Adnan Əhmədzadənin həbsi: Moskva izi, yoxsa qlobal enerji qalmaqalının qurbanı?
Adnan Əhmədzadənin həbsi
Sabail rayon məhkəməsi keçmiş SOCAR yüksək vəzifəlisi Adnan Əhmədzadə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizlik Xidmətinin istintaqı çərçivəsində ona qarşı iqtisadi təhlükəsizliyə zərər vermək məqsədilə təxribat və böyük həcmdə mənimsəmə ittihamları irəli sürülüb.
Rəsmi ittiham aktı hələ ictimaiyyətə açıqlanmayıb, bu səbəbdən mediada işin detalları barədə bir sıra spekulyasiyalar səsləndirilir.

“Azeri Light” qalmaqalı
Bu ilin yayında Avropanın emalçılarında Azərbaycanın “Azeri Light” xam neftində üzvi xlorid çirklənməsinin aşkar edilməsi dünya neft bazarlarında təlatüm yaradıb. Avstriya neft şirkəti OMV monitorinq zamanı bu çirklənməni gördüyünü açıqlayıb. İtaliyanın Eni şirkəti də sistemlərində xlorid izi aşkar edildiyini bildirib.
“Reuters”in məlumatına görə, bu hadisə nəticəsində “Azeri Light”ın qiymət diskontu tarixin ən aşağı səviyyələrindən birinə düşmüş, yükdaşımalarda bir neçə günlük gecikmələr yaranmışdı.
BP (BTC kəmərinin operatoru) isə yay sonunda yaydığı açıqlamada qeyd edib ki, xlorid çirklənməsi aşkarlanan yüklər müqavilə şərtlərinə uyğun yoxlanılır, ancaq ixrac ötürmələri davam etdirilir. Belə ki, son məlumatlara görə, iyulda xlorid aşkarlanandan bəri BTC terminalından altı tankerlik yükləmə həyata keçirilib və SOCAR BP ilə birlikdə ixrac olunmağa yararsız nefti emal edib.
Azərbaycandan Rumıniyaya gedən yük partiyalarında çirklənmə olduğunu öyrənən OMV Petrom şirkəti etiraz edərək partiyaları qəbul etməmişdi. Daha sonra bildirilmişdi ki, çirklənmənin mənbəyini araşdırmaq üçün müvafiq orqanlarla əməkdaşlıq edilir.
Ümumilikdə, hələlik xlorid çirklənməsi müstəqil təhlükəsizlik yoxlamaları zamanı aşkar olunub və onun səbəbi açıqlanmayıb. Mətbuat xəbər verir ki, Birləşmiş Krallığın BMGC nüfuz göstəricisinə uyğun olaraq, çirklənmə Azərbaycan neftinə “dörd illik ən aşağı” diskont gətirib. Ancaq BP-nin bəyanatından görünür ki, BTC kəməri cari tələblərə uyğun fəaliyyətə davam edir.
Moskva izi iddiaları
Bu xlorid qalmaqalı fonunda bir sıra beynəlxalq mediada iddia olundu ki, Rusiya məqsədyönlü sabotaj həyata keçirə bilər. Məsələn, “OC Media” portalı yazıb ki, Rumıniya Rusiyanın neftə çirkləndirici maddə qatdığı ehtimalını araşdırır. Rəsmi Buxarest bunun bir “hibrid müharibə əməliyyatı” ola biləcəyini dəyərləndirir. Azərbaycan hökuməti və BP isə hələ də sözügedən ittihamları rəsmi olaraq təsdiqləməyib.
Həbsindən sonra Bakıda bəzi yerli media quruluşları isə işin səbəbini Əhmədzadə ilə əlaqələndirirlər. Əsas olaraq onun uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışması, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınması göstərilir.
Məsələn, “Yeni Müsavat” portalı yazır ki, onun həbsi məhz “Azeri Light” neftinin digər xam neftlərlə qanunsuz qarışdırılması ilə bağlıdır.
Bu iddialar ona qarşı iri həcmli mənimsəmə və iqtisadi təhlükəsizlik üçün təhdid yaratmaqda təqsirləndirilməsi ilə əsaslandırılır (DTX istintaqına istinadən).
