"Euronews" Bakıda nümayəndəlik açır: Yerli jurnalistlər düşünür ki, hökumət bu mediada "təhdid" görmür
“Euronews” Bakıda nümayəndəlik açır
Avropa mərkəzli xəbər kanalı “Euronews” Bakıda nümayəndəlik açaraq ölkədə media quruculuğu və jurnalistika sahəsində fəaliyyətə start verib. Azərbaycanlı müstəqil jurnalistlər bunu hökümətin müstəqil medianı boğmaq siyasətinin davamı kimi görür.
“Euronews”un Bakı ofisinin rəhbəri Fernando Soares bildirib ki, şəbəkənin məqsədi yalnız Azərbaycanın turizm və biznes imkanlarını beynəlxalq auditoriyaya çatdırmaq deyil, həm də milli media sektoru ilə əməkdaşlıq edib jurnalistlər üçün təlimlər təşkil etməkdir.
Hökümətə yaxın resurslar Bakıda keçirilən “Euronews Academy” jurnalistika təlim proqramının açılışı nümayəndəlik fəaliyyətinin bir hissəsi kimi qiymətləndirir. Təlimlərdə televiziya xəbərlərinin hazırlanması, canlı yayım, beynəlxalq standartlara uyğun redaktə və təqdimat texnikaları da işləndiyi deyilir.
Beləliklə, Azərbaycanın media mühiti baxımından bu addım həm beynəlxalq xəbər istehsalında iştirak, həm də yerli jurnalistlər üçün peşəkar resursların artırılması istiqamətində bir fürsət kimi görünür.
“AbzasMedia“, “Toplum TV“, “Meclis.info“, “Meydan TV” kimi müstəqil media quruluşlarına qarşı repressiyanın davam etdiyi mühitdə Avropa mərkəzli “Euronews”un Azərbaycanda nümayəndəlik açması yerli müstəqil jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb.
Bəs müstəqil jurnalistlər bu barədə nə düşünür?
“JAMnews” ölkədə və ölkədən xaricdə yaşayan müstəqil jurnalistlərin bu barədə fikirlərini soruşub.
“JAMnews”un bu materialında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Media təsisçisi: “Bu, “məsləhətli” mediaların Bakıda ofis açmağına şərait yaratmaqdır”

“Mikroskop Media”nın həmtəsisçisi, sürgündə yaşayan jurnalist Fatimə Kərimli düşünür ki, Azərbaycan hökuməti bu medianın Bakı ofisinin fəaliyyətindən narahat olmayacaq:
“Əgər Azərbaycanda müstəqil jurnalistika qalıb deyə soruşanda məhz ölkədə fəaliyyət göstərən mediaları nəzərdə tuturuqsa, müstəqil media qalıb deyə bilmərik. Ölkədə qalan müstəqil jurnalistlər də təəssüf ki, bəlli səbəblərdən əvvəlki kimi fəaliyyət göstərə bilmir. Təkcə yerli medialar yox, eyni zamanda xarici mediaların da Bakı ofisləri bəlli fasilələrlə müxtəlif cür təzyiqlərə məruz qalır. Həmin medialarla işləyənlər də ya təqib olunur, ya da onların Bakı ofislərinin əməkdaşlarının sayının azaldılması tələb edilir. Dəfələrlə hökumət mediasında xarici mediaların Bakı ofisini təhdid kimi təqdim edən materiallar dərc olunub. Belə olan halda “Euronews”un Bakıda ofisinin açılmağı həm də o deməkdir ki, hökumət bu mediada “təhdid” görmür.
Xüsusən də “Euronews”un Azərbaycan Mədəniyyət Nazirliyi ilə də əvvəllər əməkdaşlıq etdiyini, bu mediada Azərbaycanla bağlı dərc olunan materialları Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini nəzərə alsaq, daha çox əmin olmaq olur ki, hökumət bu medianın Bakı ofisinin fəaliyyətindən narahat olmayacaq.
Ümumilikdə proses ona işarədir ki, Azərbaycan hökuməti ölkə daxilindəki istənilən mövzu barədə həm yerli, həm də xarici medialarda materialların nəzarət altında işıqlandırılmasını istəyir. Mediaların fəaliyyətini tam və ya qismən məhdudlaşdırmaq, jurnalistləri həbs etmək kimi, “məsləhətli” mediaların Bakıda ofis açmağına şərait yaratmaq da bu prosesin bir tərkib hissəsidir”.
