Mövqe: "Ermənistan və Azərbaycan artıq Amerika Sİ layihələrinin bir hissəsidir, Gürcüstan isə imkanları itirir"
Gürcüstan, Ermənistan və Azərbaycanda süni intellekt
8 avqustda Vaşinqtonda sülh sazişini ratifikasiya edən Ermənistan və Azərbaycan eyni zamanda ABŞ-ın süni intellekt sahəsindəki təşəbbüslərinə də qoşuldu. Gürcü jurnalist Qvantsa Kvinikadzenin fikrincə, Gürcüstan üçün bu cür strateji imkanlar hələlik əlçatmaz olaraq qalır.
Gürcüstanda bir çoxları hesab edir ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda imzalanmış sülh sazişi
Gürcüstanın mühüm regional proseslərdən faktiki olaraq kənarda qalması deməkdir.
Bunun səbəblərindən biri də barışığın İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtondakı yeganə uğuru olmamasıdır.
Həmçinin qonşu ölkələrin tamamilə başqa, amma kifayət qədər əhəmiyyətli sahədə irəliləməsinə imkan verəcək digər sənədlər də imzalanıb.
Söhbət ABŞ-la Azərbaycan və ABŞ-la Ermənistan arasında imzalanmış, süni intellekt sahəsində ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumlarından gedir.
Sİ yeni geosiyasi bölücü kimi
Vaşinqtondakı tarixi görüş zamanı və ondan dərhal sonra Gürcüstanda sülh sazişinin detalları, onun regional təhlükəsizliyə təsiri, nəqliyyat kommunikasiyalarının və ticarətin açılması hesabına yeni reallığın yaranma perspektivləri geniş müzakirə olundu.
Lakin süni intellektlə bağlı memorandumlar demək olar ki, diqqətdən kənarda qaldı.
Halbuki məhz Sİ artıq dünya geosiyasi düzənini dəyişir, böyük dövlətlərin ticarət və tarif siyasətini müəyyənləşdirir və milli təhlükəsizliyin əsas mövzularından birinə çevrilir.
Bunun ən bariz nümunəsi isə Ukraynadakı müharibədir. Hətta pilotsuz uçuş aparatlarının tətbiqi belə süni intellektin çevikləşdirici gücünü nümayiş etdirdi.
Gürcüstanda bir çoxlarına bu mövzu ikinci dərəcəli görünsə də, Ermənistan və Azərbaycan strateji cəhətdən düzgün addım ataraq ABŞ-la Sİ sahəsində əməkdaşlıq etməklə innovasiya və təhlükəsizlik üzrə regional proseslərin bir hissəsinə çevrilirlər.
Qonşularımız yaxşı anlayırlar ki, süni intellekt investisiyaların cəlbi, yeni iş yerlərinin yaradılması, ən müasir texnologiyaların tətbiqi və ekspert biliklərinin toplanması baxımından böyük imkanlar açır.
Amma məsələ təkcə iqtisadiyyatda deyil.
Son illərdə Sİ-nin sürətli inkişafı ABŞ və Çin arasında rəqabəti misilsiz dərəcədə kəskinləşdirib. Bu “gizli yarış” artıq açıq-aşkar geosiyasi xarakter alır və dünyada yeni bölünmə xətləri yaradır.
Soyuq müharibə dövründə olduğu kimi, dünya iki düşərgəyə bölünüb. Bir tərəfdə ABŞ-la bağlı demokratik və zəngin ölkələr (Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Tayvan, Səudiyyə Ərəbistanı və başqaları), digər tərəfdə isə Çinin ətrafında birləşmiş BRİKS və inkişaf etməkdə olan dövlətlər dayanır.
Bu bölünmə yalnız ideoloji deyil. O, texniki standartlara, dövlət tənzimləməsinə, infrastruktura və müxtəlif fəlsəfi modellərə əsaslanır.
Texnologiyaların mübadiləsi və ya ötürülməsi etimad və təhlükəsizlik tələb edir ki, bu da gələcəkdə bölünmə xətlərinin daha da kəskinləşəcəyi deməkdir.
