Azərbaycanda koronavirusa yoluxan azı 40 məhbus arasında Aqil Məhərrəmli də var
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsində 40 nəfər məhbusun koronavirusa yoluxduğu və 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürüldüyü deyilir. Bu xəbər Azərbaycan mediasında koronavirusa yoluxma və ölüm hallarının hələ də yüksək olduğu fonunda yayılıb.
Son sutka ərzində Azərbaycanda 388 yoluxma halı qeydə alınıb, pandemiya başlayandan yoluxanların ümumi sayı 27521 nəfərdir. 354 nəfər ölüb, 18967 nəfər sağalıb. Sərt karantin rejimi avqustun 5-ə qədər uzadılıb, insanlar evdən sms-icazə alaraq yalnız 3 saatlıq çıxa bilərlər. Sərhədlərin ən azı avqustun 31-ə qədər bağlı qalacağı elan olunub.
Yoluxan məhbuslar arasında 2018-ci ildən həbsdə olan siyasi məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Məhərrəmli də var. Məhz onun ailəsi bu məlumatı mətbuata verib.
“Oğlum Aqil Məhərrəmlinin səhhəti yaxşı deyil. Onun qızdırması var.
Dünən günortadan sonra xəstəxanaya köçürüblər”, – anası junalistlərə bildirib.
Məhbusun ailəsinin dediyinə görə, məhkumlar arasında uzun müddətdir ki, qızdırma və boğazağrısı yayılıb, lakin həbsxana rəhbərliyi bununla bağlı heç bir tədbir görməyib.
“Onun başına gələcək hər hansı hadisəyə görə hökumət məsuliyyət daşıyır”, – Məhərrəmlinin ailəsi bildirib və hakimiyyətdən ədalətli reaksiya verməsini tələb edib.
- Azərbaycanda karantinin ləğvini tələb edirlər. Səhiyyə məmurları isə əbəs yerə sosial məsafə saxlamağı tövsiyə edirlər
- Azərbaycanda fəallar şantaj və təqibdən şikayətlənirlər
Bu xəbəri heç bir dövlət strukturu təsdiqləməyib, amma inkar da etməyib. Həbsxanalarda koronavirusa yoluxma halları haqda məlumatlar Azərbaycan mediasında və sosial şəbəkələrdə artıq bir neçə dəfə yayılıb, amma heç vaxt rəsmi təsdiqlənməyib.
Aqil Məhərrəmli 25 may 2018-ci ildə həbs edilib. Rəsmi olaraq, o, “çirkli pulların yuyulmasında” ittiham olunub. Tərəfdarları kimi o da gühansız olduğunu bildirib.
Amerikanın Səsi Radiosu da daxil olmaqla müxtəlif media qurumlarının məlumatlarına görə, Aqil Məhərrəmli həbsxanada dəfələrlə işgəncələrə məruz qalıb. Azərbaycan SMDT insan haqları təşkilatı onu siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olduğunu qəbul etmir. Amma SMDT-nin 2020-ci il iyun ayına olan məlumatına əsasən, həbsxanalarda 108 nəfər siyasi məhbus saxlanılır.
2020-ci ilin martında siyasi məhbus kimi tanınan jurnalist Afqan Muxtarlı azadlığa buraxılıb. Azad ediləndən dərhal sonra Almaniyaya ailəsinin yanına göndərilib.