Orbanın məğlubiyyəti və Gürcüstan: "Gürcü Arzusu" Macarıstanda nə itirir?
Macarıstanda seçkilər və Gürcüstan
12 apreldə Macarıstanda keçirilən parlament seçkiləri Viktor Orbanın 16 illik hakimiyyətinə son qoydu. Rəsmi nəticələrə görə, Peter Madyarın “Tisa” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq konstitusion çoxluq əldə edib.
Orban məğlubiyyətini etiraf edib. Bu nəticə yalnız Macarıstan daxilində siyasi dəyişiklik deyil, Avropada uzun illər mövcud olmuş qeyri-liberal idarəetmə modellərindən birinin iflası kimi qiymətləndirilir. Beynəlxalq media bunu təkcə hakimiyyət dəyişikliyi kimi deyil, həm də Avropada siyasi balansın dəyişməsi kimi dəyərləndirib: Orban illərlə Avropa İttifaqında bir sıra qərarların, xüsusilə Ukrayna və Rusiyaya qarşı sanksiyalarla bağlı məsələlərin qarşısını alırdı. Buna görə də Budapeştdə hakimiyyət dəyişikliyindən sonra Aİ siyasətinin daha cəsarətli və açıq olacağı gözlənilir.
Gürcüstanda Macarıstandakı seçkilər xüsusi diqqətlə izlənilirdi, lakin fərqli gözləntilərlə. Gürcü cəmiyyətinin hakimiyyətə yaxın hissəsi üçün Viktor Orban “Gürcü Arzusu”nun Avropadakı ən etibarlı müttəfiqi idi və onun məğlubiyyəti faktiki olaraq partiyanın Avropadakı yeganə siyasi dostunu itirməsi demək olardı.
Avropayönlü cəmiyyət üçün isə bu seçkilər daha geniş məna daşıyırdı. Bir çoxları burada öz ölkələrinin əksini görürdü: Gürcüstan da uzunmüddətli təkpartiyalı idarəetmə şəraitində yaşayır. Buna görə də Orbanın məğlubiyyəti ölkədə yalnız maraq deyil, həm də ümid doğurdu: əgər dəyişikliklər Macarıstanda mümkündürsə, Gürcüstanda da istisna deyil.
Orbanın məğlubiyyətinə Gürcüstanda reaksiya necə oldu?
Peter Madyarın qələbəsi Gürcüstanda sürətli siyasi reaksiyaya səbəb oldu. Həm hakimiyyət, həm də müxalifət nümayəndələri mövqe bildirdi.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Madyarı qələbə münasibətilə təbrik edib və eyni zamanda Viktor Orbana təşəkkürünü bildirib. O deyib ki, “gürcü xalqı və Gürcüstan hökuməti adından” Peter Madyarı və onun partiyasını təbrik edir və Viktor Orbana və onun komandasına “uzun illər ərzində Gürcüstanın və gürcü xalqının milli maraqlarına göstərdikləri görkəmli və sarsılmaz dəstəyə görə” minnətdarlığını bildirir. Kobaxidzenin sözlərinə görə, Gürcüstan və Macarıstanı “uzunmüddətli dostluq və tərəfdaşlıq tarixi” birləşdirir və bu əlaqələr “şübhəsiz davam edəcək”.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili X platformasında Peter Madyarı təbrik edən paylaşım edib. O yazıb: “Macarıstanda demokratiyanın qələbəsi üçün dua edən bütün gürcülər adından sizi təbrik edirik”. Zurabişvili əlavə edib ki, “biz daha güclü Avropaya inanırıq və bu Avropa Rusiyanın hibrid və ya birbaşa təcavüzünə boyun əyməyəcək”.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili də seçkilərə reaksiya verib. Onun sözlərinə görə, Bidzina İvanişvili və “Gürcü Arzusu” Orbanın timsalında “atasını itirib”. Saakaşvili yazıb ki, “Orban İvanişviliyə bütün çirkin üsulları öyrədib”, o cümlədən “nifrət dolu plakatlar”, “kişi kişidir, qadın qadındır” kimi şüarlar, “açıq korrupsiya”, “anti-Avropa ritorikası”, “İsraildən olan qaranlıq PR məsləhətçiləri” və “hərbi qorxutma”.
