Bakıda LGBTQ+ icmasına qarşı reyd keçirilib, 106 nəfər saxlanılıb
LGBTİ+ icmasına qarşı reyd
Bakıda LGBTQ+ (lezbiyan, gey, biseksual, trans və digər kuir) fərdlərinin toplaşdığı “Labyrinth” adlı kluba edilən polis basqını zamanı 106 nəfər saxlanılıb.
Hadisə şahidlərinin və saxlanılanların dediklərinə görə, polis həmin şəxslərə qarşı zorakılıq tətbiq edib, onları alçaldıcı rəftara və hədələrə məruz qoyub.
Polis guya narkotik istifadə olunmasına görə məkana basqın edib, lakin sonda heç bir narkotik sübutu tapılmadığından saxlanılanlar yalnız qapalı məkanda siqaret çəkmək kimi inzibati xətaya əsasən cərimələniblər.
Reydin gedişatı və saxlanılanların iddiaları
Reyd gecə saat 1 radələrində qəfil başlayıb. Polis əməkdaşları kluba qəfil basqın edərək oradakı insanları zorla çölə çıxarıb, polis maşınlarına mindiriblər. Şahidlərin sözlərinə görə, saxlanılanlar Nəsimi Rayon Polis Bölməsinə aparılıb.
Bölmədə onları təqribən iki saat boyunca soyuqda, nazik geyimdə çöldə ayaqüstə saxlayıblar. Daha sonra hər birini ayrı-ayrılıqda otaqlara apararaq, şəxsi həyatları və seksual orientasiyaları barədə alçaldıcı suallar verməyə başlayıblar.
Saxlanılanların bir neçəsi polis tərəfindən ağır zorakılığa məruz qaldıqlarını bildirir. İddialara görə, suallara etirazla cavab verən bir nəfər ayrı otağa aparılıb və geri gətirilərkən üz-gözü qan içində olub, dodağı partlayıb. Həmin şəxs polis əməkdaşlarının onu döydüyünü və hətta başına sidik ifraz etdiklərini deyib.
Başqa bir saxlanılanın sözlərinə görə, polis əməkdaşları hamını sıraya düzüb dizləri bükmədən dayanmalarını tələb edib və xəbərdarlıq ediblər ki, kim sıradan tərpənsə, onu zorlayacaqlar.
İnsanlar bu vəziyyətdə təxminən iki saat saxlanılıb. Bu müddət ərzində müxtəlif polis əməkdaşları gəlib saxlanılanların üzlərinin şəklini telefonla çəkib, onların şəxsi telefonlarını yığıb mesajlarına və şəkillərinə baxıblar; bəzilərinin şəxsi çılpaq fotolarını da öz telefonlarına köçürüblər.
Saxlanılanlar deyirlər ki, polis bölməsində həmçinin onlara durmadan söyüşlər söyülüb, təhqirlər edilib, təzyiq göstərilib; səhhəti pisləşənlərlə maraqlanan olmayıb.
Bir neçə saat davam edən bu rəftardan sonra polislər saxlanılanlara narkotik istifadə etdikləri üçün saxlandıqlarını bildiriblər. Lakin heç bir qanunsuz narkotik maddə aşkarlanmadığından, polis 106 nəfərin hamısına qapalı məkanda siqaret çəkmə maddəsi ilə 30 manat (bəzi hallarda 50 manat) cərimə yazıb.
Saxlanılanların sözlərinə görə, onlara cəriməni ödəməsələr buraxılmayacaqları da deyilib. Nəticədə, ertəsi günə qədər həmin şəxslərin hamısı inzibati qaydada cərimələndikdən sonra sərbəst buraxılıb.
Hüquq müdafiəçilərinin və aktivistlərin reaksiyası
Baş verənlər ölkənin hüquq müdafiəçiləri, müstəqil vəkilləri və LGBTQ+ icmasının aktivistləri tərəfindən narahatlıqla qarşılanıb. LGBTQ+ aktivisti Əli Məlikov “Meydan TV”-yə verdiyi açıqlamada bu reydin səbəbini Azərbaycanda hakimiyyətin bütün müstəqil qruplar üzərində total nəzarət istəyi ilə izah edir.
