"Rusiya Ermənistandakı seçkilərə on minlərlə seçici göndərməyə çalışır": Yerevanda müzakirələr
Rusiya seçiciləri Ermənistana göndərir
Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin başqa bir ölkənin xüsusi xidmət orqanlarının iyun ayında keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək cəhdləri ilə bağlı bəyanatı müzakirə olunur. XKX-nin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə həmin ölkədə yaşayan erməni mənşəli şəxslərə və Ermənistan vətəndaşlarına təzyiq göstərilir. Söhbət ondan gedir ki, onlar müəyyən mükafat və xərclərin ödənilməsi müqabilində vətənə gəlib “lazımi şəkildə” səs versinlər.
Xarici Kəşfiyyat Xidməti hansı ölkədən söhbət getdiyini dəqiqləşdirməyib. Həftəlik brifinq zamanı jurnalistlər baş nazir Nikol Paşinyandan soruşublar ki, niyə Ermənistan vətəndaşlarına təzyiq göstərilən ölkənin adı açıqlanmır.
“Bu, məlumatın həcmi və məqsədəuyğunluğu məsələsidir. Düşünürəm ki, daha ətraflı izahatlar zərurət olduqca sonradan təqdim olunacaq”, — deyə o cavab verib.
Paşinyanın sözlərinə görə, bu hərəkətlər hüquqi qiymət almalıdır. Bununla yanaşı, Ermənistanın baş naziri əmindir ki, təşkilatçıların gözlədiyi kimi nəticə verməyəcək.
“Mən artıq demişəm, şübhəm yoxdur ki, belə bir vəziyyət olarsa [yəni ölkə xaricində yaşayan ermənilərin seçkilərdə iştirakı nəzərdə tutulur], nəzəri olaraq Rusiyada yaşayan həmvətənlərimizin, vətəndaşlarımızın əksəriyyəti bizim [onun partiyasının] xeyrinə səs verəcək”, — deyə baş nazir bildirib və bununla da XKX-nın bəyanatında söhbətin Rusiyadan getdiyini anladıb.
Vətəndaş cəmiyyəti nümayəndələri də hesab edirlər ki, erməni seçicilərə təzyiq Moskvadan edilir.
“Müstəqil müşahidəçi” blokunun üzvü Daniel İoannisyan “Azatutyun” Radiosuna (Azadlıq) bildirib ki, Rusiyada təşkil olunan proses barədə onlar XKX-nin açıqlamasından əvvəl məlumatlı olublar. Məlumat əldə edildiyi andan blok sübutlar toplamağa başlayıb. Lakin məsələ ictimai müzakirəyə çıxarıldıqdan sonra bu barədə açıq danışmağa başlayıblar.
İoannisyanın sözlərinə görə, Rusiyadan Ermənistana təxminən 80 min seçicinin gətirilməsi planlaşdırılır. Onların hər birinə “100 min rubl məbləğində seçki rüşvəti” vəd olunub.
XKX və hüquq-mühafizə orqanları təşkilatçıların seçiciləri hansı siyasi qüvvəyə səs verməyə məcbur etdiyini açıqlamır. Bununla belə, Ermənistanın hakim qüvvəsinin nümayəndələri Rusiyanın vətəndaşı, dollar milyarderi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının adını çəkirlər. Hazırda iş adamı hakimiyyətin ələ keçirilməsinə çağırışlara görə Ermənistanda ev dustaqlığı altındadır. O, baş nazir postuna namizəd elan olunub. Halbuki, konstitusiyaya görə o, bu vəzifəyə iddia edə bilməz, çünki yalnız Ermənistanın deyil, həm də Rusiyanın və Kiprin vətəndaşıdır.
Yazının dərc edildiyi vaxta qədər məlum olanlar, həmçinin politoloqun şərhi.
- Rəy: “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistandan çıxması üçün hər şey edilməlidir
- Ermənistan hibrid hücumların təzyiqi altında: dezinformasiyanı hansı qüvvələr və hansı məqsədlə yayır
- “Güc tətbiqinə bəraət qazandırmaq cəhdi”: Ermənistanda Solovyovun bəyanatına reaksiya
Xarici Kəşfiyyat Xidmətinin bəyanatı
“Xarici Kəşfiyyat Xidməti müxtəlif ölkələrdə həmin ölkənin xüsusi xidmət orqanları adından fəaliyyət göstərən müxtəlif subyektlərin bu ölkədə iqtisadi fəaliyyətlə məşğul olan erməni mənşəli şəxslərə və Ermənistan Respublikasının vətəndaşlarına təzyiq göstərməyə çalışdıqları barədə kəşfiyyat məlumatları əldə edir.
Beləliklə, onları Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak üçün müraciət etmiş müəyyən siyasi qüvvələrin dəstəklənməsi istiqamətində hərəkətlərə sövq edirlər. Bu hərəkətlərə qeyd olunan iş adamları tərəfindən həmin siyasi qüvvələrə maliyyə və təşkilati xarakterli addımların atılması da daxildir, lakin bununla məhdudlaşmır”, — XKX martın 10-da bildirib.
“Mümkün cinayət hallarının qarşısı alınacaq”: hüquq-mühafizə orqanlarının cavabı
“Seçki proseslərinə hər hansı qanunsuz təsir və ya müdaxilə hüquqi qiymətə tabedir. Sizi ayıq-sayıq olmağa çağırırıq. Belə hallarla bağlı məlumatınız varsa, dərhal polisə müraciət edin”, — Xarici Kəşfiyyat Xidmətinin məlumatı yayımlandıqdan qısa müddət sonra Daxili İşlər Nazirliyindən bildirilib.
