"Oktyabrın 4-də keçiriləcək seçkiləri Gürcüstanın düşmənləri dövlət çevrilişi üçün fürsət hesab edəcəklər" — İvanişvilinin açıq məktubu
İvanişvilinin açıq məktubu
2012-ci il seçkilərində “Gürcü Arzusu”nun qələbəsinin 13-cü ildönümü ilə əlaqədar partiyanın fəxri sədri və Gürcüstanın de-fakto rəhbəri Bidzina İvanişvili açıq məktub dərc edib. Məktubda o, hökumətin “daxili və xarici düşmənlərindən” danışaraq bildirib ki, xarici düşmənlər 4 oktyabr bələdiyyə seçkilərini iğtişaşlar və dövlət çevrilişi üçün növbəti fürsət kimi görürlər.
İvanişvili məktubunda Qərb ölkələrini “öz maraqlarına tabeçilik tələb etdiklərini açıq şəkildə etiraf etməyə məcbur qalan, dost və tərəfdaş maskası altında gizlənən xarici qüvvələr” adlandırıb.
O həmçinin “Gürcü Arzusu” komandasındakı “rüsvayçı xəyanəti” də xatırladaraq əlavə edib ki, bu xəyanət ölkənin inkişaf trayektoriyasından çıxarılması və “xarici maraqlara” tabe olan qüvvələrin yenidən hakimiyyətə qayıtması üçün real təhlükə yaradıb.
İvanişvilinin açıq məktubu
“Mənim üçün ən ağır olan odur ki, son illərdə komandamız daxilində açıq xəyanət müşahidə olunur. Bu, təkcə ‘Gürcü Arzusu’nda böhran yaratmadı, həm də gürcü xalqı və ölkəmiz üçün inkişaf trayektoriyasından yayınma və ölkənin xarici maraqlara tabe olan qüvvələrin rəhbərliyi altına qaytarılması kimi real bir təhdid formalaşdırdı.
Keçmişdə bəzi komanda üzvləri qərara almışdılar ki, nüfuzlu xarici qüvvələrə tabe olmaq və ya vətəndaşlarımızın maraqlarını nəzərə almadan şəxsi rahatlıqlarını təmin etmək onlara daha çox fayda gətirə bilər. Biz bu günləri geridə qoyduq! Gürcü xalqının dəstəyi mənə və komandama mübarizə iradəsi verdi, bütün çətinlikləri aşa biləcəyimizə dair inamımızı möhkəmləndirdi”, — İvanişvili məktubunda yazıb.
Onun sözlərinə görə, Gürcüstanın suverenliyinə hücumlar getdikcə daha tez-tez və daha intensiv xarakter alır. Lakin “müəyyən qüvvələr” bunu əvvəlki kimi daxili düşmənlərdən deyil, “xarici qüvvələr”dən qaynaqlandığı üçün etməyə məcbur qalır.
Buna görə də ölkənin qeyri-rəsmi liderinin fikrincə, müxalifət partiyaları və QHT-lər arasında səpələnmiş “agentlər” zəifləyiblər. Amma İvanişvilinin fikrincə, ictimaiyyət yenə də aydın şəkildə başa düşməlidir ki, hansı qüvvələr Gürcüstanı öz maraqlarına tabe etdirməyə çalışır:
“Onlar vətəndaşlarımızı aldatmaq üçün heç bir çətinlik çəkmədən bir tanınmış simanı digəri ilə, bir partiyanı başqası ilə və ya hətta bir telekanalı digərilə əvəz edə bilirlər. Onlar Gürcüstana qarşı fəaliyyət göstərən yeni xarici siyasətçiləri, guya nüfuzlu ekspertləri siyasi səhnəyə çıxara bilərlər. Bunlar artıq yalan üstündə yaxalanmış oxşar səviyyəli şəxsləri əvəz edəcəklər. Artıq bizi aldada bilməyəcəklərini qəbul etmək onlara çətin gəlir”, — Bidzina İvanişvili yazır.
İvanişvilinin qeyd edir ki, gürcü xalqı üçün nüfuz konkret adlar və soyadlar, titullar və ya süni şəkildə yaradılmış siyasətçilər deyil, həqiqətdir.
“4 oktyabrda bizi daha bir sınaq gözləyir: birliyimizi, 1 oktyabr ideallarını, son illərin nailiyyətlərini və qazanclarını qorumaq. Qarşıdakı bələdiyyə seçkilərində daxili və xarici düşmənlər daha bir fürsət görürlər: iğtişaşlar yaratmaq, dövlət çevrilişi etmək və öz məqsədlərini həyata keçirmək.
Getdikcə daha çox insan bu qüvvələrin əsl niyyətlərinə əmin olur, onların dəstəyi isə gündən-günə azalır. Gürcüstanda dövlət institutları isə bu gün heç vaxt olmadığı qədər güclüdür. Onların əlində yalnız bir imkan qalıb: birbaşa dövlətə, deməli, xalqa hücum etmək.
Bu şəraitdə 4 oktyabrda hamıya bir daha göstərmək şansımız olacaq ki, bu gün bizim mübarizəmiz seçkilərə gedib azad seçim etmək, sülh və sabitliyi qorumaqdır. Bu gün bizdə imkan var ki, 2012-ci ildə ‘Gürcü Arzusu’nun qazandığı sülh yolu ilə qələbəni möhkəmləndirək, radikalizmi və qarşıdurmanı keçmişdə qoyaq, inkişaf və rifah uğrunda, yoxsulluğun qəti şəkildə aradan qaldırılması, suverenliyin möhkəmləndirilməsi və ölkənin sülh yolu ilə birləşdirilməsi uğrunda birlikdə mübarizə aparaq!”, — İvanişvili bəyan edib.
İvanişvilinin açıq məktubu