- Azərbaycanda yeni tendensiya – qadın jurnalistlər də həbs olunur
- Müstəqil jurnalistlər “Media haqqında” qanunun ləğvini tələb edirlər
- Azərbaycan Milli Mətbuatının ən çox jurnalist həbsi ilə qeyd olunan 149-cu ili
Sürgündəki jurnalist: “Peşəkar yanaşma etsələr, addımlarını necə dəyərləndirərdilər?”

Hazırda ölkədən kənarda yaşayan, “OC Media”nın əməkdaşı, müstəqil jurnalist Aytən Fərhadova düşünür ki, “Euronews”un təlimlərində ətrafına çəhrayı eynəklə baxan, müstəqil jurnalistlərin dediklərini yalanlayan şəxslər yetişdiriləcək:
“Onlar həm ofis açır, həm də jurnalistlərə təlim keçəcək. Elə həmin təlim xəbərini görəndə düşündüm ki, ölkədə fəaliyyətini davam etdirən bütün jurnalistləri həbsə atıblar, bir nəfər kimi. Müstəqil jurnalist kimi fəaliyyət göstərmək tamamilə məhdudlaşdırılıb. Öz adı ilə fəaliyyət göstərmək o qədər şeytanlaşdırılıb ki, fəaliyyət göstərənlər də bunu yalnız anonim edə bilirlər. Hazırda Azərbaycanda müstəqil jurnalist fəaliyyəti cinayət kimi qəbul edilir.
Bu xəbəri görəndə ağlıma ilk gələn mühacirətdə fəaliyyət göstərən bizlərə qarşı aparılan kampaniyalar oldu. Hökümətin xoşuna gəlməyən, onun fəaliyyətini tənqid edən materiallar paylaşanda sosial şəbəkələrdə trol hücumlarına məruz qalırıq. İndi bəs kənardan müstəqil görünən “Euronews”un üçün fəaliyyət göstərənlər kimlər olacaq? O təşkil ediləcək təlimlərdə ətrafına çəhrayı eynəklə baxan, müstəqil jurnalistlərin dediklərini yalanlayan şəxslər yetişdiriləcək. Onlar yazacaq ki, “Qeyri-neft sektorundan əldə olunan gəlirlər artdı”, amma bu xəbərin ardında gizlənən məsələlərə toxunulmayacaq. Onlar yazmayacaq ki, istehlak səbəti necə təyin edilir, minimum əməkhaqqı, pensiya nə qədərdir, vətəndaşlar bu məbləğlərlə 1 ay dolana bilərmi və s.
Bir sözlə, göz boyamaqla məşğul olan jurnalistlər yetişdirəcəklər və bu şəxslər biz müstəqil jurnalistlərə qarşı fəaliyyət göstərəcəklər. Sözsüz ki, anti-demokratik, senzuranın zirvələrdə olduğu ölkədə azad sözdən, azad jurnalistikadan danışmaq yersizdir. Azərbaycan artıq xaricdə yaşayan və sadəcə tənqidlə məşğul olan, siyasi ambisiyası olmayan şəxsləri də istintaqa cəlb edərək hədələyir. Bloqerləri ölkəyə gətirməklə təhdid edir və s.
Belə hadisələrin baş verdiyi ölkədə “Euronews” fəaliyyətini ofis şəraitində davam etdirəcək. Mənə maraqlıdır ki, bu qurum öz reputasiyası barədə düşünürmü?
“Euronews”dan soruşuram, öz fəaliyyətlərinə peşəkar yanaşma etsələr atdıqları addımları necə dəyərləndirərdilər?”
