Gürcüstan, Aİ və 50 ölkə Rusiyanın NATO hava məkanını pozmasını qınadı
Rusiya NATO-nun hava məkanını pozub
Gürcüstan 50 ölkənin və Aİ-nin Rusiyanın NATO hava məkanını pozması ilə bağlı bəyanatına qoşulub. Bəyanatda Rusiyanın beynəlxalq hüququ, eləcə də qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünü pozması qətiyyətlə pislənilir.
22 sentyabrda Estoniyanın müraciəti ilə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Rusiyanın NATO üzvü dövlətlərin hava məkanını pozması ilə bağlı təcili iclası keçirilib.
İclasdan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Gürcüstan da daxil olmaqla 50 ölkə adından birgə bəyanatı oxuyub.
Bəyanata imza atan ölkələr arasında ABŞ, Böyük Britaniya, Ukrayna, Yaponiya, Türkiyə, Koreya Respublikası, Almaniya, Fransa, İtaliya, Çexiya, Norveç və digərləri var.
Bəyanatda deyilənlər
“19 sentyabr 2025-ci il tarixində üç silahlı Rusiya MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. Onlar NATO ərazisi üzərində 12 dəqiqə qalıb, Estoniya hava məkanına daxil olaraq ölkənin suveren ərazisi üzərindən təxminən 100 kilometr uçublar.
Bu təhlükəli eskalasiya Rusiyanın bu il Estoniyanın hava məkanını pozmasının artıq dördüncü halıdır. Üç silahlı qırıcı eyni vaxtda Estoniyanın hava məkanını pozub və NATO və Aİ üzvü ölkənin paytaxtı Tallindən cəmi bir neçə dəqiqəlik məsafədə olub.
Biz bu gün buraya toplaşmışıq, çünki bu insident yalnız Estoniyaya deyil, bütün beynəlxalq ictimaiyyətə aiddir. Estoniyanın ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulmasından qısa müddət əvvəl Rusiyaya məxsus pilotsuz uçuş aparatları Polşanın və Rumıniyanın hava məkanını pozmuşdu. Bu, Rusiyanın qonşularına qarşı təxribatçı davranışının bir hissəsidir. Təhlükəsizlik Şurasının daimi üzvü Ukraynaya qarşı genişmiqyaslı işğalını davam etdirir.
Rusiyanın məsuliyyətsiz addımları təkcə beynəlxalq hüququ pozmur, həm də regionu son illərdə olmadığı qədər münaqişəyə yaxınlaşdıraraq destabilizasiyanı dərinləşdirir. Belə təxribatlar mahiyyət etibarilə beynəlxalq ictimaiyyətin Rusiya-Ukrayna müharibəsinə son qoymaq və beynəlxalq hüquq normalarına uyğun olaraq sülh və sabitliyi bərpa etmək üçün göstərdiyi kollektiv və fasiləsiz səylərə açıq hörmətsizlikdir.
Biz bu fürsətdən istifadə edərək Rusiya Federasiyasını bir daha Ukraynaya qarşı aqressiv müharibəni dərhal dayandırmağa və BMT Nizamnaməsindən irəli gələn öhdəliklərini yerinə yetirməyə çağırırıq. Rusiyanı bütün təxribatları və qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünə yönəlmiş təhdidləri dayandırmağa səsləyirik.
Beynəlxalq ictimaiyyət suverenlik və ərazi bütövlüyü prinsiplərinin, habelə mübahisələrin sülh yolu ilə həlli prinsipinin müdafiəsini qətiyyətlə tələb etməlidir.”
13 sentyabrda BMT Təhlükəsizlik Şurası həmçinin Rusiyaya məxsus döyüş pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozmasına həsr olunmuş iclas keçirib. Bu, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri NATO üzvü olan bir dövlətin öz ərazisində pilotsuz uçuş aparatlarını vurduğu ilk hal olub.
Çexiya Prezidenti Petr Pavel Rusiyanın NATO hava məkanını pozmasını “son dərəcə məsuliyyətsiz” adlandırıb və alyans üzvü dövlətlərin buna hərbi tədbirlər də daxil olmaqla, müvafiq şəkildə cavab verməli olduğunu bildirib.
Rusiya NATO-nun hava məkanını pozub