Azərbaycanda hökümətin qara yaxanları: "Baku TV", "Report" və Adnan Əhmədzadə
Azərbaycanda hökümətin qara yaxanları
Azərbaycanda hakimiyyətə yaxın media orqanlarının istintaq sirri hesab edilən məlumatları yaydığı, müstəqil medianı hədəfə aldığı və bu media strukturlarının arxasında həbsdə olan neft maqnatı Adnan Əhmədzadənin olduğu üzə çıxıb.
“Meydan TV”-nin araşdırmasında “Baku TV” və “Report” kimi platformaların maliyyələşməsi, idarəçiliyi və qanunsuz informasiyaların dövriyyəyə buraxılması mexanizmini göstərilir.
Azərbaycanda hökumətin birbaşa nəzarətində olan və dövlət tərəfindən maliyyələşdirilən bu media qurumları mütəmadi olaraq müstəqil media orqanlarına və jurnalistlərə qarşı qaralama kampaniyaları aparır. Xüsusilə “AbzasMedia”, “Toplum TV”, “Meydan TV” kimi müstəqil resurslar və onlarla əlaqəli şəxslər hədəfə alınır.
Bu media qurumları ilkin istintaq mərhələsində olan cinayət işləri barədə məlumatlar yayımlayaraq həmin şəxsləri qaçaqmalçılıq kimi ağır ittihamlarla günahlandırır, yalnız istintaq vasitəsilə əldə edilə bilən məlumatları yayımlayır və bununla ittihamları fakt kimi təqdim edirlər. Nəticədə, barələrində cinayət işi gedən müstəqil media nümayəndələri haqqında cəmiyyətdə mənfi rəy formalaşdırılır.
Müstəqil mediaya qarşı taktikalar
Qanunvericiliyə görə, istintaq dövründə bu cür materialların ictimaiyyətə açıqlanması qəti qadağandır. Hətta cinayət işləri üzrə dindirilən şahidlərdən belə “iltizam aktı” imzalatdırılır ki, istintaq sirri kənara sızmasın. Buna baxmayaraq, bəzi televiziyalar və xəbər portalları istintaqın gedişatından əldə etdikləri bilgiləri yaymaqla qanunu pozur. Bu praktika, müstəqil medianı nüfuzdan salmaq və ictimai rəyi istintaqın rəsmi mövqeyi istiqamətində yönləndirmək məqsədi daşıyan bir taktika kimi görünür.
Bu qəbildən reportajlar hazırlayan kanalların başında xüsusi ilə “Baku TV” dayanır. Son dövrlər “Baku TV” yayımladığı süjetlərdə istintaq materiallarına çıxışı varmış kimi müstəqil jurnalistləri müxtəlif cinayətlərdə ittiham edən xəbərlər verir. Belə halların artması fonunda, “Baku TV”-nin kim tərəfindən maliyyələşdirildiyi və kimlərin nəzarətində olduğu sualları aktuallaşıb. Aparılan araşdırma nəticəsində, bu kanalın arxasında gizli nüfuz dairələrinin dayandığı üzə çıxır.
İlk işarə: Tural Müseyibovun “Bolmart”la bağlı iddiaları
“Baku TV”-nin şübhəli əlaqələri barədə ilk ipuclarından biri tanınmış hakimiyyətyönlü jurnalist Tural Müseyibovun çıxışından sonra ortaya çıxıb. Araşdırma zamanı bəlli olub ki, vaxtilə dövlət qurumlarının mətbuat xidmətlərində rəhbər olmuş və hökumətə yaxın jurnalist kimi tanınan Tural Müseyibov, şəxsi yayımında “Bolmart” supermarketlər şəbəkəsi, onun sahibi hesab edilən Adnan Əhmədzadə və “Baku TV” barədə bir sıra iddialar səsləndirib.
Onun sözlərinə görə, geniş supermarket şəbəkəsinə malik “Bolmart”ın valyuta və maliyyə imkanları baxımından Adnan Əhmədzadə ilə əlaqəlidir. Eynilə, ölkədə geniş yayılmış digər supermarket şəbəkəsi “Rahat Market” də qeyri-rəsmi olaraq onun nəzarətindədir.