Onun fikrincə, hökumət cəmiyyətdə açıq şəkildə transfobiyanı dəstəkləməsə də, onu alət kimi istifadə edir və mütəmadi olaraq kuir icmaya qarşı bu cür reydlər həyata keçirir.
“Baş verənlər bizim üçün yeni hadisə deyil”, – deyə Məlikov vurğulayır.
O xatırladır ki, artıq bu ilin əvvəlində polis əməkdaşları gey tanışlıq saytlarına girərək oradan məlumat toplayıb bəzi şəxsləri şantaj edib.
Müstəqil hüquqşünaslar və hüquq müdafiəçiləri belə halların qarşısının alınmasında əsas maneənin qanunvericilik boşluğu olduğunu bildirirlər. Çünki, Azərbaycanda seksual orientasiya və gender kimliyi üzrə ayrı-seçkiliyi qadağan edən xüsusi qanun yoxdur.
Bu cür hüquqi müdafiə mexanizmlərinin olmaması LGBTQ+ fərdləri hüquq pozuntularına qarşı həssas vəziyyətdə qoyur.
“Sosial və iqtisadi problemlər, həmçinin siyasi təzyiqlər o qədər artıb ki, bizi qoruyacaq müstəqil institutlar qalmayıb. Polis zəif və müdafiəsiz insanları sıxışdırıb onlardan əlavə pul almaq üçün vasitə kimi istifadə edir“, – deyə Məlikov bildirir.
Yerli müstəqil QHT-lərin təmsilçiləri, məsələn, “Minority Azerbaijan” və “Nəfəs” LGBT alyansının aktivistləri də dəfələrlə LGBTQ+ icmasına qarşı basqınları pisləyib, bu addımların hüquq pozuntusu olduğunu açıqlayıblar.
Reydə dair xəbərlər yayılarkən beynəlxalq təşkilatlar da reaksiya verməyə başlayıb. ILGA-Europe (International Lesbian, Gay, Bisexual, Trans and Intersex Association – Europe) baş verənlərlə bağlı narahatlıq ifadə edən bəyanat yayıb və Azərbaycan hakimiyyətini hər kəs üçün insan hüquqları və ləyaqətin qorunmasına çağırıb.
Bundan öncə də, 2017-ci ildəki kütləvi həbslər zamanı BMT-nin insan hüquqları üzrə ekspertləri və Human Rights Watch kimi təşkilatlar Azərbaycanda LGBT fərdlərinə qarşı zorakılıq və təqiblərlə bağlı ciddi tənqidlər səsləndirmişdilər. Yerli hüquq müdafiəçiləri isə bu cür reydlərin və həbslərin ölkədə onsuz da marginallaşmış bir icmaya qarşı qorxu mühiti yaratdığını bildirir.
2017-ci il reydləri: oxşar hadisələr
Bakıda LGBTQ+ icmasına qarşı reyd ilk dəfə baş vermir. 2017-ci ilin sentyabr ayında paytaxtda LGBTQ+ fərdlərə qarşı oxşar genişmiqyaslı polis əməliyyatı həyata keçirilmişdi. Rəsmi məlumata görə, həmin vaxt 83 nəfər saxlanılmışdı.
Həmin həbslər zamanı da saxlanılan şəxslər ciddi zorakılıq və təhqirə məruz qalmışdılar: Məsələn, bir çox transgender qadının saçları məcburi kəsilmiş, bu isə onlar üçün xüsusilə alçaldıcı olmuşdu.
Saxlanılanların bəzilərinə inzibati qaydada 10-30 gün həbs cəzası verildi, bəziləri isə cərimə olunub. Nəticədə, bir çoxu iş yerlərini itirib, çünki işəgötürənlər uzun müddət işdən ayrı qalan həmin şəxsləri geri qəbul etməkdən imtina ediblər.