Bütün bu məlumatlar hələ rəsmi sübutlarla təsdiqlənməyib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti açıq şəkildə iqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda mənimsəmə ittihamı irəli sürüb, lakin konkret qarışdırma sxemlərinin detalları hələ açıqlanmayıb.
Mənbə “Əhmədzadənin əməlini” təxribat kimi qiymətləndirir və hətta “dövlətə xəyanət” ittihamı ehtimalının da olduğunu yazır.
Media yazır ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesablarının da bloklandığı deyilir.
İqtisadi nəticələr və SOCAR-ın imici

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Adnan Əhmədzadənin işi ilə bağlı səslənən ittihamlar SOCAR-a həm iqtisadi, həm də imic baxımından ciddi zərbə vurub.
Onun sözlərinə görə, Azərbaycanın uzun illər ərzində beynəlxalq enerji bazarında qazandığı “sabit və etibarlı tərəfdaş” imici bu qalmaqal nəticəsində müəyyən dərəcədə zədələnib.
Ekspert bildirir ki, əsas suallardan biri laboratoriyaların və nəzarət mexanizmlərinin fəaliyyətinə aiddir:
“Əgər dövlət şirkətinə aid obyektlərdə belə bir hadisə baş veribsə, o zaman nəyə görə laboratoriyalar vaxtında analizlər aparmayıb və problemi aşkar etməyib?”
Cəfərlinin sözlərinə görə, qalmaqal yalnız SOCAR üçün deyil, həm də Azərbaycanın enerji etibarlılığı imici üçün risk yaradıb. Rumıniya və İtaliyanın bir neçə emal zavodunun müvəqqəti olaraq Azərbaycan neftindən imtina etməsi, eləcə də Qazaxıstanın iki ay ərzində Bakı üzərindən tranziti dayandırması bu zərərin qlobal miqyasını göstərir.
“Bundan sonra “Azeri Light” yüklərinin daha ciddi şəkildə sertifikatlaşdırılması tələb olunacaq ki, bu da əlavə xərclərə səbəb olacaq. Biznes dünyasında bu cür hadisələr tez unudulmur və illərlə xatırlanır”.
Onun sözlərinə görə, dəqiq rəqəmlər istintaqın nəticələrindən sonra bəlli olacaq. Lakin beynəlxalq medianın məlumatına əsasən, SOCAR-ın təxminən 450-500 milyon dollar həcmində ziyana düşdüyü bildirilir.
Adnan Əhmədzadə kimdir?

Adnan Əhmədzadə 1978-ci il təvəllüdlü azərbaycanlı biznesmen və keçmiş SOCAR rəhbəridir. Uzun illər SOCAR-ın müxtəlif struktur bölmələrində işləyib, 2019-cu ildə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti müavini təyin olunub. Onun karyerası belədir:
- 1998-2005: SOCAR-ın Xarici İqtisadi Əlaqələr Departamentində (sonralar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) ixrac əməliyyatları üzrə ekspert.
- 2005-2006: “Azərtrans” MMC-nin baş direktoru.
- 2006-2019: SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələr – o cümlədən Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini, Ticarət əməliyyatları şöbəsinin rəhbəri, İqtisadi Əməliyyatlar müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010-2019).
- 2018: SOCAR Trading şirkətinin icraçı direktoru.
- 2019: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.
- 2015: Azərbaycan Prezidenti sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
- 2023: “ABDA Invest Holding”in təsisçisi və sədri, eyni zamanda Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti olub.
Bu təyinatlar göstərir ki, Əhmədzadə Azərbaycan neft sektorunda aparıcı rol oynamış, dövlət strukturları tərəfindən etibar edilən şəxslərdən biridir. 2015-ci ildə ona ölkənin inkişafı naminə verdiyi xidmətlərə görə “Tərəqqi” medalı təqdim olunması dövlət, əslində isə birbaşa İlham Əliyev səviyyəsində tanınmanı və yüksək qiymətləndirməni göstərir.
İdman və beynəlxalq əlaqələr

Əhmədzadənin nüfuzu yalnız enerji sahəsi ilə məhdudlaşmır – o, şou-biznes və idman dünyası ilə əlaqələrinə görə də tanınır. Məlumata görə, dünya şöhrətli futbolçularla yaxın münasibətlər qurub.