Niyə bu önəmlidir
Aydındır ki, böyük investisiya, yüksək ixtisaslı mütəxəssislər və ən müasir texniki vasitələr tələb edən bu sektorun xüsusiyyətlərini nəzərə alsaq, bu razılaşmalar ilk növbədə Amerika texnologiya nəhənglərinə sərfəlidir.
Azərbaycan, Ermənistan və belə bir imkan yaranacağı halda Gürcüstan yalnız öz ərazilərini, infrastrukturunu və müəyyən dərəcədə ixtisaslı kadrlarını məlumat emalı mərkəzlərinin tikintisi üçün təklif edə bilərlər.
Bu isə ilk baxışdan göründüyü qədər cəlbedici olmayan perspektiv deyil. Bu, 20-ci əsrin sonlarında Qərb şirkətlərinin inkişaf etməkdə olan ölkələrdə müəssisələr açması təcrübəsindən əsaslı şəkildə fərqlənir.
Bu gün Amazon, Meta, OpenAI, Google, Anthropic və digər böyük şirkətlər məlumat emalı mərkəzlərini əsasən ABŞ-da inşa edirlər (dünyadakı bütün Sİ mərkəzlərinin 51%-i ABŞ-da, 17%-i Çində, 15%-i isə Avropadadır).
Bunun bir neçə səbəbi var:
- Dövlət tənzimlənməsi – ABŞ-da qanunvericilik və normativ aktlar Sİ ilə məşğul olan şirkətlər üçün daha az sərtdir;
- Tariflər – ucuz torpaq və enerji resursları. Məlumat emalı mərkəzləri əsasən bu şərtlərə uyğun ştatlarda tikilir;
- İnsan və intellektual resurslar – yüksək ixtisaslı mühəndislər, proqramçılar, tədqiqatçılar və istedadlı tələbələr əsasən ABŞ-da yerləşir;
- Təhlükəsizlik – daxili və xarici rəqabətin son dərəcə yüksək olduğunu nəzərə alsaq, məlumatların (o cümlədən şəxsi məlumatların), infrastrukturun və iş proseslərinin fiziki və kibermüdafiəsi, o cümlədən casusluqdan qorunması birinci dərəcəli əhəmiyyət daşıyır.
Bununla belə, məlumat emalı mərkəzlərinin başqa ölkələrdə və ya qitələrdə inşası da mühüm üstünlüklərə malikdir.
Xüsusilə coğrafi “paylanma” texniki baxımdan əhəmiyyətlidir, çünki bu, son istifadəçinin xidmətlərə çıxışı üçün lazım olan vaxtı azaldır.
Bundan əlavə, bir çox dövlətlər məxfi məlumatların ölkə daxilində saxlanılmasını tələb edir ki, bu da məlumat suverenliyi prinsipini qoruyur.
Eyni zamanda, bahalı infrastrukturun başqa ölkədə qurulması şirkətin həmin ölkəyə (və ya bütöv regiona) marağının göstəricisidir. Yerli dövlət və ya özəl qurumların etimadının qazanılması ilə yanaşı, bu, əməkdaşlığın genişlənməsi perspektivini də yaradır.
Məlumat emalı mərkəzləri artıq yüksək təhlükəsizlik tələb edən kritik infrastruktur hesab olunur.
Beləliklə, regionun təhlükəsizliyi üçün əvvəllər neft və qaz kəmərlərinin oynadığı funksiyanı süni intellekt dövründə məhz bu mərkəzlər icra edəcək.
Ermənistan – praktiki irəliləyişlə, Azərbaycan – strateji baxışla
29 avqustda ABŞ Dövlət Departamenti imzalanmış memorandumların mətnlərini dərc edib.
Onlardan aydın olur ki, Azərbaycanla əməkdaşlıq strateji səviyyədə planlaşdırılır, çünki ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması üzərində işləyəcək işçi qrupun yaradılması nəzərdə tutulur.
Artıq xartiyanın üç əsas istiqaməti müəyyənləşdirilib, onlardan biri “iqtisadi investisiyalar, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur” olacaq. Daha dəqiq detalların təxminən yarım ildən sonra açıqlanacağı gözlənilir.