Polis artıq “nəzarət tədbirləri” həyata keçirib və bundan sonra ehtimal olunan cinayətlə bağlı məlumatları İstintaq Komitəsinə ötürüb. Məsələ seçki hüququnun sərbəst həyata keçirilməsinə maneə törədilməsi, həmçinin maddi və ya digər asılılıq yolu ilə seçkilərdə iştiraka məcburetmə ilə bağlıdır.
İstintaq Komitəsi bildirib ki, artıq “fiziki şəxslərin seçki hüququnu sərbəst həyata keçirməsinə maddi maraq yaratmaqla maneə törədilməsi” barədə məlumatlar var. Bu hərəkətlər Ermənistanın bəzi partiyalarının “rəhbərləri və məsul şəxsləri” tərəfindən həyata keçirilib.
Bundan əlavə, İstintaq Komitəsindən bildirilib:
“Başqa bir ölkənin xüsusi xidmət orqanları adından çıxış edən müxtəlif subyektlər (o cümlədən başqa ölkənin iri biznesmenləri, erməni icmasının liderləri və kriminal avtoritetlər) digər ölkədə iqtisadi fəaliyyətlə məşğul olan erməni mənşəli şəxslərə və Ermənistan Respublikasının vətəndaşlarına təzyiq göstərərək onları Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak üçün müraciət etmiş partiyaların dəstəklənməsi istiqamətində hərəkətlərə sövq edirlər”.
Əvəzində isə, İstintaq Komitəsinin məlumatında qeyd olunduğu kimi, insanlara “başqa ölkədən Ermənistana gedişin təşkili, nəqliyyat xərclərinin ödənilməsi və Ermənistanda qalma xərclərinin qarşılanması” vəd olunur.
Məlumata görə, cinayət işi başlanıb. İstintaq Komitəsi “mümkün cinayət hallarının qarşısının alınması” üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.
“Rusiyanın Federal Təhlükəsizlik Xidməti erməni biznesmenlərə təzyiq göstərir”
“Müstəqil müşahidəçi” blokunun üzvü Daniel İoannisyan bildirib ki, QHT Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) fəaliyyəti ilə bağlı Ermənistan Baş Prokurorluğuna cinayət barədə müraciət təqdim edib.
Onun sözlərinə görə, FSB erməni biznesmenlərə təzyiq göstərir. Onlar Rusiyada yaşayan, lakin Ermənistan vətəndaşı olan seçicilərin “səfərbər edilməsi və Ermənistana gətirilməsini maliyyələşdirməyə” məcbur edilirlər.
İoannisyanın sözlərinə görə, məqsəd 7 iyuna təyin olunmuş seçkilərin nəticəsində Ermənistanda hakimiyyətin dəyişdirilməsidir:
“Bizdə olan məlumata görə, onlar seçkilərdə müəyyən bir siyasi qüvvənin qələbə qazanması üçün çalışırlar. Sübutları əldə edən kimi mütləq dərc edəcəyik”.
O qeyd edib ki, təkcə Rusiyadan təxminən 80 min nəfərin daşınması planlaşdırılır.
Bu, yalnız hava yolu ilə deyil. Vətəndaşların bir hissəsinin Ermənistana quru yolla gətirilməsi planlaşdırılır. İoannisyanın sözlərinə görə, mayın sonu və iyunun əvvəli üçün avtobuslar artıq bir neçə şirkətdə bron edilib.
Eyni zamanda, Daniel İoannisyanın məlumatına görə, Gürcüstanda yaşayan və ikili vətəndaşlığı olan ermənilərə də təzyiq göstərilir.
Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq, Gürcüstan hakimiyyəti bu prosesdə iştirak etmir. Gürcüstandakı ermənilərə təzyiq “kriminal elementlər” tərəfindən göstərilir. Bu halda da “Rusiya izi” müşahidə olunur. Ermənilərin bir çoxu Gürcüstandan Rusiyaya işləməyə gedir və onlara “tələbləri yerinə yetirməsələr, qazanc imkanlarından məhrum ediləcəkləri” bildirilir.
Şərh
Politoloq Ruben Meqrabyan vurğulayıb:
“Adətən kəşfiyyat xidmətləri siyasi hakimiyyətin qərarı ilə fəaliyyət göstərir, onların razılığı olmadan belə bir açıq bəyanat olmazdı.
Bu bəyanat Rusiyanın Ermənistanı suveren dövlət və demokratiya kimi hədəf alaraq ona qarşı müharibə elan etdiyini göstərir.
Əslində, Rusiya minlərlə ermənini Ermənistan Respublikasına qarşı alət kimi istifadə etməyə çalışır.
Bütün bunlar dövlətdən qətiyyətli addımlar tələb edir. Dövlət bu çağırışı qəbul etməlidir. Təkcə xəbərdarlıq kifayət deyil. Bu mübarizədə biz bu cəhdləri başlanğıcda məhv etməliyik. Əks halda onlar dövlətimizi məhv edəcəklər.
Və o bədbəxt biznesmenlər ki, [Rusiya-Ukrayna] müharibəsinin beşinci ilində Rusiyada yaşamağın və işləməyin problemi həll etdiyini düşünürlər, yanılırlar. Bu, problemdir. Mənim çağırışım budur ki, Rusiyanı özünüzdə öldürün və Ermənistana qayıdın. Əgər o sizi öz dövlətinizə qarşı istifadə edirsə, Rusiya sizin üçün artıq bitib”.
Rusiya seçiciləri Ermənistana göndərir