ABŞ-nin Ərdoğana "legitimlik" vermə siyasəti və məqsədləri
ABŞ-nin Ərdoğana “legitimlik” vermə siyasəti
Bu ilin sentyabrında Ağ Evdə görüşən Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşdırılması siqnalı verildi. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak isə “Tramp “cəsarətli addım ataq, Ərdoğana lazım olanı verək” deyib və bu “lazım olan” da silah və ya ticarət deyil “legitimlik”dir” ifadəsi işlədib.

Münasibətlərin normallaşdırılması
Tramp administrasiyasının bu addımı qismən şəxsi münasibətlərə (hər iki lider güclü dövlət adamı obrazı yaradır) əsaslanır, qismən də strateji məna daşıyır. Bu mərhələdə ABŞ qarşısında duran bir sıra əsas məqsədlər var.
ABŞ Türkiyəni Rusiyadan enerji baxımından uzaqlaşdırmaq istəyir. Bunun üçün Vaşinqton Ankaranı Rusiyanın ucuz qazı əvəzinə ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) almağa yönəldir. Bu, Türkiyə üçün daha baha başa gəlir, amma ABŞ-nin məqsədi Rusiyanın qaz satışından əldə etdiyi gəliri azaltmaq və Qara dənizdə Ukrayna strategiyasına dəstək qazanmaqdır.
Müdafiə və ticarət razılaşmaları məsələsində söhbət bundan gedir ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava müdafiə sistemi aldığına görə ABŞ tərəfindən “cəzalandırılmışdı:”: həm F-35 qırıcılarının satışından kənarlaşdırıldı, həm də CAATSA adlı sanksiyalara məruz qaldı.
İndi isə Tramp administrasiyası bu məhdudiyyətləri yumşaltmaqdan danışır. Yəni ABŞ, Türkiyəyə yenidən F-35 təyyarələrinin satışı imkanını açıq saxlayır və “demək olar ki, dərhal” CAATSA sanksiyalarını ləğv edə biləcəyini bildirir.
Bununla yanaşı, Türkiyə ilə ABŞ arasında “Boeing” sərnişin təyyarələri, F-16 döyüş təyyarələri və hətta nüvə enerjisi layihələri üzərində də böyük müqavilələr müzakirə olunur.
Trampın açıqlamasına görə, Ərdoğan hərbi və iqtisadi razılaşmaları “istədiyi kimi” almaq istəyir və ABŞ hazırda buna razılıq verməyə meyllidir.
Regional sabitlik və vasitəçilik
Bu məsələdə ABŞ Türkiyəni faydalı oyunçu kimi görür. Vaşinqton üçün önəmli olan odur ki, Ankara həm Moskva ilə, həm də Qərb ilə danışa bilən nadir ölkələrdən biridir.
- Suriyada: Türkiyənin sərhəd təhlükəsizliyi və oradakı silahlı qruplarla əlaqələri səbəbilə proseslərə təsir imkanı var. ABŞ hesab edir ki, Ankara burada balans yarada bilər.
- Ukraynada: Ərdoğan həm Putin, həm də Qərb liderləri ilə masa arxasına otura bildiyi üçün vasitəçi rolunu gücləndirir. Bu, Qara dənizdə təhlükəsizlik baxımından da vacibdir.
- Qəzzada: bu ilin sentyabrında Ərdoğan bir tərəfdən Putinlə görüşdü, digər tərəfdən Tramp ilə Qəzza müharibəsinin dayandırılması barədə danışdı. Bu, Türkiyənin həm region dövlətləri, həm də ABŞ ilə paralel işləyə biləcəyini göstəricisi sayılır.
ABŞ üçün Türkiyə həm Suriyada, həm Ukraynada, həm də Yaxın Şərqdə “danışıq kanalı” rolunu oynayır. Bu isə Ərdoğana beynəlxalq arenada əlavə legitimlik qazandırır və onun özünü “regional lider” kimi təqdim etməsinə imkan yaradır.
Ticarət və enerji əməkdaşlığı
Bu əməkdaşlıqlar ABŞ-Türkiyə münasibətlərində mühüm yer tutur.