Onun sözlərinə görə, “dünən bunların heç biri kömək etmədi və Orban Macarıstanda iflasa uğradı”. Saakaşvili həmçinin bildirib ki, Macarıstanla Gürcüstan arasındakı əsas fərq ondadır ki, “Macarıstanda seçki günü saxtakarlıqlar və siyasi məhbuslar yoxdur”, baxmayaraq ki, “onlarda sonda ən azı biri qalacaq”. Onun fikrincə, bu nəticə “macarlar, ukraynalılar və gürcülər üçün tarixi qələbədir”.
“Birlik – Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Orbanın məğlubiyyətini Gürcüstan kontekstində qiymətləndirərək bildirib ki, “bizim çoxdan proqnozlaşdırdığımız baş verdi: İvanişvili Avropadakı yeganə müttəfiqini itirdi”. Onun sözlərinə görə, bu, “tamamilə beynəlxalq səviyyədə təcrid olunmuş” Bidzina İvanişvilini daha da zəiflətmək üçün “ən böyük şansdır”.
Bokuçava həmçinin qeyd edib ki, Orbanın məğlubiyyəti “transatlantik dinamika, Avropa siyasəti, Avropa-Rusiya münasibətləri və, əlbəttə ki, Ukrayna üçün” mühüm əhəmiyyət daşıyır.
“Lelo – Güclü Gürcüstan”ın liderlərindən biri Qriqol Qegelia Macarıstandakı seçkilərin nəticələrini “Macarıstanın Avropaya qayıdışı” adlandırıb. Onun sözlərinə görə, “macar xalqı seçkilərdə rejimi təntənəli şəkildə devirdi” və “Macarıstanın Avropaya qayıdışı Moskva üçün birbaşa məğlubiyyətdir”. O əlavə edib ki, oxşar proseslər “domino prinsipi ilə”, “o cümlədən, əlbəttə, Gürcüstanda da” baş verə bilər.
“Sosial-demokratiya uğrunda” hərəkatının üzvü Vaxuşti Menabde də sosial şəbəkələrdə seçkilərin nəticələrinə reaksiya verib. O yazıb: “Vaxtilə Orban bu seçki sistemini hakimiyyətinin sabitliyini qorumaq üçün qurmuşdu və o, 15 il idi ki, işləyirdi, lakin dünənki seçkilərdə bu sistem onun özünə qarşı çevrildi”. Menabdenin fikrincə, “avtoritar rejimlər ‘Qalib hər şeyi əldə edir’ adlı eyni oyunu oynayır, lakin bu oyunun digər tərəfi də var: uduzan hər şeyi itirir”.
Keçmiş baş nazir Giorgi Qaxaria və “Federalistlər” müxalif partiyası da Peter Madyarı qələbə münasibətilə təbrik edib.
Niyə Orban “Gürcü Arzusu” üçün bu qədər vacib idi?
Tbilisi ilə Brüssel arasında münasibətlərin xüsusilə gərgin olduğu dövrdə məhz Macarıstanın baş naziri Gürcüstana təkcə simvolik deyil, açıq və nümayişkaranə dəstək verən Avropa lideri idi.
Bu, xüsusilə 2024-cü ilin oktyabrında özünü göstərmişdi. Gürcüstanda mübahisəli parlament seçkilərindən sonra Orban rəsmi nəticələr açıqlanmadan əvvəl “Gürcü Arzusu”nu qələbə münasibətilə təbrik edən ilk Avropa lideri oldu. İki gün sonra o, Tbilisiyə gəldi və seçkilərin “azad və demokratik” olduğunu bildirdi, halbuki Qərb tərəfdaşları pozuntuların araşdırılmasını tələb edirdi.
Orban yalnız Tbilisinin müttəfiqi deyil, həm də Brüsselin artıq açıq tənqidi mövqeyə keçdiyi bir vaxtda alternativ Avropa legitimliyi mənbəyi idi.
