Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin qurbanları yad edilib.
Foto: AzərTac
“Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.
Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir”, – Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edərkən bildirib.
Foto: AzərTac
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik uğrunda xalq hərəkatını yatırmaq və fövqəladə vəziyyət tətbiq etmək üçün Bakı və Azərbaycanın bəzi digər şəhərlərinə sovet ordusunun qoşunları yeridilib.
Faciə SSRİ-də yaşanan böhran, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında münaqişənin eskalasiyası və sovet hakimiyyətinin Qarabağ münaqişəsində mövqeyinin doğurduğu narazılığın artması fonunda baş vermişdi.
Bütün bunların qarşısını almaq üçün Bakıya qoşun yeridildi.
Rəsmi məlumata əsasən, həmin gecə 147 nəfər dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
1994-cü ildə müstəqil Azərbaycanın Baş Prokurorluğu SSRİ prezidenti Mixail Qorbaçov da daxil olmaqla bir neçə yüksək vəzifəli sovet məmurunu faciədə günahkar elan etdi. Amma faktla bağlı heç kim cəzalandırılmayıb.
20 yanvar Azərbaycanda matəm günü kimi qeyd edilir. Həmin gün ölkənin rəsmi şəxsləri, diplomatlar və sadə vətəndaşlar Şəhidlər Xiyabanına gələrək faciədə həlak olanların xatirəsini yad edirlər.