- Qaz anlaşması: İmzalanan müqaviləyə görə, Türkiyə ABŞ-dən 20 il ərzində 70 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Bu, ABŞ üçün böyük satış bazarı, Türkiyə üçün isə enerji mənbələrini şaxələndirmək imkanıdır.
- Nüvə enerjisi: ABŞ Türkiyəyə Rusiyanın Akkuyu nüvə stansiyasından asılılığı azaltmaq üçün “kiçik modul” nüvə reaktorları təklif edir. Yəni məqsəd Türkiyəni Rusiya texnologiyasından uzaqlaşdırmaq və öz nüvə həllərini bazara çıxarmaqdır.
- Strateji məna: Bu addımlar Vaşinqton üçün həm iqtisadi qazanc, həm də geosiyasi üstünlük deməkdir. Türkiyə isə həm Rusiyadan asılılığı azaltmaq, həm də Qərblə münasibətlərini möhkəmləndirmək üçün belə layihələrə açıq görünür.
Türkiyə də bunu qəbul etməklə özünü daha çox Qərbə yaxın göstərir, amma daha bahalı enerji resurslarına üz tutur.
Rəğbət qazanmaq və şəxsi münasibətlər
Bu da ABŞ-Türkiyə münasibətlərində xüsusi rol oynayır.
- Trampın yanaşması: O, tez-tez Ərdoğanı tərifləyir. Məsələn, 2024-cü ildə Suriyada hərbi uğurlarını “2 min illik hədəfin gerçəkləşməsi” kimi qiymətləndirərək onu alqışlamışdı.
- Şəxsi dostluq: Tramp açıq şəkildə deyir ki, artıq Ərdoğanı “dostu” hesab edir. Bu şəxsi münasibət diplomatik danışıqlara da təsir edir – ABŞ Türkiyəyə daha çox etibar göstərir və güzəştlərə gedir.
- Ankara üçün qazanc: Xaricdə bu, Türkiyəyə əlavə diplomatik üstünlük gətirir; daxildə isə Ərdoğan bunu “milli maraqlar uğrunda apardığı uğurlu danışıqlar” kimi təqdim edir və öz legitimliyini möhkəmləndirir.
Siyasətin mümkün nəticələri
Bu siyasət həm qısa, həm də uzunmüddətli bir neçə nəticəyə yol aça bilər:
Qısamüddətli nəticələr
F-35 böhranı uzun müddət ABŞ-Türkiyə münasibətlərində gərginlik yaratsa da, Tramp administrasiyası indi bu məsələnin həllinə işarə edir. Əgər Ankara Rusiya istehsalı olan S-400 sistemlərini kənara qoymağa razı olsa, Türkiyənin yenidən F-35 qırıcılarını alması mümkün ola bilər.
Bununla yanaşı, görüş zamanı artıq 43 milyard dollarlıq, 20 illik LNG (qaz) müqaviləsi təsdiqlənib, həmçinin Boeing təyyarələri və F-16 qırıcılarının alışı ilə bağlı iri razılaşmalar imzalanıb. Bu, ABŞ üçün həm qaz, həm də silah satışlarının artması deməkdir, Türkiyə üçün isə enerji mənbələrinin şaxələndirilməsi, amma daha baha alternativlərə keçid mənasına gəlir.
Görüşün mediada işıqlandırılması da Ərdoğana əlavə imic qazandırıb. Trampın onun haqqında “Suriyada 2 minillik hədəfə çatan lider” kimi danışması Türkiyənin hökumətyönlü mediasında “strateji qələbə” kimi təqdim edilib.
Üstəlik, Tramp və Ərdoğanın Qəzza üzrə sülh planını müzakirə etməsi də Ankaranın özünü bölgədə “aktiv diplomatiya aparan və sülhün əsas oyunçusu” kimi göstərməsinə imkan verdi.
Uzunmüddətli nəticələr
Xaricdən gələn legitimlik dəstəyi ilk baxışda Ərdoğanın hakimiyyətini gücləndirir və daxildə onun nüfuzunu artırır. ABŞ rəsmilərinin yüksək səviyyəli görüşlərə açıq olması Ankaraya həm beynəlxalq tanınma qazandırır, həm də daxildə “böyük güclərlə eyni masadayam” ritorikasını gücləndirir. Bu isə ona ölkədəki avtoritar idarəçilik və repressiyaları kölgədə saxlamaq imkanı verir.
