Dövlət Təhlükəsizliyi Xidmətində 12 saat - jurnalist Cavid Ağanın hekayəsi
DTX-da 12 saat
Azərbaycanlı araşdırmaçı və jurnalist Cavid Ağanın Litviyada təhsil almaq üçün ölkədən çıxmaq istədiyi gün Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirdiyi 12 saat onun həyatını kökündən dəyişib. Həmin gündən sonra o, səyahət qadağası, sistemli təzyiq və davamlı izləmə ilə üz-üzə qalıb.
27 avqust 2024-cü il Cavid Ağa üçün yeni həyat mərhələsinin başlanğıcı olmalı idi. O, Litvada – Vilnüs Universitetində təhsil almaq üçün Azərbaycandan çıxmağa hazırlaşırdı. Amma hava limanında sərhəd keçid məntəqəsində saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Bundan bir neçə dəqiqə sonra o, Bakının mərkəzində yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin binasına aparılırıb.
Bu barədə başına gələnləri yazan Cavid Ağa bildirir ki, jurnalist fəaliyyətinə görə risklərdən xəbərdar olub və mümkün saxlanmaya əvvəlcədən hazırlaşıbmış. Bu səbəblə telefonuna antivirus proqramı yükləyib, ailəsinin və vəkilinin əlaqə məlumatlarını həmkarı, həmin dövrdə azadlıqda olan jurnalist dostu Ülviyyə Əli ilə paylaşıbmış. Buna baxmayaraq, DTX-da baş verənlər onun gözlədiklərindən də ağır olub.
Bəhruz Səmədovla yaxın əlaqədə ittiham
DTX-da ona bildirilib ki, saxlanma səbəbi “dövlətə xəyanətdə” ittiham olunaraq 15 il həbs cəzası alan akademik Bəhruz Səmədovla “yaxın əlaqədə” olmasıdır. Cavid Ağa bu ittihamı absurda yaxın hesab edir.
Yazısında bildirir ki, onların münasibətləri illər əvvəl pozulubmuş və Bəhruzun həbsindən əvvəlki son görüşləri təsadüfi xarakter daşıyıbmış.
Dindirilmə səhər saat 6-dan axşam 6-ya qədər fasiləsiz 12 saat davam edib. O, ilk mərhələ “tanışlıq söhbəti” adı altında ona qarşı psixoloji təzyiq edildiyini söyləyir.
Jurnalistdən siyasi baxışları, gələcək planları, dostları, hətta şəxsi ideoloji mövqeləri soruşulub.
Cavid Ağa tam açıq danışmağı seçib və bunu sonradan “şantaj olunmama strategiyası” kimi qiymətləndirir.
İşgəncə yerinə Starbaks
O, fiziki işgəncəyə məruz qalmadığını deyir, amma psixoloji manipulyasiyanın olduğunu vurğulayır.
Onun deməsinə görə, Bəhruz Səmədovun işindəki digər şahidlərdən birinin – Səməd Şıxının Azərbaycan Cinayət Məcəlləsi kitabı ilə döyüldüyü barədə məlumat isə sonradan ona məlum olub. Özünün isə iki dəfə Starbaksdan latte ilə “qonaq edildiyini” ironik şəkildə xatırlayır.
DTX əməkdaşlarının suallarının bir qismi şəxsi həyatla bağlı olub. Məsələn, Bəhruz Səmədovun seksual orientasiyası barədə suallar verilib və bunun “xəyanət işi” ilə necə əlaqəli olduğu izah edilməyib.
Cavid Ağa bu sualların məqsədinin sonradan ictimai alçaltma üçün material toplamaq olduğunu düşünür.
Bir neçə gün sonra Bəhruz Səmədov dövlətə yaxın mediada məhz bu kontekstdə hədəfə çevrilib.
Onun ifadəsi saxtalaşdırılıb
Axşam saatlarında rəsmi ifadə mərhələsinə keçilib.
Cavid Ağa bildirir ki, ifadəsində Bəhram Səmədovla əlaqələrinin minimal olduğunu, əsasən ictimai məkanlarda təsadüfi görüşlərdən ibarət olduğunu deyib. Lakin məhkəmə sənədləri ilə tanış olduqda onun sözlərinin ciddi şəkildə təhrif edildiyini görüb.
Sənədlərdə guya Cavid Ağanın Bəhruz Səmədovun Xocalı soyqırımı ilə bağlı “anti-Azərbaycan mövqeyi” yaydığını dediyi yazılıb.
Jurnalist bunun tamamilə yalan olduğunu bildirir: “Mən belə bir fikir nə demişəm, nə də eşitmişəm”.
Telefonunda casus proqram tapıb
DTX-dan buraxıldıqdan sonra Cavid Ağa telefonundakı antivirus proqramı vasitəsilə cihazına casus proqram yükləndiyini aşkar edib.
“System Settings” adı altında gizlədilən bu proqram zəngləri dinləyir, ekran görüntüləri çəkir, yazışmaları izləyirmiş.
O, proqramı dərhal silməyib, bir müddət izlənildiyini bilərək istifadə etməyə davam edib.
Sosial təcrid və təbliğatla üzləşib
Hadisədən sonra jurnalistin sosial çevrəsi kəskin şəkildə daralıb. Bir çox dostu onu sosial mediada bloklayıb, bəziləri küçədə qarşılaşanda belə salam verməməyə başlayıb.
Xarici diplomatik korpusdan isə yalnız Fransa, İsrail və Polşa nümayəndələri onunla əlaqəni kəsməyib.
SOCAR-a bağlı Baku TV kanalında yayımlanan süjetdə Cavid Ağa “terror şəbəkəsinin üzvü” kimi təqdim olunub.
Bu material ailəsində ciddi qorxu yaradıb, atası ondan Bakını tərk etməyi xahiş edib.
Davam edən təzyiq və “təkliflər”
DTX əməkdaşı Anar jurnalistlə sonradan da əlaqə saxlayıb, görüşlər təklif edib.
Cavid Ağa bu görüşlərdə ona müxtəlif “perspektivlər” – maliyyə dəstəyi, siyasi layihələr, hətta müxalifət lideri kimi “idarə olunan rol” təklif edildiyini deyir.
Bu proses yalnız bir səfirin – Azərbaycanın müttəfiqi olan ölkənin diplomatı ilə ictimai görüşündən sonra dayandırılıb. Cavid Ağa bunu DTX-nın onu “toxunulmaz” kimi qiymətləndirməsi ilə əlaqələndirir.
Ölkəni tərk etməyə məcbur olub
Səyahət qadağası yalnız 2025-ci ilin yanvarında götürülüb. Cavid Ağa Türkiyəyə – valideynlərinin yanına gedib, daha sonra Polşaya köçüb. Hazırda Varşavada yaşayır və jurnalist fəaliyyətini davam etdirir.
O, Bəhruz Səmədovun işini siyasi sifariş adlandırır və bildirir: “Bu iş akademik azadlığa və söz azadlığına qarşı sistemli hücumun bir hissəsidir”.
“Bu yazını yazarkən saxlanmağımdan bir il keçir. Bəzi detallar yaddaşımdan silinmiş ola bilər. Amma bir şeyi dəqiq bilirəm: bu ölkədə azadlıq bir günün içində əlindən alına bilər”.
DTX-da 12 saat