Bakıda 14 yaşlı qıza xatirə aksiyası təşkil etdiyi üçün hücum edildi
Bakıda həlak olmuş məktəbli qızın xatirəsinə aksiya təşkil etmiş qız hücuma məruz qalıb. Aprelin 17-si axşam 14 yaşlı Sanay Qəhrəmanlıya Tural Qarayev adlı gənc hücum edib, onu və valideynlərini təhqir edib və qızın əllərinə zərbələr endirib. Hər şeydən əlavə, o tələb edib ki, onların hamısı birinci xanım və Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevadan üzr istəsinlər.
Qız hücumu telefona çəkə bilib. Həmin video sosial şəbəkələrdə sürətlə yayılıb. Hücum edən saxlanılıb, o, xırda xuliqanlıqda ittiham olunur.
Söhbət hansı aksiyadan gedir
Aprelin 13-də Sanay 162 saylı məktəbin yaxınlığında güllərin düzülməsi aksiyasının təşəbbüskarı olub. Burada aprelin 4-də digər məktəblilər tərəfindən istehzalara və müəllimlərin kobud davranışına tab gətirməyərək Sanayın həmyaşıdı olan Elina Hacıyeva özünü məktəbin pəncərəsindən atmışdı. Elina hadisədən iki saat sonra xəstəxanada dünyasını dəyişmişdi.
Bu hadisə cəmiyyətdə nəhəng rezonansa səbəb oldu, belə ki, həkimlərin və məktəbin işçilərinin səhlənkarlığı göz qabağında idi.
• Elina Hacıyevanın ölümü və 13 aprel aksiyası barədə daha ətraflı
Elinanın xatirəsinə iki anım aksiyası təşkil edilmişdi. Bunlardan birincisi aprelin 12-də keçirilmiş və burada əsas etibarilə məktəbli uşaqların valideynləri iştirak ediblər. Aksiya dinc şəraitdə keçirilib.
İkinci aksiya aprelin 13-də Sanay Qəhrəmanlı tərəfindən təşkil edilmişdi və bu aksiyaya əsasən sosial fəal gənclər toplaşmışdı. Bu dəfə polis aksiya iştirakçılarına gül düzməyə mane olub və onları kobud tərzdə məktəbdən uzaqlaşdırıb.
Sanayın valideynləri və tanışları hücumu məhz bu aksiya ilə əlaqələndirirlər. Onun anasının sözlərinə görə, Qarayaev hücum edənə qədər bir neçə gün qızı izləyib.
Tural Qarayev kimdir və bu hadisə nə ilə əlamətdardır
Qıza hücum etmiş Tural Qarayev hakim “Yeni Azərbaycan” partiyasının fəalı və hakimiyyətin qızğın tərəfdarı kimi tanınır. Bu, onun ilk belə hərəkəti deyil. Sosial şəbəkə istifadəçiləri nəql edirlər ki, o, əvvəllər də ictimai fəallara və digər “başqa cür düşünənlər”ə hücum edib.
Sanay müxalif Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlının qızıdır. Sanayın valideynləri əmindirlər ki, ona qarşı hücumu hakimiyyət təşkil edib. Sosial şəbəkə istifadəçilərinin çoxu da belə düşünür. Hücumu bu yaxınlarda polisdə keçmiş vicdan məhbusu Qiyas İbrahimova deyilmiş sözlərlə əlaqələndiruirlər. Onu xəbərdar etmişdilər ki, əgər hökuməti tənqid etməyi dayandırmasa, prezidentin və hakimiyyətin tərəfdarlarından biri buna görə ondan “qisas ala” bilər və “polis onu müdafiə edə bilməyəcək”.
• Qiyas İbrahimovu polisə niyə çağırmışdılar
Cəmiyyətdəki digər versiyaya görə, hakimiyyət hücum edəni bu işə cəlb etməyib və Tural Qarayev şəxsi təşəbbüsü ilə belə hərəkət edib, çünki əslində də hökuməti qızğın şəkildə dəstəkləyir və müdafiə edir.