2017-ci il hadisələri zamanı saxlanılanların bir qismi baş verənləri məhkəmə yolu ilə mübahisələndirməyə cəhd göstərib. Müstəqil vəkillərdən ibarət qrup – cəmi dörd cəsur vəkil 33 nəfər zərərçəkmişin hüquqlarını müdafiə etmək üçün onların şikayətlərini məhkəməyə daşıb.
Lakin vəkil Səməd Rəhimli bildirirdi ki, məhkəmələr bütün şikayətləri rədd edib; həmin 33 nəfərin prokurorluğa etdiyi müraciətlər də nəticəsiz qalıb, çünki prokurorluq heç bir qanun pozuntusu görmədiyini açıqlamışdı.
Azərbaycanlı hüquq müdafiəçisi Kəmalə Ağazadə isə o zaman qeyd edirdi ki, ölkədə LGBT fərdləri qoruyan anti-diskriminasiya qanunu qəbul edilməyincə məhkəməyə müraciətlər heç bir nəticə verməyəcək.
“Cəmiyyətin LGBT fərdlərin hüquqlarını qorumağı təmin edəcək qanuna ehtiyacı var”, – deyə Ağazadə bildirmişdi.
Onun fikrincə, belə bir qanunun qəbul edilməsi Azərbaycanı artıq bir neçə ildir lideri olduğu “Avropanın ən homofob ölkəsi” imicindən xilas edə bilərdi.
Həmin 2017-ci il dalğasından sonra, AŞ İnsan Haqları Komissarı Nils Mujnieks Azərbaycan Daxili İşlər Nazirinə müraciət edərək saxlanılan LGBT fərdlərə qarşı işgəncə iddialarının araşdırılmasını tələb etsə də, rəsmi cavab mövqeyi bunu rədd etmişdi.
Həmin dövrda Daxili İşlər naziri olan Ramil Usubovun cavab məktubunda “cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların əsassız olduğu” bildirilir, həmin şəxslərin saxlanmasının “ictimai asayişin və təhlükəsizliyin qorunması” məqsədi daşıdığı qeyd edilirdi.
Ümumiyyətlə, rəsmi dairələr iddia edir ki, Azərbaycanda bütün qrupların hüquqları məhdudiyyətsiz təmin olunur və LGBT fərdlərin vəziyyəti Avropanın əksər ölkələrindən fərqlənmir.
Azərbaycanda LGBTQ+ hüquqları
Son baş verən hadisə fonunda Azərbaycanda LGBTQ+ hüquqlarının ümumi mənzərəsi yenidən diqqət mərkəzinə gəlib. Ölkədə eynicinsli münasibətlər 2000-ci ildən dekriminallaşdırılsa da, LGBTQ+ icmasını ayrı-seçkilikdən qoruyan heç bir xüsusi qanun mövcud deyil. Nəticə etibarilə, LGBTQ+-lar təhsil, səhiyyə, məşğulluq və digər sahələrdə hüquqi müdafiədən kənarda qalırlar.
ILGA-Europe təşkilatının hər il tərtib etdiyi “Göy qurşağı indeksi” də bunu əks etdirir: Azərbaycan 49 Avropa ölkəsi arasında sonuncu yeri tutur və artıq 9 ildir ki, ard-arda “ən pis göstərici”li ölkədir.
Bu indeks ölkələrdə LGBT hüquqlarının qanunvericilik və praktikada təmin olunma səviyyəsini ölçür və Azərbaycan illərdir ki, siyahının dibində qərarlaşıb.
Hüquq müdafiəçiləri bildirirlər ki, LGBTQ+-lara qarşı ictimai rəydə mövcud olan mənfi yanaşma və qanun boşluqları hüquq-mühafizə orqanlarına belə qrupları asan hədəfə çevirməyə şərait yaradır.
LGBTİ+ icmasına qarşı reyd