Maydanda “gürcü snayperləri” olubmu?
20 fevral 2014-cü ildə Kiyevdə bütün Avromaydan tarixində ən qanlı iğtişaşlar baş verib. Həmin gün Ukraynanın o vaxtkı hakimiyyətinin siyasətinə qarşı etiraz edən 48 nəfər həlak olub. Ukraynanın Baş Prokurorluğu hələ də araşdırma aparır və indiyə qədər də həmin insanların kimlər tərəfindən qətlə yetirildiyini müəyyən etməyib. Hazırda qətllərdə “Berkut” Ukrayna xüsusi təyinatlı milis dəstəsi döyüşçüləri ittiham olunur. Bununla belə, ictimaiyyətə inadla baş verənlərin başqa bir versiyası da təklif olunur, Hromadske xəbər verir.
Ötən ilin noyabr ayında eyni vaxtda bir neçə italyan KİV-i “Ukrayna: gizli həqiqət” filmini nümayiş etdirdi. Filmin müəllifləri Kiyevdə 20 fevral 2014-cü il tarixində baş verən hadisələrin alternativ versiyasını təqdim edir. Onların sözlərinə görə, Ukraynaya Mixail Saakaşvilinin gətirdiyi “gürcü snayperləri”nə həm “Berkut” üzvlərinə, həm də etirazçılara atəş açmaq əmri verilir. İtalyan jurnalistləri hesab edir ki, Gürcüstandan gələn snayperlərə Avromaydan liderləri – Ali Radanın indiki spikeri Andrey Parubiy, deputatlar Sergey Paşinski və Vladimir Parasük rəhbərlik edib.
Bu haqda italyan jurnalisti Can Mikalessinə üç “gürcü snayper” – Koba Neqradze, Zaloqi Kvarasxeliya və Aleksandr Revazişvili danışıb. Film müəllifləri bildirir ki, bu adamlardan müsahibə 2017-ci ilin yayında Makedoniyada alınıb.
Neqradze, Kvarasxeliya və Revazişvili danışır ki, Kiyevə 2013-cü ilin axırlarında saxta sənədlərlə gəliblər. Onların hərəkətlərini guya ki, keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin müşaviri Mamuka Mamulaşvili koordinasiya edib.
Gürcüstan vətəndaşları bildirir ki, Maydanda qarşıdurma zamanı onlar müxtəlif ölkə vətəndaşlarından ibarət bir neçə dəstənin tərkibindəydilər. Onlar Kiyevin mərkəzində bir neçə binada dislokasiya olunublar. Döyüşçülər “Berkut” üzvlərinə atəş açmaqla bağlı əmrdən sonra həm də etirazçılarla bağlı əmr gələndə buna etiraz etdiklərini bildirirlər. Mixail Saakaşvili “gürcü snayperlər”in mövcudluğunu inkar edir. Onun sözlərinə görə, italyan jurnalistlərinin filmi “Rusiya təbliğatı” nəticəsində yaradılıb.
“Gürcü snayperləri” ilə bağlı versiyanı Ukrayna Baş Prokurorluğunun Xüsusi Tədqiqatlar Departamentinin rəhbəri Sergey Qorbatük da inkar edir: “Fevralın 20-də zərərçəkənlərə “Ukrayna” mehmanxanasından (italyan filmi müəlliflərinin versiyasına görə, gürcüstanlı snayperlərin dislokasiya yeri) atəş açılmasını təsdiqləyən heç bir məlumat yoxdur. Alınan məlumatlar “Berkut”un “qara bölüyü”nün yerləşdiyi yerdən atəş açıldığını deməyə əsas verir”.
Mixail Saakaşvili Avromaydan hadisələri ilə bağlı iş üzrə ifadə vermək üçün məhkəməyə çağırılıb. Burada o, “gürcü snayperləri” ilə bağlı suallara cavab verməliydi, amma bundan bir gün əvvəl onu ölkədən çıxarırlar.
Gürcüstandan olan snayperlər haqqında material əvvəlcə “Il Giornale” qəzetində dərc olunub, sonra da İtaliya televiziyasının “5-ci kanal”ında film çıxıb. Hər iki KİV İtaliyanın keçmiş prezidenti Silvio Berluskoniyə məxsusdur. Onu tez-tez Ukraynadakı vəziyyətin Rusiyayönlü işıqlandırılmasında günahlandırırlar. Silvio Berluskoni ilə Rusiya prezidenti Vladimir Putin arasında sıx dostluq münasibətləri müxtəlif ölkə KİV-ində dəfələrlə təsvir olunub.