"Meydan TV işi" üzrə məhkəmə prosesi başlayıb: vəsatətlərin əksəriyyəti təmin edilməyib
“Meydan TV işi” üzrə məhkəmə başlayıb
Bakı Ağır Cinayətlər məhkəməsində “Meydan TV” ilə bağlı cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin saxlanma şəraiti, məhkəmənin açıq keçirilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər məsələlərlə bağlı çoxsaylı vəsatətlər qaldırılıb. Məhkəmə vəsatətlərin böyük hissəsini təmin etməyib.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.

Aşağı sıra: Ülviyyə Əli, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Aynur Elgünəş, Aytac Taqdıq, Aysel Umudova
Yuxarı sıra: Ramin Deko, Əhməd Muxtar, Ülvi Tahirli, Nurlan Libre, Şəmşad Ağa, Natiq Cavadlı
Məhkəmə başlayarkən təqsirləndirilən şəxslərin saxlanıldığı şüşə qəfəsin ön hissəsinin Penitensiar Xidmət əməkdaşları tərəfindən bağlanması vəkillərin etirazına səbəb olub. Müdafiə tərəfi bunun məhkəmə zalında şəffaflığa mane olduğunu bildirib.
Hakim Penitensiar Xidmət əməkdaşlarına göstəriş verərək şüşə qəfəsin ön hissəsindən çəkilmələrini, yalnız az sayda qarovulun qalmasını tapşırıb. Bundan sonra zalda əyləşənlər təqsirləndirilən şəxsləri aydın görə biliblər.
Anket məlumatları və çıxışlar
Məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi ilə davam edib.
Jurnalist Aytac Tapdıq bildirib ki, 10 ildən artıqdır “Meydan TV”-də çalışır və çoxsaylı videomateriallar hazırlayıb. O, hakimə müraciətlə bu faktların qərar çıxarılarkən nəzərə alınmasını istəyib.
“Sizin özünüzü etdiklərinizə görə cəzalandıracağıq”, – deyə Tapdıq bildirib.
Jurnalist Natiq Cavadlı çıxışına “İlk öncə bu zalda əyləşən Azərbaycanın böyük ziyalısı Cəmil Həsənlini salamlıyıram” deyərək başlayıb. Onun bu sözləri alqışlarla qarşılanıb. Cavadlı öz ad-soyadını və 2009-cu ildə aldığı mükafatı xatırladaraq “Meydan TV” ilə fəxr etdiyini deyib.
Jurnalist Aysel Umudova faktiki yaşayış ünvanı ilə bağlı suala cavab olaraq deyib:
“Artıq bir ildir Bakı İstintaq Təcridxanasında saxlanılıram”.
Dövlət vəkillərindən imtina
Anket məlumatları dəqiqləşdirildikdən sonra təqsirləndirilən şəxslərdən dövlət hesabına təyin olunmuş vəkillərdən imtina edib-etmədikləri soruşulub. İş üzrə təqsirləndirilən 12 nəfərin hamısı öz seçdikləri vəkillərin olduğunu bildirərək dövlət vəkilindən imtina ediblər.
Vəsatətlər: açıq məhkəmə və azadlıq tələbləri
Vəkillər tərəfindən ardıcıl şəkildə çoxsaylı vəsatətlər qaldırılıb. Vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşdirilməsini tələb edib. Hakim növbəti proseslərdə bunun üçün şərait yaradılmasının mümkün olduğunu bildirib.
“Həmçinin, ölkə üzə çəkiliş aparılan çox sayıda məhkəmə prosesi var. Həm təqsirlənirilən şəxslərin media əməkdaşı olmaları və tanınmış şəxslər olmaları, həm ictimaiyyət üçün maraq kəsb edən məhkəmə prosesinin keçirilməsi, həm də proseslərində video-çəkiliş aparılan digər məhkəmələrin varlığı nəzərə alınsın, jurnalistlərin məhkəmədə iştirak etməsinə və çəkiliş aparılmasına icazə verilsin”, – Sadıqova vəsatətində qeyd edib.
Ülviyyə Əlinin vəkili isə bu vəsatəti dəstəkləyərək deyib ki, o dövlətini çox sevən biridir və istəmir ki, dövlətinin imicinə zərər gəlsin. Bu səbəbdən də məhkəmə proseslərində çəkiliş aparılmasını və bunun yayımlanmasını müdafiə edir.
Dövlət ittihamçısı bu vəsatətə münasibət bildirərkən deyib ki, indiyədək məhkəmədə çəkiliş etmək üçün heç bir jurnalist müraciət etməyib. Bu zaman Nurlan Libre dövlət ittihamçısının sözünü kəsərək soruşub:
“Çöldə jurnasit qalıb ki? Hamısını həbs etmisiniz”.
Sonda bu vəsatət də təmin olunmayıb.
Bununla yanaşı, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, təqsirləndirilən şəxslərin azadlığa buraxılması və ya ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatətlər də qaldırılıb. Bu tələblərin heç biri qəbul olunmayıb.
Aynur Elgünəş vəsatətlərlə çıxış edərək onunla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin məhkəmə müraciəti əsasında çıxarılan “6 aylıq izləmə” sənədini təqdim edib.
“Həmin 6 aylıq müddət tamam olmağa az qalmış həbs olunmuşam və bu sənəd mənim həbsimin siyasi sifarişlə olduğunun sübutudur”.
Aynur Elgünəş bu sənədin cinayət işi materiallarına daxil edilməsini tələb edib və məhkəməyə təqdim edib.
Elgünəş çıxışında həmçinin qeyd edib ki, onun müavinət kartı da bloklanıb.
“Dövlətin ödədiyi müavinətdə nə qaçaqmalçılıq ola bilər ki? Kartımın blokdan çıxarılmasını tələb edirəm”.
İş materialları ilə tanışlıq tələbi
Aynur Elgünəş və Natiq Cavadlının hüquqlarını müdafiə edən Elçin Sadıqov məhkəməyə bildirib ki, vəkillər yekun ittiham aktı ilə tanış olsalar da bu sənədin sürəti onların özünə verilməyib. Həmçinin, işlə tanışlıq üçün vəkillərə çox az müddət verilib və cinayət işi materiallarında yer alan 30 disk və bir neçə flaşkartla vəkillər ümumiyyətlə tanış olmayıb.
Bu səbəblə vəkil işin hələ məhkəmə baxışına qəbul edilməməsi, hazırlıq iclasının təxirə salınması, bu müddətdə vəkillərə onlara təqdim edilməyən cinayət işi materialları ilə tanış olmaları üçün şərait yaradılması üçün vəsatət təqdim edib.
Bu vəsatət də digərləri kimi təmin edilməyib.
Qismən təmin edilən vəsatətlər
Məhkəmə bəzi vəsatətləri təmin edib. Aytac Tapdığın nişanlısı ilə görüşünə və nikah bağlamasına qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı vəsatət qəbul edilib.
Həmçinin Natiq Cavadlı, Ramin Deko və Ülvi Tahirovun Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar çıxarılıb.
Prosesin davamı
Yekunda məhkəmə cinayət işini baxışa qəbul edib. Növbəti məhkəmə iclası 22 dekabr tarixinə təyin olunub.
“Meydan TV işi” üzrə məhkəmə başlayıb