"İnformasiya bombası": Rusiyanın Ermənistana qarşı hibrid hücumları ilə bağlı məxfi sənədlər sızdırılıb
RF-nin məxfi sənədləri: Ermənistaa hibrid hücum
Kreml Ermənistana, eləcə də bəzi Avropa ölkələrinə və onlarla qonşu olan dövlətlərə qarşı hibrid kampaniyalar planlaşdırıb və həyata keçirib. Ermənistanın faktyoxlama platforması bunu təsdiqləyən geniş həcmli məxfi sənədlər paketinə çıxış əldə edib. Rusiyanın hücumlarına məruz qalan ölkələr arasında Fransa, Almaniya, Norveç, Moldova və Ukrayna da var. Bu isə tam siyahı deyil.
Sənədlərin sızmasının haker hücumu nəticəsində baş verdiyi bildirilir. Qovluqda “Social Design Agency”nin sənədləri, yazışmaları, skrinşotları və digər materialları yer alıb. Bu qurum isə faktiki olaraq Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya tabedir.
Qovluqda Ermənistana qarşı yönəlmiş bir neçə layihə ilə bağlı məlumatlar da var. Bundan əlavə, ora “uğurlu əməliyyatlar”ın nəticələrinə dair hesabatlar da daxil edilib.
Bu layihələrin həyata keçirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Bunu İsrail və Misirdə yaradılması planlaşdırılan qondarma “tədqiqat” mərkəzlərinin yaradılması və onların xidmətlərinin ödənilməsi ilə bağlı tariflər sübut edir.
“Nəşrdə bildirilir ki, İsraildə belə bir mərkəzin fəaliyyəti üçün aylıq cari xərclər 1,5 milyon rubl, kontentin yayılması və influenserlərin ödənişi üçün isə əlavə 3 milyon rubl nəzərdə tutulurdu. Misirdə fəaliyyət göstərən “Antiqlobalizm” institutunun aylıq xərcləri isə 5 milyon rubl dəyərində qiymətləndirilib”.
“Məlumatlı vətəndaşlar ittifaqı” QHT-sinin proqram koordinatoru Daniel İoannisyan bu ifşanı “informasiya bombası” adlandırıb. “Sergey Kiriyenko heç vaxt bu qədər “çılpaq” vəziyyətdə olmayıb”, – deyə o bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, bu açıqlamalar onu təəccübləndirməyib.
“Əvvəllər biz bunu sadəcə bilirdik, indi isə artıq sübutlar və faktlar var. Hesab edirəm ki, məsələ diplomatik kanallarla aydınlaşdırılmalıdır. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və izahat tələb olunmalıdır”, – deyə İoannisyan Facebook səhifəsində yazıb.
Hazırda məlum olanlar, həmçinin Ermənistan seqmentində sosial şəbəkələrdə verilən reaksiyalar.
- Rəy: Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
- Ermənistan hibrid hücumların təzyiqi altında: dezinformasiyanı hansı qüvvələr və hansı məqsədlə yayır
- “Güc tətbiqinə bəraət qazandırmaq cəhdi”: Ermənistanda Solovyovun bəyanatına reaksiya
FIP-ə nə məlum olub
“Faktların Yoxlanılması Platforması”nın əldə etdiyi sənədlər Rusiya dairələrinin koordinasiyalı siyasi və informasiya fəaliyyətlərindən xəbər verir. Söhbət Sergey Kiriyenkonun rəhbərliyi altında fəaliyyət göstərən “Social Design Agency”nin artıq həyata keçirilmiş, eləcə də gələcək üçün planlaşdırılmış informasiya kampaniyalarından gedir.
“İstifadə olunan alətlər arsenalına təqlidçi saytların yaradılması, saxta xəbərlərin yayılması, küçə aksiyalarının, sabotaj və digər yerli əməliyyatların təşkili, həmçinin lazımi mövqenin təşviqi üçün ekspert və influenserlərin cəlb edilməsi və s. daxildir”, – deyə Fip.am bildirir.
