100 offroad avtomobili İlham Əliyevin prezident seçkilərində qələbəsi şərəfinə Bakının mərkəzi yollarında avto-yürüşə qatılıb
Bu gün, 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. İlkin göstəricilərə görə, hazırkı prezident İlham Əliyev yenidən qələbə qazanıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin fəallığı 74,51 faiz təşkil edib.
Səsvermə bitəndən bir saat sonra hakim Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirilib və prezident seçkiləri baş tutmuş elan olunub.
“Səsvermədə 3,9 milyon seçici iştirak edib. Exit-poll nəticələrinə görə, seçicilərin 80 faizi İlham Əliyevə səs verib. Azərbaycan xalqı İlham Əliyevin xeyrinə doğru seçim edib”, – iqtidar partiyasının icra katibi Əli Əhmədov bildirib.
Yeni Azərbaycan Partiyası Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə səsvermənin yekun nəticəsini gözləmədən Bakının mərkəzində avto-yürüş keçirərək, İlham Əliyevin qələbəsini qeyd edib.
«Trend» informasiya agentliyinin verdiyi xəbərə görə, avto-yürüşdə 100 offroad avtomobili iştirak edib. Onlar Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək, mərkəzi küçə və prospektlərindən keçib, yenidən start nöqtəsinə qayıdıblar.
Prezident seçkilərində səkkiz namizəd iştirak edib:
İlham Əliyev – Yeni Azərbaycan Partiyası,
Qüdrət Həsənquliyev – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası,
Araz Əlizadə – Azərbaycan Sosial-Demokrat Partiyası,
Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı,
Razi Nurullayev – Cəbhəçilərin Təşəbbüs Qrupu,
Hafiz Hacıyev – Müasir Müsavat Partiyası,
Zahid Oruc – müstəqil namizəd,
Sərdar Məmmədov – Azərbaycan Demokratik Partiyası.
Amma yeganə real namizəd hazırkı prezident İlham Əliyev hesab olunurdu.
Amerikanın “Artur J.Finkelstein and Associates” təşkilatının sorğu nəticələrinə görə, İlham Əliyev səslərin 85,57 faizini toplayıb, qalan namizədlərdən heç biri heç üç faiz səs belə toplaya bilməyib.
Fransanın “Opinion Way” təşkilatı da “Vətəndaş Cəmiyyəti Naminə” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. Onların nəticələrinə görə də, prezident İlham Əliyev 86,53 faiz səslə qalib olub.
Pozuntuların olub-olmaması haqda ilkin məlumatlar
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində səsvermə prosesində pozuntularla bağlı şikayətlərin daxil olmadığını bəyan edib.
Jurnalistlər isə bunun əksini bildirirlər. “Meydan TV” İnternet televiziyası məlumat verib ki, Nizami rayon 2-ci seçki dairəsinin 25 saylı məntəqəsində vəsiqəsini göstərməsinə rəğmən jurnalisti zorla seçki məkanından çıxarıblar. İnternet televiziyasının qeyd etdiyinə görə, seçki zamanı müxtəlif seçki məntəqələrində digər jurnalistlər də çəkiliş zamanı onlara maneə yaradıldığını bildiriblər.
Azərbaycanda növbəti seçkilər 2018-ci ilin oktyabrında baş tutmalı idi. Amma bu il fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də ölkədə növbədənkənar seçkilər təyin olunub. Konstitusiya dəyişikliklərindən sonra prezidentlik müddəti beş ildən yeddi ilə qədər uzadılıb. Bir nəfərin təkrar prezident seçilmək hüququna qoyulan məhdudiyyət isə ləğv olunub.
Müxalif Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkiləri boykot etdiklərini elan ediblər.