Tural Müseyibov öz təcrübəsindən konkret bir misal da gətirir. “Baku TV”-də çalışdığı dövrdə, xəbəri olmadan “Bolmart” barədə tənqidi bir reportaj yayımlayıb. Bunun ardınca televiziya rəhbərliyindən ona zəng gəlib və bildirilib ki, “Bolmart” “öz yerləridir” – kanalın arxasında duran təsirli şəxslərin maraqlarına aiddir. Nəticədə reportaj dərhal dayandırılıb. Müseyibov deyir ki, bu hadisə “Bolmart”ın həqiqətən də Adnan Əhmədzadə ilə əlaqəli olmasının göstəricisidir. Başqa sözlə, “Baku TV”-də müəyyən mövzuların toxunulmaz olması, kanalın sahiblik dairəsi barədə şübhələr doğurub.
Bu iddialar ictimai rəydə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan həmin videoda Tural Müseyibov bir tərəfdən hakimiyyətyönlü media cameəsinin daxilində baş verənləri ifşa edir, digər tərəfdən isə “Baku TV”-nin müstəqil olmadığı və müəyyən biznes maraqlarına xidmət etdiyini göstərir. Bu məlumatı təsdiqləmək üçün araşdırmaçı jurnalistlər daha dərindən mövzuya nəzər salıblar.
“Rahat” və “Bolmart”: Şirkətlərin gizli sahibləri
Araşdırma nəticəsində “Bolmart” və “Rahat marketlər şəbəkəsinin mülkiyyəti ilə bağlı maraqlı detalları üzə çıxarmaq mümkün olub. Açıqlanan rəsmi maliyyə hesabatlarına görə, “Bolmart” MMC-nin yeganə səhmdarı “Pro-Mart” MMC adlı şirkətdir. 2022-ci ilin dekabrında “Pro-Mart” MMC-nin təsisçiləri sırasında iki qurumun – “AZ FAST MOVING BUSINESS” MMC və “UNITRADE GROUP” MMC olduğu qeyd edilib. Lakin 2012-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda şirkətlərin səhmdarları və təsisçiləri barədə məlumat kommersiya sirri hesab edilir. Bu səbəblə “Bolmart” və “Pro-Mart”ın arxasında əslində kimin dayandığını rəsmi sənədlərə əsaslanaraq müəyyənləşdirmək mümkün olmayıb.
Bununla belə, dolayısıyla əldə edilən sübutlar Adnan Əhmədzadənin bu market şəbəkələri ilə bilavasitə əlaqəsini göstərir. “Bolmart” şirkətinin rəsmi internet saytında, Naxçıvan filialının açılışı zamanı çəkilmiş fotolarda Adnan Əhmədzadə əsas qonaq kimi görünür. Yəni şirkətin öz təqdimat materialları Adnan Əhmədzadənin “Bolmart”a yaxın olduğunu göstərir. Bundan başqa, hökumətyönlü “Report” İnformasiya Agentliyi də bir xəbərində Adnan Əhmədzadəni “Rahat Market” şəbəkəsi ilə birlikdə təqdim edib. Bu faktlar Əhmədzadənin ölkənin iri supermarket şəbəkələrinin arxasındakı əsas fiqurlardan biri olduğunu deməyə əsas verir.
“Rahat Market” şəbəkəsinin rəsmi saytında qeyd edilir ki, bu marketlər “ANC Group” MMC adlı şirkətə məxsusdur. Kommersiya reyestrində “ANC Group” MMC-nin təsisçisi kimi Adnan Azər oğlu Əhmədzadə göstərilib. Həmçinin paytaxtın elit ticarət mərkəzlərindən biri olan “Port Baku Bazar” marketi də eyni qrupa daxildir. Bundan əlavə, Adnan Əhmədzadə elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri şəbəkəsi olan “CarsCharge” şirkətinin də təsisçisidir. Bütün bu biznes maraqları onu ölkənin pərakəndə ticarət və enerji sektorunda nüfuzlu bir şəxs kimi səciyyələndirir.
