Demna Qvasaliya Vetements və Balenciaga brendlərinin inkişaf etdirməsinə görə “Ən yaxşı xarici dizayner” nominasiyasında CFDA mükafatını alıb.
Bu, postsovet məkanından olan dizaynerin dəb sənayesində ən nüfuzlu olan “CFDA Fashion Awards” Amerika mükafatını aldığı ilk belə haldır.
Mükafatın təqdimetmə mərasimi Nyu-Yorkun Manhetten mərkəzində “Hammerstein” ziyafət zalında keçirilib.
Feşen-Oskarı alan gürcü dizayneri onu nənəsinə həsr edib.
Qvasaliya əvvəllər də verdiyi müsahibələrdə dəfələrlə qeyd edib ki, onun üçün yeganə ilham mənbəyi gözəl zövqü olan nənəsi olub.
Qvasaliya 1981-ci ildə Suxumi şəhərində anadan olub. Antverp İncəsənət Kral Akademiyasının (Antwerp Royal Academy of fine arts) məzunudur. 2009-cu ildən “Maison Margiela”da işləyib. 2013-cü ildə Qvasaliya “Louis Vuitton” Fransa dəb evinə keçib.
2016-cı ilin oktyabr ayında Qvasaliya ən köhnə dəb evi olan “Balenciaga”nın kreativ direktoru olub. O, həm də populyar Vetements brendinin yaradıcılarından biridir. “Balenciaga” ilə fəal əməkdaşlığına baxmayaraq, gürcü dizayneri əvvəlki kimi, öz brendi üçün də kolleksiyalar yaradır.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər