Türkiyədə azərbaycanlı tələbə terror ittihamı ilə üz-üzədir
Azərbaycanlı tələbəyə terror ittihamı
Azərbaycanlı tələbə və fəal Nanəxanım (Nana) Babazadə terrorda ittiham edilərək İstanbulun Çatalca bölgəsində yerləşən deportasiya mərkəzində saxlanılır. OC Media yazır ki, onun Türkiyədən çıxarılması ilə bağlı məhkəmə qərarı artıq qüvvədə qalsa da, vəkilləri prosesin siyasi motivli olduğunu bildirirlər.

Babazadə iki il əvvəl antropologiya təhsili almaq üçün İstanbul Universitetinə qəbul olunub. Eyni zamanda o, feminist, kuir və tələbə hərəkatlarında, eləcə də heyvan haqları müdafiə aksiyalarında iştirak edib.
Dostlarının sözlərinə görə, onun tez-tez etirazlarda ön sırada görünməsi deportasiya riskini artırıb. 21 avqustda Babazadə işlədiyi vegan kafedə polis tərəfindən saxlanılıb. O, ifadəsində dəfələrlə fiziki zorakılığa məruz qaldığını, soyundurularaq axtarış edilməsinə qarşı çıxdığı üçün döyüldüyünü deyib. Tibbi müayinələrdə bədənində göyərmələr və şişkinliklər qeydə alınıb.
Deportasiya mərkəzində şərait
Vəkillərinin sözlərinə görə, Babazadə ilk günlər paltar geyinməsinə icazə verilmədən saxlanılıb, dərmanları və yeməyi verilməyib. O, dörd gün sonra vəkillə görüşə bilib.
Daha sonra ona kəşfiyyat əməkdaşları yaxınlaşaraq digər fəallar barədə məlumat verməsi müqabilində azadlığa buraxılmağı təklif ediblər. Babazadə imtina etdikdə yenidən zorakılıqla üzləşdiyini bildirib.
Ona qarşı Türkiyə qanunvericiliyində “xarici terrorçu döyüşçülərə” tətbiq edilən G89 kodu ilə deportasiya işi açılıb. Vəkil Ahmet Baran Çelik bunun əslində İŞİD və digər radikal qruplarla bağlı şəxslərə tətbiq edilməli olduğunu, lakin tez-tez hüquq müdafiəçilərinə qarşı da istifadə edildiyini deyir.
Deportasiya mərkəzləri ilə bağlı tənqidlər
Türkiyədə deportasiya mərkəzləri ağır şərait və hüquq pozuntuları ilə tanınır. 2024-cü ildə jurnalistlərin apardığı araşdırmada bu mərkəzlərdə məcburi “könüllü geri dönüş” sənədlərinin imzalatdırıldığı, işgəncə və alçaldıcı rəftar halları olduğu göstərilib.
Avropa İttifaqının isə milyonlarla avro maliyyə ayıraraq bu sistemə dolayısı ilə dəstək verdiyi bildirilir.
Babazadə dəfələrlə Azərbaycana “könüllü qayıdış” sənədini imzalamağa məcbur edilib, amma imtina edib. O, Azərbaycanda həyatının təhlükədə olduğunu, hətta ailəsinin bəzi üzvlərindən ölüm təhdidləri aldığını bildirib.
2024-cü ildə də oxşar bir hadisə baş verib. Türkiyədə yaşayan azərbaycanlı kuir aktivist Əli Məlikov 25 noyabrda qadınlara qarşı zorakılığa etiraz aksiyasına qoşulduğu üçün saxlanılıb, müxtəlif polis bölmələrində və deportasiya mərkəzlərində saxlanıldıqdan sonra “könüllü geri dönüş” sənədini imzalayıb və Azərbaycana göndərilib.
Babazadənin vəkillərinin deportasiya qərarına qarşı verdiyi ilk apellyasiya 11 sentyabrda məhkəmə tərəfindən rədd edilib. Yeni müraciət hazırlanır, lakin vəkillərin sözlərinə görə, onun qəbul olunma ehtimalı çox azdır.
Azərbaycanlı tələbəyə terror ittihamı