək mümkünsə, “ümumi xəzinəyə” yönəldilir. Sonradan bu pulların necə xərcləndiyi aydın deyil. Bunlar məqsədli daxilolmalar deyil, buna görə də hakimiyyət həmin vəsaitin necə xərclənəcəyinə özü qərar verir.
Bu gəlirlərin məqsədli olması və qanunla tənzimlənməsi, vəsaitin isə vətəndaşların rifahının yüksəldilməsi üçün sosial proqramlara yönəldilməsi düzgün olardı”.
Ermənistanda qanunsuz əmlakın müsadirəsi