Adnan Əhmədzadə: Neft maqnatı və media investorunun qısa portreti
Bu bağlantılar fonunda Adnan Əhmədzadənin kim olduğuna ayrıca nəzər salmaq vacibdir. O, uzun illər Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifələrdə çalışmış, biznes çevrələrində “neft maqnatı” kimi tanınan bir şəxsdir. Sentyabrın 20-i Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi çərçivəsində iqtisadi təhlükəsizliyə qarşı təxribat törətməkdə və xüsusilə külli miqdarda mənimsəmə etməkdə ittiham olunur. Bu ittihamlar sübuta yetirilərsə, onu Cinayət Məcəlləsi üzrə 10 ildən 14 ilədək həbs cəzası gözləyir.
Araşdırmaçı jurnalistlərin iddialarına görə, Adnan Əhmədzadə və ailəsi böyük var-dövlətlərini məhz Azərbaycanın neft sektorundan əldə edilmiş qeyri-rəsmi gəlirlər sayəsində qazanıblar. 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə Əhmədzadə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə də təltif edilib.
Əhmədzadənin media ilə əlaqəsi də diqqətdən yayınmayıb: son hadisələr göstərir ki, onun maliyyələşdirdiyi düşünülən media qurumları vasitəsilə həm öz maraqlarını, həm də hakimiyyətin maraqlarını qorumağa çalışıb.
“Baku TV”-nin sahibi kimdir?
“Baku TV” 2018-ci ildə bloger Orxan Əliəkbər oğlu Məmmədov tərəfindən təsis edilib. Ancaq hal-hazırda kanalın direktoru vəzifəsində telejurnalist Ramin Natiq oğlu Cəfərov (əvvəllər “Space” televiziyasında şöbə rəisi işləyib) göstərilir. Bununla belə, kanalın faktiki idarəetməsi və məzmununa nəzarət Elnur Nazim oğlu Abdullayev tərəfindən həyata keçirilir. Yəni Orxan Məmmədov təsisçi olsa da, “Baku TV”-nin fəaliyyətinə yön verən şəxs Elnur Abdullayevdir.
Rəsmi məlumatlara əsasən “Baku TV” Elnur Abdullayevin rəhbərlik etdiyi “Global Media Group” MMC adlı media holdinqin tərkibinə daxildir. “Global Media Group”un qanuni təmsilçisi kimi də məhz Elnur Abdullayev qeyd olunub. Bu holdinqin nəzdində ölkənin ən böyük media platformalarından ibarət bir şəbəkə formalaşıb. Bu şəbəkəyə aşağıdakı media resursları daxildir:
- Baku TV – onlayn yayımlanan televiziya kanalı;
- Haber Global – Türkiyədə fəaliyyət göstərən telekanal;
- Report.az – xəbər və informasiya agentliyi;
- Media.az – onlayn xəbər portalı;
- Oxu.az – populyar onlayn media resursu;
- Baku.ws – xəbər saytı (əyləncə və gündəm – qarışıq məzmunlu);
- Caliber.az – xüsusi analitik informasiya platforması;
- Kaspi qəzeti – ənənəvi mətbuat nümunəsi olan gündəlik qəzet.
Bu siyahı göstərir ki, “Global Media Group” ölkədə kifayət qədər geniş auditoriyaya malik, müxtəlif formatlı media qurumlarını bir mərkəzdən idarə edir. Belə bir media imperiyasının formal qanuni təmsilçisinin Elnur Abdullayev olması diqqət çəkir.
Keçmiş məmurun kadrı
Elnur Abdullayev, mediada sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınır. Məlumdur ki, 3 avqust 2015-ci il tarixində Ziya Məmmədovun əmri ilə Elnur Abdullayev Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Bu vəzifədən öncə o, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-də baş direktor kimi çalışıb.