Ermənistanla imzalanmış “Süni intellekt və yarımkeçiricilər sahəsində innovasiya tərəfdaşlığı haqqında” memorandum isə olduqca spesifikdir və tamamilə fərqli məna yükü daşıyır.
Bu sənəd yalnız texnologiya sahəsində əməkdaşlıqla məhdudlaşmır, daha geniş məsələləri əhatə edir.
Xüsusilə, Ermənistan və ABŞ arasında süni intellekt və yarımkeçiricilər sahəsində tam əməkdaşlığın qurulması ilə yanaşı, bu memorandum ixrac nəzarəti mexanizmlərinin tətbiqini də nəzərdə tutur.
ABŞ bunun təmininə çalışacaq, Ermənistan isə öz növbəsində süni intellekt sahəsinin və onun məhsullarının, həmçinin təchizat zəncirlərinin təhlükəsizliyini təmin edəcək etibarlı yarımkeçirici ixrac mexanizmlərinin yaradılmasını və tətbiqini dəstəkləyəcək.
Bu memorandumun konteksti və əhəmiyyəti iyunda verilmiş bəyanatı yada salsaq daha aydın görünür. Həmin vaxt Amerikanın texnologiya nəhəngi NVIDIA (dünyada bazar kapitallaşmasına görə ən böyük şirkət) və Firebird adlı bulud şirkəti Ermənistanda dəyəri 500 milyon dollar olan layihənin həyata keçirildiyini elan etmişdi.
Bu layihə çərçivəsində Ermənistanda gücü 100 meqavat (!) olan regional süni intellekt superkompüter mərkəzi tikiləcək. Bu mərkəz Sİ sahəsində innovasiyalara, tədqiqatlara, təhsilə və regionun iqtisadi inkişafına təkan verəcək.
Mərkəzdə istifadə ediləcək yarımkeçiricilər (qrafik prosessorlar) yalnız qabaqcıl texnologiyaların məhsulu olmaqla qalmır, həm də ikili təyinatlıdır: onlar həm hərbi, həm də kommersiya sahəsində istifadə oluna bilər.
Məhz bu amil memorandumda ixrac nəzarətinə xüsusi diqqət ayrılmasını izah edə bilər.
Ermənistandakı süni intellekt mərkəzinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Bu, Cənubi Qafqazda texnologiyalar sahəsində ən iri investisiya layihəsi olacaq.
Ermənistan hökuməti artıq investorlar üçün fasiləsiz enerji təchizatını təmin edib və hazırda müxtəlif vergi güzəştləri variantlarını nəzərdən keçirir.
Çin isə Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanmasında bir qədər gecikdi. Müvafiq sənəd 31 avqustda Ermənistanın baş naziri Nikol Paşinyanın Çinə səfəri zamanı iki ölkə arasında imzalanıb.
Bu saziş də Sİ, texnoparklar və birgə tədqiqat mərkəzlərinin yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur, amma bu, ABŞ-la imzalanan konkret memorandumdan daha çox bəyanat xarakteri daşıyır.
Bəs Gürcüstan?
Bu fonda Gürcüstan getdikcə daha rəqabətə dayanıqsız görünür.
2009-cu ildə Gürcüstan ABŞ-la Strateji tərəfdaşlıq Xartiyasını imzalasa da, 2024-cü ildə ABŞ hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının Qərb əleyhinə siyasətinə cavab olaraq onun icrasını dayandırdı.
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi, Böyük Britaniya və digər Qərb demokratiyaları ilə əməkdaşlıq barədə çərçivə sazişləri də “Gürcü arzusu”nun demokratik prinsiplərdən geri çəkilməsi səbəbindən dayandırılıb və ya məhdudlaşdırılıb.
Gürcüstandakı demokratiya böhranı böyük Qərb şirkətləri üçün geosiyasi və iqtisadi risklər yaradır və ölkənin cəlbediciliyini azaldır.
Öz süni intellekt sistemlərini yaratmaq üçün resursları olmayan inkişaf etməkdə olan və ya inkişaf etmiş ölkələr texnologiya nəhənglərinə xüsusi və cəlbedici şərtlər təklif etməyə çalışır.