Məxfi qovluqda informasiya kampaniyalarının sxemləri, gələcək planlara dair sənədlər və hesabatlar yer alır.
Onlar “Ermənistana qarşı qəzəbi qızışdırmaq və baş nazir Paşinyanı nüfuzdan salmaq” üçün addımlar atıldığını sübut edir.
Kremlin dəstəklədiyi agentlik eyni alətlərdən Avropa İttifaqı ölkələrində və qonşu regionlarda da istifadə edib.
Bir çox əməliyyat “saxta bayraq” altında planlaşdırılıb və həyata keçirilib.
“Məsələn, Ermənistana qarşı bəzi əməliyyatlar elə hazırlanmışdı ki, onların Türkiyədən koordinasiya olunduğu təəssüratı yaransın”, – deyə nəşrdə bildirilir.
Əməliyyat iştirakçıları əsasən asanlıqla müəyyən edilə bilən psevdonimlərlə yazışıblar. Məsələn, Sergey Vladilenoviç Kiriyenko SVK ləqəbi ilə çıxış edib. Digər fəal iştirakçı Sofiya Avraamovna Zaxarova olub. O, informasiya-kommunikasiya texnologiyalarının inkişafı şöbəsinin müdiridir. Onun psevdonimi Kristin Killer olub.
“Yazışmalardan görünür ki, əməkdaşlar Kristin Killer psevdonimindən istifadə edən Sofiya Zaxarovaya tabedirlər, onu həm də Sofiya adlandırırlar. O, bəzən bəzi maliyyə məsələlərinin Sergey Kiriyenko ilə, məktublarda isə SVK ilə razılaşdırılmasının zəruriliyini qeyd edir”, – deyə “Faktların Yoxlanılması Platforması” bildirir.
“Мarsel” və Ermənistana qarşı digər əməliyyatlar
“Social Design Agency”nin həyata keçirdiyi kampaniyalar arasında Ermənistan cəmiyyətinə ötən il ifşa edilmiş “Marsel” əməliyyatı artıq yaxşı məlumdur.
2025-ci ilin iyununda fransızdilli infofrancaisedujour.fr saytında dərc olunan məqalədə baş nazir Nikol Paşinyanın guya Marseldə “dəbdəbəli malikanə” aldığı iddia edilirdi. Bildirilirdi ki, o, bu əmlak üçün 3,1 milyon avro ödəyib. Bu məlumat Ermənistan saytlarında və sosial şəbəkələrdə uğurla yayılmışdı.
“Faktların Yoxlanılması Platforması” hələ o vaxt müəyyən etmişdi ki, fransız domenli həmin sayt ABŞ-dan idarə olunur. Materialın özü isə əsassız ehtimallara əsaslanır və həqiqətə uyğun deyil. Daha sonra məqaləni dərc edən sayt fəaliyyətini dayandırıb.
Xüsusilə Sofiya Zaxarovaya ünvanlanmış məktublardan birində Edward Bernays psevdonimli şəxs “Ermənistan üzrə uğur” olduğunu, “korrupsiya qalmaqalı haqqında hekayəni erməni mediası və diasporun fikir liderlərinin yaydığını” bildirir.
Üstəlik, yazışmada “hakimiyyətlə müxalifət arasında daxili siyasi qarşıdurma yaratmağın mümkün olduğu” qeyd edilir. Həmçinin “uğurlu əməliyyat” barədə tam hesabatla tanış olmaq təklif olunur. Hesabata bunlar daxil edilib:
- feyk məqaləni təkrar dərc edən Ermənistan mediasının materialları və sosial şəbəkə səhifələri,
- materialların yaratdığı nifrət ritorikasını göstərən Facebook şərhlərinin skrinşotları.
“Hesabatda qeyd olunur ki, materialın yayılmasında 17 agent iştirak edib. O, təxminən 10,6 milyon baxış toplayıb, təkzibi isə təxminən 1,1 milyon baxış əldə edib”.
Məxfi sənədlər paketindən məlum olur ki, rusdilli “Yerevan1” saytı agentliyə məxsusdur. Bu nəşrin əsas vəzifəsi isə Rusiyadakı erməni icmasında Ermənistanın baş naziri Nikol Paşinyana qarşı mənfi münasibət formalaşdırmaqdır.
Bu resursun mütəmadi olaraq Ermənistan hakimiyyətini tənqid edən məqalələr dərc etməsi təsadüfi deyil. Bunun üçün hətta 2026-cı ilin mayında saytda dərc olunan “Nikol Paşinyanın siyasi gələcəyinin astroloji təhlili”ndən də istifadə edilib.
Kiriyenkonun rəhbərlik etdiyi agentliyin Ermənistana qarşı konkret hansı layihələri planlaşdırdığı da məlum olub:
- “Özüdoldurulan bilik bazası: Ermənistan” layihəsinin hazırlanması
(məqsəd 50 mindən çox Vikipediya klonu yaratmaqdır), - ayrıca sayt və ya səhifənin kontentinin axtarış sistemlərində daha yüksək mövqelərdə görünməsi üçün SEO optimizasiyasının təşkili
(məqsəd ChatGPT kimi süni intellektin siyasi xadimlər barədə suallara cavab verərkən Kremlin maraqlarına uyğun məlumatlar təqdim etməsinə nail olmaqdır), - “ümumerməni media platforması”nın işə salınması
(məqsəd ABŞ, Livan, İran, Fransa və digər ölkələrdəki erməni icmalarına təsir etmək, Rusiya ilə müttəfiqlik münasibətlərini və Qərbdən gələn “təhdidlər”i təbliğ etmək, həmçinin Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxmaqdır).
“Kampaniyalar Rusiya Prezident Administrasiyası tərəfindən koordinasiya olunur”
Əldə edilən sənədləri təhlil etdikdən sonra “Faktların Yoxlanılması Platforması” bəyan edib:
“Bir ildən çox əvvəl Ermənistana qarşı güclənən və böyük miqyas alan dezinformasiya kampaniyaları və müxtəlif hibrid hücumlar
- əvvəlcədən hazırlanmış və detallı geniş strategiyanın bir hissəsidir,
- vahid mərkəzdən, Rusiya Prezident Administrasiyasından koordinasiya olunur”.
Fip.am-ın dərc etdiyi materialda bildirilir ki, aşkarlanmış hibrid alətlər, media resursları və layihələr Ermənistanın daxili siyasi həyatına müdaxilənin göstəricisidir. Onlardan ölkəni destabilizasiya etmək məqsədilə istifadə olunub.
Sosial şəbəkələrdən şərhlər
Ermənistanlı istifadəçilər bu mövzunu fəal şəkildə müzakirə edirlər. Sosial şəbəkələrdə yazılan bəzi şərhlər belədir:
“Rusiyanın iş üslubuna kim şübhə edir ki? Onlar 24/7 rejimində dezinformasiya yayırlar”.
“Avropa İttifaqının sənədlərini də sızdırıb onların hibrid hücumlarından danışacaqsınız?”
“Avropa İttifaqını söz azadlığının olmadığı şovinist və faşist Rusiya ilə müqayisə etməyin”.
“Erməni xalqı, qulaq asın, məlumat alın. Eyni zamanda ayılın, dövlətçiliyinizi və sülhü qoruyun. Nikol (Paşinyan) xoşunuza gəlməsə belə, vətəni sevin, övladlarınızın dinc gələcəyini sevin”.
“Bu məlumatı bizim müxalif kütlənin diqqətinə çatdırmaq lazımdır ki, gözləri tam açılsın, baxdıqdan sonra bir az düzəlsinlər, Rusiyanın qarşısında alçalmasınlar və müti gəlin kimi davranmasınlar”.
“Bu, dünyadakı ən hiyləgər və ən dəhşətli ölkədir, biz ondan mümkün qədər tez uzaqlaşmalıyıq”.
RF-nin məxfi sənədləri: Ermənistaa hibrid hücum