Yəni Elnur Abdullayev dövlət idarəçiliyindən gələn və yüksək çevrələrdə əlaqələri olan bir şəxsdir. Maraqlıdır ki, mətbuatda onun Ziya Məmmədovun oğlu Anar Məmmədovla da dostluq əlaqəsi olduğu qeyd edilir. Bu cür əlaqələr, Elnurun mediada nüfuz qazanmasında və böyük layihələri idarə etməsində rol oynamış ola bilər.
Elnur Abdullayev 2020-ci ildə Azərbaycan mediasının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bu mükafat onun hakimiyyət dairələrində nüfuzunu və media sahəsindəki rolunun rəsmi səviyyədə tanındığını göstərir.
Bu nüfuzlu şəxs eyni zamanda Adnan Əhmədzadənin ən yaxın dostlarından biri sayılır.

Orxan Məmmədovun da Adnan Əhmədzadə ilə yaxın şəxsi münasibətlərinin olduğu, hər üç şəxsin – Adnan Əhmədzadə, Elnur Abdullayev və Orxan Məmmədovun bir-biri ilə sıx əlaqədə olduğu onların sosial şəbəkə paylaşımlarından da görünür. Məsələn, Orxan Məmmədov “Instagram” hesabında “Baku TV”-nin uğurlarının görünməyən tərəfində “böyük qardaş” Elnur Abdullayevin dayandığını vurğulayaraq ona təşəkkür edib. Bu da bir daha təsdiq edir ki, “Baku TV” formal olaraq Orxan Məmmədova məxsus olsa da, əsl istiqamətləndirici güc Elnur Abdullayev (və onun timsalında Adnan Əhmədzadə) olub.

Yuxarıdakı faktlar göstərir ki, “Baku TV” ətrafında bir-biri ilə qohum, dost və iş ortağı telləri ilə bağlanan şəxslər cəmlənib. Bu şəxslər – Adnan Əhmədzadə, Elnur Abdullayev, Orxan Məmmədov və digərləri həm biznes, həm də media sferasında ortaq maraqlara malik olan qeyri-rəsmi ittifaq təsiri bağışlayır. Belə ki, bir tərəfdən bu əlaqələr sayəsində iri biznes imperiyaları (market şəbəkələri, enerji şirkətləri və s.) idarə olunur, digər tərəfdən isə mediada ictimai rəyə təsir etmək imkanları əldə edilir.
“Report” agentliyinin susqunluğu və SOCAR bağlantısı
Bu media şəbəkəsinin tərkibindəki resurslardan biri də “Report” informasiya agentliyidir. Özlüyündə müstəqil xəbər agentliyi imici yaradan “Report”, ölkədə və dünyada baş verən hadisələri operativ çatdırdığını iddia edir. Lakin son hadisələr bu agentliyin də tam müstəqil olmadığını göstərib. Xüsusilə, bütün yerli və xarici medianın diqqət mərkəzində olan Adnan Əhmədzadənin həbs xəbəri “Report” agentliyində tamamilə “görünməz” olub – Adnan Əhmədzadənin saxlanılması və barəsində cinayət işi açılması barədə “Report” heç bir məlumat yayımlamayıb. Halbuki bu xəbər ölkə gündəmində geniş yer tuturdu və bir çox digər media qurumları tərəfindən işıqlandırılmışdı. “Report”un susqunluğu, onun Adnan Əhmədzadə ilə əlaqəsindən irəli gələn maraqların təzahürü kimi qiymətləndirilir.
Maraqlıdır ki, hələ “Report” agentliyi yaradıldığı zaman bəzi media orqanlarında onun maliyyə mənbələri barədə iddialar ortaya atılmışdı. Xüsusilə hökumətyönlü qəzetlərdən birində iddia edilir ki, “Report” informasiya agentliyi SOCAR-ın sərmayəsi və dəstəyi ilə təsis olunub. Bu məlumat 2014-cü ildə dərc edilmiş bir araşdırmada da öz təsdiqini tapır.
