100-dən çox azərbaycanlı jurnalist və ictimai fəal həbs olunmasını xahiş edib
Paylaşmaq
Paylaşmaq
Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları bu gün Azərbaycanın Daxili İşlər Nazirliyinin binası qarşısına toplaşıb və daxili işlər naziri Ramil Usubova qeyri-adi məzmunlu kollektiv məktub gətiriblər. Məktubda nazir bütün imzaçıları müxalif Respblikaçı Alternativ (ReAl) partiyasının dörd üzvünün ardınca həbs etməyə çağırılıb.
Dörd nəfər ReAl-çı ictimai asayişi pozmaqda, xuliqanlıqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka həbs cəzası alıb. Bu, mayın 28-də Respublika Günü münasibətilə keçirilən yürüşdən bir gün sonra baş verib. Həbs olunanların partiyadaşları və bəzi jurnalistlər bu iki hadisəni bir-biri ilə əlaqələndirib və o nəticəyə gəliblər ki, məhz yürüşdə iştirak etmələri onların həbsinin əsl səbəbi olub.
Onlar nazirə məktubla müraciət ediblər və bu məktubu həmin yürüşdə iştirak edən 100 nəfərdən çox adam imzalayıb. Onların arasında araşdırmaçı jurnalist Xədicə İsmayıl, Azərbaycan Jurnalistlər İttifaqının rəhbəri Elçin Şıxlı kimi tanınmış şəxslər var.
“Bu, partiyanın yox, vətəndaş cəmiyyəti üzvlərinin təşəbbüsüdür. İdeya bayram yürüşünün təşkilində iştirak edən insanların diskussiyası zamanı yaranıb”, – araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib.
Məktubu şəxsən nazirə və ya nazirliyin mətbat xidmətinə təqdim etmək mümkün olmayıb. İctimai fəallar məktubu Ramil Usubova ünvanlanan məktublar üçün nəzərdə tutulan poçt qutusuna atıblar. Baş verənləri video-kameraya çəkən iki aksiya iştirakçısı saxlanılıb. Bir saat tamam olmamış onlar azad edilb. Polis bunu DİN binasını videoya çəkməyin qadağan olması ilə izah edib.