Bura vergi güzəştləri, qaydaların və icazələrin sadələşdirilməsi, ucuz enerji resursları və infrastrukturdan istifadə imkanları daxildir.
Təəssüf ki, yuxarıda sadalanan siyasi səbəbləri nəzərə alaraq, Gürcüstan hökuməti oxşar paketi yalnız yeganə qalan strateji tərəfdaşı – Çinə təklif edə bilər.
Çin artıq demək olar ki, 10 ildir “Bir kəmər, bir yol” layihəsi ilə paralel şəkildə “Rəqəmsal İpək yolu” strateji təşəbbüsünü inkişaf etdirir və Gürcüstan bu marşrutu “Orta dəhlizin” əsas hissəsi kimi açıq şəkildə müəyyən edib.
Çin rəsmiləri dəfələrlə Gürcüstanı öz süni intellekt ekosisteminə daxil etmək niyyətlərini açıqlayıblar.
“Gürcü arzusu”nun təmsilçilərinin Çin Kommunist Partiyası və telekommunikasiya sahəsindəki korporativ liderlərlə, xüsusən də 5G şəbəkələrinin və “Rəqəmsal İpək yolu” boyunca məlumat mərkəzlərinin qurulmasına cavabdeh olan Huawei şirkəti ilə tez-tez görüşləri göstərir ki, Tbilisi tərəfi artıq bu kimi təkliflər irəli sürüb.
Lakin 2021-ci ildə Gürcüstan ABŞ-la Anlaşma Memorandumu imzalayaraq ölkədə 5G şəbəkələrinin inkişafı sahəsində Çin şirkətləri ilə əməkdaşlığı istisna etdi.
Huawei ilə əməkdaşlığa ABŞ-ın və demək olar ki, bütün inkişaf etmiş demokratik dövlətlərin qadağa qoymasının səbəbi bu şəbəkələrin və avadanlığın təhlükəsizliyi, həmçinin məlumatların qorunması ilə bağlı ciddi şübhələr idi.
Bununla belə, Huawei nümayəndələrinin sözlərinə görə, Gürcüstandakı şəbəkələrin 75%-ə qədəri məhz onların tərəfindən qurulub.
Gürcüstanın keçmiş iqtisadiyyat naziri Levan Davitaşvili 2024-cü ildə bildirib ki, Huawei-nin məlumat mərkəzlərinin və süni intellekt infrastrukturunun optimallaşdırılması sahəsindəki təcrübəsi “Gürcüstanın rəqəmsal transformasiya üzrə regional mərkəzə çevrilmək vizyonuna mükəmməl uyğun gəlir.”
Bundan bir neçə ay əvvəl isə Gürcüstanın hazırkı iqtisadiyyat naziri Mariam Kvrivişvili Huawei-nin regional prezidentinə Kutaisi Tex Hub layihəsini təqdim edib, Çinə Sİ laboratoriyasının, məlumat emalı mərkəzinin, beynəlxalq İT fakültəsinin, startap akseleratorlarının və digər layihələrin yaradılması üzrə əməkdaşlıq təklif edib.
Regionda rəqabətin güclənməsi, xüsusilə Ermənistana və Azərbaycana birbaşa xarici investisiyaların artacağı gözləntiləri Gürcüstan hökumətini Çinə daha qətiyyətli addımlar atmağa və konkret layihələrin reallaşdırılmasına başlamağa məcbur edəcək.
Və bunun üçün Tbilisi hakimiyyətindən xüsusi səy tələb olunmayacaq, çünki son illərdə bütün iri infrastruktur və enerji müqavilələri demək olar ki, yalnız Çin şirkətləri ilə bağlanıb.
Beləliklə, süni intellekt Gürcüstanın Qərb düşərgəsində yer almadığı daha bir sahəyə çevriləcək. Və ritorik “Biz haradayıq?” sualının artıq heç bir mənası qalmayacaq. Gürcüstan geosiyasi bölgünün digər tərəfində öz yerini tutacaq.
Gürcüstan Ermənistan və Azərbaycanda süni intellekt