“Müsavat”ın məlumatına əsasən, SOCAR-ın xaricdəki ticarət qolunun rəhbəri Anar Əliyev “Report.az” saytının əsas sponsorudur. Agentliyin yaradılması ərəfəsində jurnalistlərə rəqabətəgirməz maaşlar təklif edilməsi, ofis və avtoparkın təşkil olunması kimi addımlar da iri dövlət vəsaiti və neft pullarının bu mediaya yönəldiyini göstərir. Əgər “Report” həqiqətən SOCAR və onun nümayəndələri tərəfindən maliyyələşibsə, bu, Adnan Əhmədzadə kimi SOCAR daxilində yüksək vəzifə tutmuş birinin həmin media üzərində təsir imkanlarının olmasını izah edə bilər.
“Report” agentliyinin Adnan Əhmədzadənin həbsi kimi vacib xəbəri görməzlikdən gəlməsi təsadüfi ola bilməz. Əksinə, bu hal ölkənin informasiya məkanında müəyyən güclərin öz maraqlarına uyğun gündəm yaratdığını üzə çıxarır. Adnan Əhmədzadənin mənafeyi tələb edəndə, ona yaxın media orqanları sükutla kifayətlənir; əksinə, rəqib hesab edilən və ya tənqidçi səsə malik müstəqil medianı isə mümkünsə qanunsuz yollarla da olsa, nüfuzdan salmağa çalışırlar.
Biznes, media və hakimiyyət üçbucağı
Yuxarıda sadalanan faktlar Azərbaycanda media müstəqilliyinin qarşısındakı maneələrin sadəcə bir hissəsidir. Bir tərəfdən, iri biznes sahibləri və oliqarxlar rəsmi qanun boşluqlarından və gizlilikdən istifadə edərək ölkənin aparıcı media vasitələrinə nəzarəti ələ keçirirlər. Digər tərəfdən, həmin media qurumları hökumətin siyasi maraqlarına xidmət göstərir, rəqib və tənqidçi səsləri boğmaq üçün istifadə olunur. Nəticədə, ölkədə media, biznes və hakimiyyət arasında qeyri-rəsmi, lakin möhkəm bir ittifaq formalaşıb.
“Baku TV” və “Report”un timsalında görünən odur ki, müstəqil media adı daşıyan bəzi platformalar əslində müəyyən oliqarxların və yüksək vəzifəli məmurların təsir dairəsindədir. Bu təsir bəzən birbaşa maliyyə dəstəyi, bəzən dostluq və şəriklik münasibətləri, bəzən də siyasi himayədarlıq formasında özünü göstərir. Nəticədə, ictimaiyyətə çatdırılan informasiyanın obyektivliyi şübhə altına düşür, istintaq sirrinin qanunsuz yayılması kimi hallar isə cəzasız qalır.
Bu araşdırmada üzə çıxanlar Azərbaycanda media sahəsində islahatlar və şəffaflıq zərurətini bir daha vurğulayır. Media qurumlarının mülkiyyəti və maliyyə mənbələri barədə məlumatların qapalı saxlanması, ictimai nəzarəti mümkünsüz edir və cəmiyyətdə mediaya olan inamı sarsıdır. İstintaq materiallarının qanunsuz sızdırılması isə hüququn aliliyini zədələyərək, ədalət mühakiməsinin gedişatına mənfi təsir göstərir.
Nəticə etibarilə, “Baku TV” və “Report” ətrafında ortaya çıxan gizli əlaqələr və maraqlar şəbəkəsi göstərir ki, Azərbaycanda informasiya mühitinin arxa planında böyük biznes maraqları və siyasi hakimiyyət uzlaşması mövcuddur. Bu cür vəziyyət medianın dördüncü hakimiyyət rolunu oynamaq əvəzinə, müəyyən güc mərkəzlərinin alətinə çevrilməsini nümayiş etdirir.
Müstəqil mediaya qarşı aparılan qaralama kampaniyaları və informasiya manipulyasiyaları isə ölkədə fikir plüralizminə və demokratik dəyərlərə zərbə vurur. Bu problemlərin həlli üçün media sahəsində müstəqilliyin təmin olunması, qanunların bərabər tətbiqi və ictimai nəzarətin gücləndirilməsi vacibdir.
Azərbaycanda hökümətin qara yaxanları
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
  