2024-cü ildə tanınmış futbolçu Lionel Messi Azərbaycana səfər edərkən onunla “ailəvi dostluğu” mövzusunda yayılan foto sosial mediada geniş əks-səda doğurmuşdu. “Milli.az” yazır ki, Əhmədzadə Messinin Bakı səfərini təşkil etməkdə “mühüm rol” oynayıb. Eyni zamanda, braziliyalı ulduz Ronaldinyo və “Barselona” klubunun prezidenti Joan Laporta da onun təşəbbüsü ilə Bakıya gəliblər.
Bu cür tədbirlər Azərbaycanın beynəlxalq aləmdə imicini yüksəltmək niyyətinin bir hissəsi kimi qəbul edilir. Nəticədə, yerli mətbuat Əhmədzadəni həm “futbol dünyasına yaxın adam”, həm də ölkənin nüfuzunun yüksəlməsinə töhfə verən şəxs kimi təqdim edir.
Daxili siyasi mesaj, yoxsa qlobal enerji qalmaqalının qurbanı?
Azərbaycanın siyasi idarəçilik sistemində çoxdan müşahidə olunan bir reallıq var: ölkədə prezident İlham Əliyevin icazəsi, razılığı və nəzarəti olmadan yüksək vəzifəli şəxslərin istənilən əlaqəsi, əməkdaşlığı, hətta gizli fəaliyyətlərə qoşulması belə mümkünsüz görünür. SOCAR kimi strateji bir qurumun rəhbər heyətində uzun illər çalışmış Adnan Əhmədzadənin bu cür ağır maddələrlə ittiham olunması təsadüfi sayıla bilməz.
Bu, iki ehtimaldan xəbər verə bilər:
Xəyanət versiyası. Əgər ittihamlar gerçəkləşərsə, bu, prezident və ailəsinə yaxınlığı istisna olunmayan bir şəxsin “xəyanəti” kimi təqdim edilə bilər. Bu halda, məsələ yalnız iqtisadi yox, siyasi sədaqət müstəvisində də dəyərləndirilməlidir.
Qurban versiyası. Əgər məsələ həqiqətən də “Azeri Light” qalmaqalı və Rusiya izi ilə bağlıdırsa, o zaman Əhmədzadə beynəlxalq qalmaqalın siyasi və iqtisadi nəticələrini “ört-basdır etmək” üçün seçilmiş qurban obrazıdır.
Azərbaycan təcrübəsində icra başçılarının, nazirlərin və digər yüksək məmurların korrupsiya ittihamları ilə həbs olunub bir neçə ildən sonra azad edilməsi nümunələri çoxdur. Bu praktikanın Əhmədzadə işində də təkrarlanması ehtimalı az deyil.
Eyni zamanda, İlham Əliyev üçün sadiqlik əsas meyardır. Əgər Əhmədzadə siyasi rəhbərliyə sədaqətini qoruyub saxlayırsa, həbsdən sonra onun üçün daha yüksək statuslu və ya maddi təzminat xarakterli “mükafat” ehtimalı da mümkündür. Çünki indiyədək Əliyev ailəsinə yaxın şəxslərin tamamilə kənarlaşdırıldığı hallar çox nadir olub.
Beləliklə, Adnan Əhmədzadənin taleyi həm Azərbaycanın daxili siyasi idarəçilik mexanizmlərinin, həm də ölkənin Rusiya ilə münasibətlərinin və beynəlxalq enerji bazarındakı mövqelərinin mühüm göstəricilərindən birinə çevrilib.
Adnan Əhmədzadə işi hələlik araşdırma mərhələsindədir və bütün iddialar ehtimal xarakteri daşıyır.
Hələ ki nə Bakı, nə də Moskva Əhmədzadə barədə səsləndirilən bu iddiaları rəsmi olaraq təsdiq və ya təkzib etməyib. İstintaqın nəticəsi və ictimaiyyətə təqdim olunan rəsmi məlumatlar gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.
Hal-hazırda qalmaqalın geniş rezonans alması, sadəcə, ehtimallar üzərində aparılan müzakirələrə yol açır. Bunun da səbəbi Azərbaycan-Rusiya münasibətlərində hökm sürən gərginliklə əlaqədardır.
Adnan Əhmədzadənin həbsi