Amma bu yanaşma nə Türkiyə cəmiyyətində, nə də Qərbdə birmənalı qarşılanmır. ABŞ daxilində də tənqidlər güclənir: bəzi demokratlar Tramp-Ərdoğan görüşlərini demokratik dəyərlərin satılması kimi qiymətləndirir, Konqresdə insan haqları ilə bağlı narahatlıqlar daha çox səsləndirilir. Trampın görüş zamanı “seçkiləri saxtalaşdırmağı hamıdan yaxşı bilir” tipli zarafatı isə ABŞ mediası və demokratiya tərəfdarları tərəfindən ciddi qıcıq doğurub.
Uzunmüddətli perspektivdə iqtisadi öhdəliklər də risk yaradır. Türkiyə ABŞ ilə bağladığı böyük həcmli LNG müqavilələri nəticəsində daha bahalı enerji resurslarına keçib. Bu, dövlət büdcəsinə əlavə yük gətirə bilər. Əgər Vaşinqton gələcəkdə daha sərt tələblər qoyarsa, Ankara ilə Kreml arasında münasibətlər gərginləşə, regionda yeni balanssızlıqlar yarana bilər.
Daxili və beynəlxalq legitimliyin balansı
Ərdoğan daxildə legitimliyini əsasən 2018-ci ildən tətbiq olunan mərkəzləşdirilmiş prezidentlik sistemi və seçki nəticələri üzərində qurur. Lakin müxalifətin güclənməsi bu əsasları getdikcə zəiflədir. Hakimiyyətə bağlı media və məhkəmə mexanizmləri müxalifət liderlərini zəiflətmək üçün istifadə olunur: İstanbul meri Əkrəm İmamoğlunun həbsi və CHP daxilində aparılan məhdudiyyətlər bunun bariz nümunəsidir.
İmamoğlunun həbsi və CHP-yə qarşı təzyiqlər
Ərdoğanın əsas rəqibi hesab olunan İstanbulun meri Əkrəm İmamoğlu korrupsiya və “PKK ilə əlaqə” ittihamları ilə həbs edilib. Bu addım yalnız onun siyasi karyerasını təhlükəyə atmadı, həm də Türkiyədə demokratik institutların mövcud durumu ilə bağlı ciddi narahatlıqları gücləndirdi.
Həbslər təkcə İmamoğlu ilə məhdudlaşmadı. Onunla yanaşı, yüzlərlə CHP üzvü və onlarla bələdiyyə rəhbəri barəsində istintaq açıldı. On iki seçilmiş mer – o cümlədən İstanbulda mandat qazanmış rəhbərlər – həbs və ya digər qətimkan tədbirləri ilə üzləşdi. Bu proses ekspertlər tərəfindən uzun illərdir müşahidə olunan “lawfare” – yəni hüququn siyasi silah kimi istifadəsi strategiyasının davamı kimi qiymətləndirilir.
Müxalifət dairələri İmamoğlunun həbsini “siyasi çevriliş” adlandıraraq kütləvi etiraz aksiyaları təşkil etdilər. Beynəlxalq müşahidəçilər də bu hadisəni Türkiyədə demokratiyanın geriyə addımlamasının ən açıq nümunələrindən biri kimi dəyərləndirdi.
Beləliklə, İmamoğlunun həbsi həm daxildə, həm də beynəlxalq səviyyədə Ərdoğan hakimiyyətinin legitimlik böhranını daha da dərinləşdirən kritik hadisəyə çevrildi.
Yeni qanunvericilik dəyişiklikləri və işgəncə iddiaları da cəmiyyətdə ciddi narazılıq doğurur. “Brookings”in araşdırmasına görə, İmamoğlu təxminən 15 milyon seçicidən aldığı dəstəklə “simvolik güc” qazanıb və bu dəstək ölkə üzrə etirazların davam etməsinə səbəb olur.
Ümumilikdə, Türkiyədə legitimlik böhranı müşahidə olunur: Ərdoğan özünü “milli iradənin müdafiəçisi” kimi təqdim etsə də, hakimiyyət iddiası ilə sosial reallıq arasında ciddi uçurum yaranır.
