Tbilisidə oğurlanan azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı övladı ilə birlikdə Gürcüstanı tərk edib.
Mustafayevanın vəkili Arçil Çopikaşvilinin özünün “Facebook” səhifəsində yazdığı kimi, hazırda onlar Almaniyadadır.
“İstintaqa qarşı olan narazılıqlar səbəbindən və mövcud təhdidləri nəzərə alaraq, Leyla Mustafayeva çox güman ki, (həyat yoldaşı kimi) oğurlana və ya Azərbaycan tərəfindən siyasi repressiyaların qurbanı ola bilərdi”.
On.ge ilə söhbətində Leyla Mustafayeva bildirib ki, Avropada qalıb-qalmayacağı ilə bağlı hələ dəqiq qərar verməyib.
Gürcüstanda olduğu vaxt Mustafayeva müşahidə altında olduğunu və özünü təhlükəsiz hiss etmədiyini bildirirdi. Sentyabrın 19-da Leyla Mustafayeva Tbilisidə yaşayan azərbaycanlı siyasi fəal Daşqın Ağalarlı ilə birlikdə mətbuat konfransı keçirərək, mümkün təqibinin kadrlarını nümayiş etdirib.
Muxtarlı ailəsinin vəkili Arçil Çopikaşvili Mustafayeva ilə Ağalarlıya qarşı hər hansı cinayətin hazırlandığını istisna etmədiyini bildirib.
Avropaya yola düşməzdən əvvəl Mustafayeva Gürcüstan parlamentinə jurnalistin oğurlanmasında əli olan məmurların əməllərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması xahişi ilə müraciət edib.
Tbilisinin mərkəzindən azərbaycanlı müxalifətçi jurnalist Əfqan Muxtarlının itməsindən beş ay keçir. Amma hələ də onun oğurlanmasının detalları ilə bağlı yeni heç nə üzə çıxmayıb.
Əfqan Muxtarlı Tbilisidə 29 may 2017-ci il tarixində itib. Sonradan məlum olub ki, o, Azərbaycanın hüquq-mühafizə orqanlarındadır. Muxtarlının özünün sözlərinə görə, onu yerli xüsusi xidmət orqanlarının əməkdaşları oğurlayıb, başına torba taxıb, sonra da Azərbaycan tərəfinə təhvil veriblər. Azərbaycan məhkəməsi mayın 31-də Muxtarlının həbsi ilə bağlı qərar çıxarıb: onu dövlət sərhədini qanunsuz keçməkdə və sərhədçilərə müqavimət göstərməkdə ittiham edirlər. Oktyabrın 4-də Bakı məhkəməsi Muxtarlının pul girovu müqabilində azadlığa çıxması ilə bağlı vəsatətini təmin etməyib.
Avropa parlamenti Tbilisini jurnalistin oğurlanması ilə bağlı iş üzrə operativ istintaq keçirməyə, Bakını isə onu dərhal azad etməyə çağırıb. Jurnalistin oğurlanması və həbsindən sonra müdafiə tərəfi Avropa İnsan Haqları Məhkəməsinə işin sürətli qaydada nəzərdən keçirilməsi vəsatəti ilə müraciət edib. Avropa İnsan Haqları Məhkəməsi Muxtarlının işinə prioritet status verib – iş maksimal dərəcədə tez bir müddətdə araşdırılacaq.