Formula-1 yarışmasının Bakıda keçirilməsi ilə bağlı müqaviləni uzadıb. Azərbaycan qran-prisi ən azı 2023-cü ilə qədər davam edəcək. Əvvəlcə müqavilə beş illik imzalanmışdı və 2020-ci ildə bitməli idi.
Formula-1 avtomobil yarışmasının Azərbaycan mərhələsi 2016-cı ildən keçirilir. Hazırkı mövsüm aprelin sonuna təyin edilib.
Hələ 2017-ci ildə növbəti yarış öncəsi təşkilatçılardan biri Nərgiz Arpadarai bildirmişdi ki, “əvvəlcə yarış Azərbaycanın bütün dünya üzrə hazır F-1 auditoriyası arasında təbliğinə və tamaşaçıların ölkəyə turist qismində cəlb edilməsinə hədəflənən biznes layihəsi kimi nəzərdən keçirilirdi”.
Müstəqil iqtisadçı Natiq Cəfərli isə bildirir ki, sadəcə böyük tədbirlərlə ölkəyə turist cəlb etmək mümkün deyil, bunun üçün ciddi addımlar atılmalıdır.
Formula-1 yarışmasının Azərbaycana hər hansı – maliyyə və ya imic baxımından xeyir verib-vermədiyi ətrafında indiyə qədər mübahisələr davam edir. Mübahisə edənlər isə yalnız mütəxəssislər deyil, həm də sadə bakılılardır.
Şəhərlilərin münasibəti
Yarış Bakının mərkəzi küçələrində keçirilir. Buna görə də uzun müddət avtomobil yolları və piyada keçidləri bağlı qalır. Şəhərlilər həmin günlərdə böyük narahatlıq hiss edirlər.Birçox bakılıların Formula-1-i sevməməsinin səbəbi də elə budur və çoxları hər il Azərbaycan qran-prisini kiçik fəlakət kimi gözləyir.
Müqavilənin uzadılması xəbəri sosial şəbəkələrdə belə qarşılanıb:
“Tam xoşbəxtlik üçün bircə bu çatmırdı!”;
“Yolları bağlamasaydılar, qoy lap ömürlük müqavilə imzalasınlar”;
“Bu o deməkdir ki, vergi ödəyicilərinin pulu yenə də mənasız oyunlara xərclənəcək, yenə də on dəfə asfalt dəyişdiriləcək, nəhəng beton plitələrdən qurulan maneələr və sairə, bütün bunların nəticəsi olaraq da həyat səviyyəsi düşəcək”.
Amma daha optimist şərh yazanlar da var:
“İş yerləri açılacaq, mən pis heç nə görmürəm. Otellər turistlərlə dolu olacaq. Mən razıyam!”