Xaricdə isə Ərdoğan son vaxtlar vasitəçilik təşəbbüsləri və yüksək səviyyəli görüşlərlə mövqeyini gücləndirməyə çalışır. Tramp açıq şəkildə bildirib ki, həm Putin, həm də Zelenski tərəfindən hörmət qazanan az sayda liderlərdən biri Ərdoğandır. Bu cür beynəlxalq tanınma Ərdoğanın diplomatik çəkisini artırır.
Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, xarici legitimlik daxildəki problemləri arxa plana ata bilməz.
“Montaigne” İnstitutunun eksperti Soli Özel qeyd edir ki, Trampın açıq dəstəyi Ərdoğanı müxalifətin “Vaşinqtonun göstərişləri ilə hərəkət edir” ittihamları qarşısında müdafiəsiz qoyur. ABŞ administrasiyası isə “legitimlik” anlayışını daha çox Türkiyənin NATO daxilində rolunun güclənməsi kimi dəyərləndirir və daxili siyasi məsələlərə toxunmur.
Nəticə etibarilə, Ərdoğan beynəlxalq tanınmanı daxildə siyasi üstünlüyə çevirməyə çalışır, lakin bu, eyni zamanda onun avtoritar idarəçilik üsullarına diqqəti daha da artırır.
“Legitimlik” dəstəyinin təsiri: ekspert rəyinə və diplomatik bəyanatlara əsasən
Diplomatik dairələr və ekspertlər ABŞ-nin Ərdoğana “legitimlik” dəstəyi verməsini müxtəlif şəkildə izah edirlər. Türkiyəli analitiklər hesab edir ki, səfir Tom Barrakın “Tramp “cəsarətli addım ataq, Ərdoğana lazım olanı verək” deyib və bu “lazım olan” da silah və ya ticarət deyil “legitimlik”dir” ifadəsi Ərdoğanın əslində xaricdən siyasi təsdiq və dayaqlar axtarmasını göstərib. Müxalifət də bunu “hakimiyyətin legitimliyini yalnız xarici güclərin dəstəyi ilə qoruduğu” kimi təqdim edib.
Lakin Vaşinqton rəsmiləri bu fikri fərqli izah edir. Onların sözlərinə görə, Barrakın dediyi “legitimlik” daxili siyasətə aid deyil, ABŞ-Türkiyə münasibətlərinin strateji əsasda yenidən qurulmasına işarə edir. Onlar bildirir ki, ABŞ üçün əsas hədəf Ankaranı Rusiya təsirindən uzaqlaşdırmaq, enerji asılılığını azaltmaq və NATO içində etibarlı tərəfdaş kimi bərpa etməkdir.
Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu cür “rəsmi legitimlik” dəstəyi Türkiyə cəmiyyətində qarışıq reaksiyalar doğurur.
Bir qisim hesab edir ki, Qərbin bu səssiz dəstəyi beynəlxalq qaydaların və demokratik prinsiplərin nüfuzuna zərbə vurur. Digərləri isə bildirir ki, bu yanaşma ölkə daxilində parçalanmanı daha da dərinləşdirə bilər. Çünki vətəndaşların təcrübəsində, Gürcüstan və Ukraynadan fərqli olaraq, Türkiyədə Avropa inteqrasiyası və demokratik institutlar yox, güclü lider obrazı daha çox ön plana çıxır.
Yekunda, ABŞ-nin Ərdoğana verdiyi legitimlik dəstəyi ona qısamüddətli siyasi güc və özünə inam qazandırsa da, Türkiyənin beynəlxalq nüfuzuna dair suallar açıq qalır.
Analitiklərin fikrincə, bu siyasət uzunmüddətli deyil – o, yalnız Tramp administrasiyasının cari maraqlarına cavab verir. ABŞ öz strateji məqsədlərinə çatdıqdan sonra isə yenidən “dəyərlər siyasəti”nə qayıda bilər. Türkiyə ictimaiyyəti və müxalifət isə əmindir ki, xarici dəstək daxildəki dərin siyasi və sosial problemləri gizlədə bilməz.
ABŞ-nin Ərdoğana “legitimlik” vermə siyasəti
ABŞ-nin Ərdoğana “legitimlik” vermə siyasəti