Kremlin Azərbaycan üçün “yumşaq güc” planı: "Milyonlarla pul boşa getdi"
Kremlin Azərbaycan üçün “yumşaq güc” planı
“The Insider” yazır ki, Kremlin daxilində hazırlanmış gizli hesabatlarda Azərbaycanda Rusiya maraqlarını müdafiə edən təşkilatların yoxluğu ciddi narahatlıq doğurub. Sənədlərdə açıq yazılır ki, Azərbaycanda rusdilli QHT-lər yaradılmalı, mövcud olanlar gücləndirilməlidir.
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsini ləğv edib. Onun yerinə “strateji tərəfdaşlıq və əməkdaşlıq” üzrə yeni idarə təsis olunub.
Rəsmi izah “optimallaşdırma”dır, lakin bu addım postsovet məkanında, o cümlədən Azərbaycanda 20 illik “yumşaq güc” sınaqlarının nəticəsizliyinin institusional etirafı kimi oxunub.
Bu idarənin əsas kuratorlarından biri prezident administrasiyasında yüksək vəzifələr tutmuş Dmitri Kozak olub. O, Azərbaycanın da daxil olduğu “yaxın xaric” istiqamətinə nəzarət edir, regiondakı proseslər barədə məruzələr hazırlayıb. Araşdırmalara görə, Kozakın təşəbbüsü ilə Azərbaycanda Rusiyanın maraqlarını təbliğ edəcək QHT-lərin gücləndirilməsi və ya yenidən yaradılması planlaşdırılıbmış.
Ümumilikdə isə 2005-ci ildə yaradılan bu şöbə postsovet məkanında “rəngli inqilabların” qarşısını almaq və Kreml üçün əlverişli ictimai rəy formalaşdırmaq məqsədi daşıyıb. Onun fəaliyyət dairəsinə Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan və digər keçmiş SSRİ respublikaları daxil olub.
“Dostluğa yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi”

“The Insider”in araşdırmasının Azərbaycan aid hissəsi göstərir ki, Kreml 2005-dən sonra (Ukraynadakı “narıncı inqilab”ın ardınca) QHT-lər, mədəniyyət layihələri, rus dili və təhsil xətti ilə Bakıda təsir sahəsi qurmağa çalışıb.
Gizli məruzələrdə “Rus QHT-lərinin Azərbaycandakı varlığının gücləndirilməsi”, zərurət yarandıqda isə yenilərinin yaradılması tövsiyə olunur. Fokus sahələr kimi sərhədyanı rayonlar, gənclər-tələbələr, təhsil, rus dili, mədəni layihələr və jurnalistika forumları sadalanır. Araşdırma həmçinin bu xəttin kurasiyasında Prezident Administrasiyasının müvafiq idarəsi və ona bağlı fiqurların rolunu vurğulayır.
“Azərbaycan” şöbəsinin Kozaka verdiyi məxfi hesabatdan “The Insider”in paylaşdığı parçanı təqdim edirik:
“Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların olmaması açıq-aşkar görünür. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına töhfə verərdi.
QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə böyük tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir.
Həmvətənlərin təşkilatları ilə işi optimallaşdırmaq, sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”.
İdarənin keçmiş əməkdaşı “The Insider”ə bunları deyib:
“Mənim hesablamalarıma görə, Azərbaycanla dostluğa yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də şou üçün və ya balalayka diplomatiyası ruhunda çox işlər görüldü. Və onlar hər zaman içdilər, içdilər və içdilər”.
Araşdırmanın iddiasına görə, Azərbaycanda seminarlar, dəyirmi masalar, “jurnalistika məktəbləri”, eləcə də təmtəraqlı sərgilər (o cümlədən “Heydər Əliyev. Şəxsiyyət. Missiya. İrs”) təşkil edilib.
Lakin layihələrin əhəmiyyətli qismi “hesabat xatirinə”. formal şəkildə gerçəkləşib – “balalayka diplomatiyası” ifadəsi də buradan doğur.
Rəsmi Moskva və Bakı bu barədə şərh verməyib.
Uğursuz “yumşaq güc” siyasəti: “Azərbaycan üçün “xoşbəxt korrupsiya” sayıla bilər”
Məlum olur ki, Kremlin Azərbaycanda tətbiq etməyə çalışdığı “yumşaq güc” strategiyası nə siyasi, nə də ictimai sferada gözlənilən nəticəni verməyib. Gizli hesabatlarda etiraf edildiyi kimi, Azərbaycana “dostluq və əməkdaşlıq” adı altında 100 milyon dollardan çox vəsait yönəldilib, lakin bu pullar effektli təsir yaratmayıb.
“BizimYol” adlı Azərbaycan nəşrində yazılır ki, xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin Azərbaycan üzrə nümayəndəsi Valeri Çernışev Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin zabiti olub.
“Təsəvvür edin: Azərbaycana qarşı “yumşaq güc” yaratmaq və idarə etmək hərbi kəşfiyyatçı Çernışevə həvalə olunub (!) Bir sözlə, postsovet ölkələri ilə “mədəni əlaqələr” qurmaq… hərbçilərə tapşırılıb (?!)
