Reuters agentliyinin məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən ilk neft emalı zavodunun (NEZ) sahibi Maka Asatianinin ailəsinin biznes tərəfdaşı Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vladimir Alekseyevin oğludur.
Bundan əvvəl məlum olmuşdu ki, “Russneft” Rusiya şirkəti yaxın zamanda istifadəyə verilmiş bu zavoda ilk neft partiyasını göndərib. Reuters-in fikrincə, bununla Rusiya ixrac istiqamətlərini genişləndirməyə, eyni zamanda Ukraynada baş verən müharibəyə görə ona qarşı tətbiq olunan Qərb sanksiyalarının nəticələrini aradan qaldırmağa çalışır.
Agentliyin yazdığına görə, əvvəllər neft biznesi ilə Maka Asatianinin oğlu Kaxi Jordaniya məşğul olub. O, 2016–2023-cü illərdə Rusiyada fəaliyyət göstərən “Oil Energy Group” adlı neft ticarəti şirkətinin sahibi olub.
2018-ci ildən Jordaniya Rusiyada neft məhsullarının avtomobil nəqliyyatı ilə daşınması ilə məşğul olan “SDO-Logistik” şirkətinin 25 faizinə sahibdir. Onun tərəfdaşı və “SDO-Logistik”in əsas səhmdarı (51 faiz) isə BKİ-nin birinci rəis müavini, general-leytenant Vladimir Alekseyevin oğlu Sergey Alekseyevdir.
Biznes fəaliyyəti ilə məşğul olmağa başlamazdan əvvəl Sergey Alekseyev məhz həmin “Russneft” şirkətində çalışıb. 2024-cü ilin fevralında isə Alekseyevin oğlunun biznes maraqları Suriyada Rusiyanın hərbi kəşfiyyat bölmələrinə rəhbərlik edən atası ilə birbaşa kəsişib.
2024-cü ilin fevralında Sergey Alekseyev Suriya vətəndaşı Məhəmməd Caber ilə birlikdə Rostov vilayətində meyvə yetişdirilməsi ilə məşğul olan kiçik “Sm-Agro” şirkətini yaradıb. Suriyada Caber qaçaqmalçı və Bəşər Əsəd tərəfdarı olan “Səhra reydçiləri” adlı silahlı qruplaşmanın lideri kimi tanınır.
Bu qruplaşma neft obyektlərini və silahları mühafizə edib, həmçinin Rusiyadan hərbi texnika alıb. Caberin kəsilmiş insan başı ilə poza verdiyi bir fotoşəkil də mövcuddur. O, 2014-cü ildə Rusiya vətəndaşlığı alıb.