Azərbaycanda yaşayan jurnalist: “Bu, ikiüzlülükdür”
Hazırda Azərbaycanda yaşayan və təhlükəsizlik səbəbilə anonim qalmağı seçən jurnalist “JAMnews”a açıqlamasında “Euronews”un Bakı ofisinin rəhbəri Fernando Soaresin mediaya verdiyi açıqlamasına istinad edir:
“O qeyd edib ki, proqram jurnalistlərə hadisələri dəqiqlik və emosional təsir arasında tarazlıq yaratmağı öyrədəcək. Müstəqil jurnalist olaraq hazırda cinayətkar qurum kimi damğaladıqları “Toplum TV”-də də öyrədilən də məhz bu idi. Dəqiq olmaq, manipulyasiya etməmək, ictimaiyyəti yanıltmamaq. Çiyin-çiyinə çalışdığımız jurnalistləri, bizlərə bunları öyrədən müəllimlərimizi peşəkar fəaliyyətinə görə həbsə atıb
hansısa Avropa mediasının ölkədə “müstəqil jurnalistika öyrətməsinə” şərait yaratmaq ikiüzlülükdür.
Mən hazırda fəaliyyətimi davam etdirə bilmirəm. Sevdiyim peşə olan jurnalistika ilə məşğul olmaq qaçaqmalçı kimi istintaqa cəlb edilməyimlə nəticələnəcək, amma “Euronews” təlimlərdə jurnalist yetişdirir. Bu jurnalistlərin fəaliyyət istiqamətlərinin necə olacağını zaman göstərəcək, amma düşünürəm ki, onlar da dövlət TV-lərinin jurnalistlərindən fərqlənməyəcək. Müstəqil jurnalistikanın gələcəyini düşünən dövlət bu fəaliyyətlə məşul olan peşəkarları həbsə armazdı”.
Meydan TV: “Bakıda ofis açmağı bacaran “Euronews” televiziyası kimə məxsusdur?”
“Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb. Yarandığı dövrdən müstəqil fəaliyyət göstərsə də, 2024-cü ildə telekanalın rəhbərliyində dəyişiklik olub. Kanalın yeni rəhbəri Klaus Ştrunz təyin edilib. “Meydan TV” yazır ki, o, Almaniyanın Bild nəşrində sağçı keçmişi ilə tanınır:
“Ştrunz miqrantların əleyhinə yazır, İsrail dəstəkçisi kimi tanınır və hətta Macarıstanın sağçı lideri Viktor Orbanla biznes əlaqələrində ittiham edilir. “Politico” nəşri bildirir ki, Orbanın telekanal üzərində ciddi təsir imkanları mövcuddur. Həmçinin, telekanalın məxsus olduğu əsas şirkət Alpak Kapitalın Macarıstan lideri ilə biznes və yaxınlıq əlaqələri jurnalist araşdırmaları ilə üzə çıxıb.
Mətbuat tənqidçiləri bildirir ki, “Euronews”da baş verən dəyişikliklər onun müstəqilliyini kölgə altına alır. “Euronews” telekanalı son illər Azərbaycanın təbiətini, neft gəlirlərini, iqtisadi vəziyyətini tərifləyən video reportajlar da hazırlayır.
Elə açılış mərasimi zamanı İdarə Heyətinin sədri Pedro Vargasın Azərbaycanla bağlı mövqeyinə görə tənqid olunması da məhz bu səbəbdən irəli gəlir. Fransanın “Le Monde” nəşri Vargasın 2022-ci ildə şübhəli əməliyyatlarla telekanalı Orbana bağlı şirkətə satmasından yazırdı.
Viktor Orban Avropada sağçı və anti-demokratik bəyanatlarıla yadda qalır. O, Azərbaycan prezidenti İlham Əliyevin yaxın dostudur və Avropada qərarvermə zamanı Azərbaycan hökumətinin dəstəkçisi kimi tanınır.
“Politico” nəşrinin təsvir etdiyi kimi, “brutal dəyişikliklərə” məruz qalan “Euronews”un Azərbaycanda müstəqil fəaliyyəti də kölgə altına düşür.
Azərbaycanın Sərhədsiz Reportyorlar (RSF) təşkilatının mətbuat azadlığı indeksində dünyada son yerləri tutması, müstəqil mətbuatı ölkədən sıxışdırıb çıxardığı bir vaxtda, “Euronews”un ölkədə hansı şərtlərdə fəaliyyət göstərəcəyi və müstəqilliyi şübhə altında qalır”.
“Euronews” Bakıda nümayəndəlik açır