Bəs bu hərbçilər “kurator” olduqları ölkələrdə “yumşaq güc” deyilən şeyi necə yaratmalıymışlar və necə yaradırmışlar?
Təbii ki, söhbət qeyri-hökumət təşkilatlarından, media strukturlarından və yəqin, həm də siyasi partiyalardan gedir. Rusiyanı müdafiə edən – Rusiyadan maliyyələşən ictimai birlikləri, medianı, hətta siyasətçiləri göz önünə gətirin. Bax, onları həmin o Rusiya Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Valeri Çernışev idarə edirmiş! Azərbaycanın yüksək çinli məmurları, hərbçiləri, ictimai, siyasi xadimləri haqqında məlumat axırmış. Hardan?! Azərbaycandan. Deməli, Azərbaycanda Rusiya Baş Kəşfiyyat İdarəsinin – Çernışevin təsir agentləri, bütöv bir agentura şəbəkəsi var.
Rusiya büdcəsindən nə az, nə çox, düz 100 milyon dollar xərclənib. Nəticə?! Sıfır! Niyə sıfır?! Çünki pulu yeyiblər. Rus “kurator”lar Azərbaycanlı qeheteşniklərlə, media və sair ilə birlikdə əməlli-başlı korrupsiya sxemi qurublar, Putini “uyudublar”.
Bu, əlbəttə, Azərbaycan üçün “xoşbəxt korrupsiya” sayıla bilər. Yaxşı ki, ruslar və onların yerli agentləri Rusiyanın 100 milyonluq dövlət vəsaitinin altından girib üstündən çıxıblar.
Həmin o məxfi əməkdaş, görün nə deyib: “…bir çox şey, sadəcə, hesabat xatirinə və ya “balalayka diplomatiyası” ruhunda edilirdi. Elə hey içirdilər, içirdilər və yenə içirdilər”. Bu da sizə Putinsayağı “yumşaq güc”! Bu da sizə Rusiya kəşfiyyatı! Bunlar “mədəni” əlaqələri də “balta üsulu” ilə qururmuşlar! Bizim “sapı özümüzdən olan baltalar” da onlara “kömək” edirmiş.
Xoşbəxtlikdən kömək edə bilməyiblər. Ancaq hər bir halda onlar – Azərbaycanlı informatorlar, “təsir agentləri” öz ölkəsinə – Azərbaycana qarşı Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirmişlər.
İndi maraqlısı budur: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq və sair bu məlumatla bağlı işləyəcəkmi?!
Rusiyanın azərbaycanlı agentlərinin – “yumşaq güc” korrupsionerlərinin adları açıqlanacaqmı?!”
Media ilə təsir cəhdi
Rusiyanın “yumşaq güc” alətlərindən biri də media olub. Xüsusən rəsmi Moskvanın maliyyələşdirdiyi “Sputnik Azərbaycan” informasiya agentliyi və digər rusdilli media resursları ölkədə Rusiya mövqeyini təbliğ etməyə çalışıb. Lakin Azərbaycan hakimiyyəti media məkanına ciddi nəzarət etdiyi üçün Rusiya mediasının sərbəst təsir imkanları məhdud idi. Rusiyayönlü mesajlar əsasən dövlət nəzarətindəki media vasitəsilə və ya birbaşa rəsmi bəyanatlar yolu ilə ictimaiyyətə çatdırılıb.
2010-cu illərin sonlarından etibarən Azərbaycan və Rusiya arasında siyasi münasibətlər nisbətən sabit görünsə də, 2022-2025 dövründə bir sıra hadisələr gərginliyi artırdı və “yumşaq güc” cəhdlərinin nəticəsizliyini bir daha üzə çıxardı. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin (2022) başlaması ilə geopolitik gərginlik fonunda Azərbaycan balans siyasətini gücləndirdi.
2022-ci ilin fevralında iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalansa da, bundan sonraki dövrdə yaranan etimadsızlıq yumşaq güc sahəsinə də sirayət edib. 2024-cü ilin sonunda baş vermiş AZAL sərnişin təyyarəsi qəzasının təhqiqatı ilə bağlı Moskvanın məlumatları gizli saxlaması Bakı tərəfindən narazılıqla qarşılanıb.
Ardınca, bu ilin iyununda Yekaterinburq şəhərində azərbaycanlı miqrantlara qarşı keçirilən reyd zamanı iki azərbaycanlı qardaşın (Səfərovlar ailəsinin üzvləri) xüsusi təyinatlı qüvvələr tərəfindən öldürülməsi münasibətləri kəskin soyudub.
Azərbaycan hökumətinin reaksiyası sərt oldu: Rusiya dövlətinin ölkədəki əsas informasiya ruporlarından biri olan “Sputnik Azərbaycan” dərhal bağlandı, oradakı bəzi əməkdaşlar saxlanıldı və ilin sonunadək Rusiya ilə birgə planlaşdırılan rəsmi mədəni tədbirlər təxirə salındı. Bununla, Moskvanın Azərbaycan cəmiyyətinə nüfuz etmə kanallarından biri olan media xətti də faktiki olaraq kəsilmiş oldu.
Kremlin Azərbaycan üçün “yumşaq güc” planı