Tbilisi küçələrində yoldan keçənlərdən normal yaşamaq üçün ayda nə qədər pula ehtiyacları olduğunu soruşduq. Eyni zamanda, “normal həyat” dedikdə ümumiyyətlə nəyi nəzərdə tutduqlarını da öyrəndik.
Cavablar bir-birindən xeyli fərqlənir. Gənclərin bir qismi hesab edir ki, bir nəfərin normal yaşaması üçün ayda ən azı 5-8 min lari (təxminən $1900-3000) lazımdır. Orta və daha yaşlı nəslin nümayəndələri isə bir nəfərə 2000 larinin (təxminən $769) kifayət etdiyini deyirlər.
Bu arada, Gürcüstanda orta istehlakçı üçün yaşayış minimumu 250,9 lari (təxminən $97) təşkil edir.
Normal həyatın nə olduğu sualına verilən cavablar da yaşdan asılı olaraq fərqlənir. Orta və daha yaşlı nəslin nümayəndələri üçün yeməyə, dərmanlara və kommunal xidmətlərə pulun çatması artıq normal həyat deməkdir.
Aldığımız cavablardan bir neçəsi:
“Həddindən artıq komfort olmadan, istirahətsiz, yalnız yemək və dərmanlar”.
“Ən zəruri şeylər, heç olmasa yemək, elə deyilmi? Normal qidalanma. Uşaqlara geyim, ayaqqabı lazımdır axı. Ən adi məktəb ləvazimatları”.
“Mağazaya girəndə bunu alsan, pulun çatmayacağını düşünməmək. Çünki hər şey çox bahadır”.
Kafe və restoranlar, şəhər kənarına səfərlər, alış-veriş, istirahət və heç olmasa ildə bir dəfə səyahət etmək isə bu yaş kateqoriyasında artıq “dəbdəbəli həyat” anlayışı ilə eyniləşdirilir.
Təsadüfi respondentlərimizdən maddi imkanları çatmadığı üçün nədənsə imtina etməli olub-olmadıqlarını da soruşduq. Məlum oldu ki, bu, çox geniş yayılmış haldır.