Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Başqa pasportu da yoxdur
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığını itirib. TCH-nin xəbər verdiyinə görə, bu haqda məlumatı Ukraynanın Dövlət Miqrasiya Xidmətində də təsdiqləyiblər. Vətəndaşlıqdan məhrumetməyə səbəb kimi xidmətdə Saakaşviliyə vətəndaşlığın verildiyi vaxt anketdə yalan məlumatlar verməsi göstərilib.
O cümlədən 2015-ci ildə anketdə Saakaşvili göstərib ki, Ukrayna və ya onun hüdudlarından kənarda istintaq altında deyil, halbuki məlum olduğu kimi, Saakaşvili Gürcüstan ərazisində qiyabi şəkildə həbs edilmişdi.
Bu faktı Saakaşvilinin məsləkdaşı, Gürcüstanın baş prokurorunun və Ukrayna baş prokurorunun keçmiş müavini David Sakvarelidze də təsdiq edib.
“Görünür ki, Ukrayna növbəti “Yanukoviçini” əldə edib, amma bu dəfə ingilis dilində danışan!!! Hamıya artıq çoxdan məlumdur ki, bu cür davam edə bilməz – Ukrayna uçurumun ağzında dayanıb və özünü dövlət kimi saxlamağa çalışır. Hamıdan uca səslə bu haqda danışan insan bu gün Ukrayna vətəndaşlığından və Ukraynaya giriş icazəsindən məhrum edilib. Amma bu heç bir şəkildə bizi – Mixail Saakaşvilinin “Rux novıx sil” partiyasını dayandıra bilməz. Əksinə əminəm ki, bu, Pyotr Poroşenko rejiminin sonunu yaxınlaşdıracaq!!!”, – Sakvarelidze özünün “Facebook” səhifəsində yazıb.
“Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi düşünülə bilən ən səfeh addım, Ukrayna prezidentinə baş ucalığı gətirməyən zəiflik əlamətidir. Bundan daha səfeh hərəkət ancaq Viktor Yanukoviçin dövründə Yuliya Timoşenkonun həbs edilməsi oldu”, – Ali Radanın deputatı, Demokratik alyans partiyasının üzvü Mustafa Nayem özünün “Facebook” səhifəsində yazıb.
“Mixaillə razılaşmamaq, onu sevməmək olar, ümumilikdə isə Saakaşvili sivil barrikadaların bu tayındadır. Və nəhayət, iki prezidentin çəkişməsindən Ukraynadan başqa hər kəs uda biləcək”, – deyə Nayem qeyd edib.
- Mixail Saakaşvili hələ 2016-cı ildə qubernator postundan istefa verəndən sonra bildirib ki, Poroşenko onu vətəndaşlıqdan məhrum etməyi planlaşdırır.
- 2015-ci ilin dekabr ayında Saakaşvili Ukrayna pasportu alması səbəbindən Gürcüstan vətəndaşlığından məhrum edilib. Ukrayna vətəndaşlığını isə o, prezident Poroşenkonun fərmanı əsasında alıb.
- Saakaşvili heç bir başqa ölkənin vətəndaşlığını daşımır. Saakaşvili 2016-cı ildə Ukraynada “Rux novıx sil” partiyasını yaradıb və növbəti parlament seçkilərində iştirak etməyi planlaşdırırdı.