Helmut Kol dünyasını dəyişib
Helmut Kol Almaniyada həyatının 88-ci ilində dünyasını dəyişib. Bu, uzunmüddətli xəstəlikdən sonra baş verib. Başından travma alandan sonra son illər o, əlil arabasında hərəkət edirdi, DW xəbər verir.
Helmut Kol 1930-cu ildə anadan olub. Universitetdə hüquq və siyasi elmlər üzrə təhsil alıb. 16 yaşında Xristian-Demokratik İttifaqın üzvü olub. 1982-ci ildən 1998-ci ilə qədər – rekord 16 il ərzində – Almaniyanın kansleri vəzifəsini tutub. 2002-ci ilə qədər parlament deputatı olub.
Kolun kansler olduğu dövrdə Şərqi və Qərbi Almaniyanın birləşməsi baş verib. Məhz o, 1989-cu ildə bu məsələ ilə bağlı ABŞ, Böyük Britaniya və Sovet İttifaqı ilə danışıqların təşəbbüskarı olub.
Helmut Kol hazırkı formasında Avropa İttifaqının qurucularından və vahid Avropa valyutasının yaradıcılarından biri hesab edilir.