Əsgərin kəpənəkləri
Erməni əsgərlər müharibədən sonra. Hayk Navasardyanın “Təkərlər üzərində ikinci həyat” filminin motivləri əsasında
Ermənistanın cənubunda, Meğri şəhəri yaxınlığındakı qayalıqlarda çoxlu kəpənəklər var. Son vaxtlara qədər yerli sakin, otuz yaşlı Vardan Vardanyan ağlına belə gətirə bilməzdi ki, yaxın gələcəkdə onun həyatı bu kəpənəklərlə bağlı olacaq. Ancaq müharibə onu kəpənəklərə doğru gətirdi.
Yerevanda təhsilini Vazgen Sarkisyan adına Hərbi Universitetdə başa vuraraq zabit rütbəsi alan Vardan doğma Meğrinin hərbi hissəsində xidmətə gedib.
Təxminən il yarım idi ki, hərbi xidməti normal axarda davam edirdi. Lakin 27 sentyabr 2020-ci ildə müharibə başladı.
Onun hissəsinə döyüş tapşırığına getmək əmri verildi və oktyabrın 10-na keçən gecə pilotsuz təyyarənin hücumuna məruz qaldı. Vardan ağır yaralandı.
“Yıxılanda dərhal anladım ki, ayaqlarımı hiss etmirəm. Sonra huşumu itirdim. Amma bir anlıq ağlıma bir fikir gəldi: səhər anam və arvadım mənim öldürüldüyümü bilsələr, bundan sonra necə yaşayacaqlar? Bu fikir mənə yeni həyat verdi. Bu anı ikinci doğuluşum hesab edirəm”, – Vardan danışır.
Həkimlər onun aldığı onurğa beyni zədəsinin ya sağalmaz olduğunu, ya da sağalmasının çətin olduğunu deyirlər. Vardan yeriyə bilmir. Ömrü əlil arabasında keçənlər üçün isə Ermənistan çox da uyğun ölkə deyil. Ən böyük problem iş tapmaqdır.
“Mənə bir az vaxt lazımdır. Əminəm ki, yeriyə biləcəm. Amma indi bunu vacib məqsəd kimi qarşıma qoymamışam. Gəzmirsənsə, həyatın bitmir, sadəcə başqa cür olur”, – deyə o bildirir.
- “Qarda hər şey eyni olur”. Müharibə iştirakçılarının hekayələri
- Pasifizm və ya “biz heç vaxt bir yerdə yaşaya bilməyəcəyik”: transformasiya hekayəsi
- Cermuk, başqa bir payız
- Qarabağ qaçqınlarının fotolarını və digər xatirələrini qoruyan avtomobil
Yaralanandan sonra Vardan hələ 2018-ci ildə Yerevanda yaradılmış “Əsgər evi” reabilitasiya mərkəzinə yerləşdirilib. Ağır yaralanmış və nəticədə fəaliyyət qabiliyyəti məhdudlaşmış müharibə veteranları orada pulsuz reabilitasiya müalicəsi alır, bir çox proqramlarda iştirak edirlər.
Məhz burada Vardan, özünün dediyi kimi, “həyata fərqli görünüş bəxş etməyə” başlayıb – həyatı artıq başa çatmış kəpənəklərin köməyi ilə.
Vardan onlardan dekorativ kompozisiyalar hazırlayır.
“Kəpənəyin bir qanadı zədələnsə belə, yararsız hala düşmür. Biz, proqramın bir neçə iştirakçısı, çoxlu kəpənəklərdən istifadə etdik və bu unikal versiyanı bir araya gətirdik. Bu kompozisiya ən böyük və ən “rəngarəng” kəpənəkdir”, – o deyir.
Vardanın həyat yoldaşı Anahit deyir ki, axşamlar Vardanla tez-tez birlikdə pazl qururlar.
Bu, onların bir araya gətirdikləri 3D-pazl-evdir. Vardan və Anahit Yerevanda kirayədə yaşayırlar və öz evlərinin olmasını arzulayırlar: “Ümid edirik ki, nə vaxtsa həqiqi daşlardan yeni ev “yığacağıq”.
Onlar Yerevanda gəzməyi də xoşlayırlar.
“Gəzintilərimiz zamanı həmişə gülümsəyirik. Bizə baxan insanlar da gülümsəməyə başlayırlar. Onsuz da həyat davam edir və sən pozitiv yaşamalısan”.
Amma onların əsas diləkləri uşaq sahibi olmaqdır. Vardan həvəslə ata olmağa hazırlaşır və gələcək körpəsi ilə daha rahat oynaya bilməsi üçün fəal şəkildə idmanla məşğul olur.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.