Bu əlaqə yalnız siyasi taktika ilə məhdudlaşmır, həm də ideoloji xarakter daşıyırdı. 2024-cü ildə Macarıstanda keçirilən CPAC konfransında Kobaxidze bəyan etmişdi ki, Macarıstan və şəxsən Viktor Orban “vətən” və “patriotizm” anlayışlarına xüsusi əhəmiyyət verən hər kəs üçün nümunədir.
Orban isə Kobaxidzeni “şahmat qrossmeysteri” adlandırıb və onun əsas siyasi istedadını “milli kimliyin qorunması” kimi qiymətləndirib. Bu artıq adi diplomatik nəzakət deyildi. Bu, tərəflərin bir-birini eyni ideoloji düşərgədə təqdim etdiyi açıq qarşılıqlı dəstək ritorikası idi.
Bu, Gürcüstan üçün nə deməkdir?
Politoloq Gia Nodia da Macarıstandakı seçkilərin nəticələrinə reaksiya verərək bir neçə mühüm məqama diqqət çəkib. Onun qiymətləndirməsinə görə, Viktor Orbanın məğlubiyyəti liberallar üçün “şübhəsiz yaxşı və sevindirici xəbərdir”.
Nodia qeyd edib ki, gürcü patriotik əhval-ruhiyyəli liberalların gözündə bu nəticənin iki birbaşa mənası var: “bu, Ukrayna üçün yaxşıdır və İvanişvili üçün pisdir”. Bununla yanaşı, o vurğulayıb ki, təkcə Orbanın məğlubiyyəti nə Ukraynanın qələbəsi, nə də Bidzina İvanişvilinin məğlubiyyəti üçün kifayətdir.
Onun fikrincə, Donald Trampın Orbanı açıq şəkildə dəstəkləməsi təkcə “normativ baxımdan pis” deyil, həm də “ağılsız addım” idi. Nodia əlavə edib ki, Tramp Orban üçün real dəstək göstərmədi və nəticədə “açıq şəkildə uduzan tərəfin yanında yer aldı”, bu isə onun öz zəifliyindən xəbər verir.
Politoloq həmçinin qeyd edib ki, bu nəticə Orban, Tramp, Putin və İvanişvili arasında aparılan müqayisələrin səthi olduğunu bir daha göstərir. Onun sözlərinə görə, aralarında müəyyən oxşarlıqlar və siyasi həmrəylik olsa da, bu, onların eyni sistemlərdə fəaliyyət göstərdiyi anlamına gəlmir. Nodia izah edir ki, Orban “Macarıstan demokratiyasına bəzi sahələrdə zərər vurub”, lakin “demokratiyanın əsaslarını dağıda bilməyib və buna imkanı da olmayıb”.
Bu kontekstdə o, ABŞ nümunəsini də xatırladaraq bildirib ki, Tramp fenomeni Amerika demokratiyasının böhranını göstərir, lakin o da onun əsaslarına ciddi zərər vurmayıb. Gürcüstanla bağlı isə Nodianın fikrincə, problem daha dərindir, çünki ölkədə “heç vaxt demokratiyanın fundamental əsasları olmayıb”, baxmayaraq ki, onun bəzi elementləri mövcud olub.
Sonda Nodia vurğulayıb ki, Macarıstandakı seçkilərdən çıxarılmalı əsas dərslərdən biri “siyasi romantizmdən və normativ radikalizmdən imtina etməkdir”.
O, həmçinin xatırladıb ki, Orban öz partiyasının keçmiş üzvü tərəfindən məğlub edilib və bu şəxs əvvəlki siyasi sistemlə bağlı olsa da, bu, onun Orbanın siyasətini davam etdirəcəyi anlamına gəlmir. Nodianın sözlərinə görə, siyasətdə “qüsursuz keçmiş” axtarışı çox vaxt “məğlubiyyət formulu” olur və əsas sual “hazırkı şəraitdə hansı seçimin daha realist olmasıdır”.
Macarıstanda seçkilər və Gürcüstan