Jurnalist üç gün idi ki, aclıq edirdi " />

Əfqan Muxtarlı səhhəti pisləşdiyi üçün aclıq aksiyasını dayandırıb – Yenilənib

Jurnalist üç gün idi ki, aclıq edirdi

Azərbaycanlı jurnalist və vicdan məhbusu Əfqan Muxtarlı vəkili zorla axtarışa məruz qalandan sonra saxlanıldığı cəza müəssisəsində aclıq elan edib. Üç sutka sonra vəkili yenidən onu ziyarət edib. Elə həmin gün jurnalistin həyat yoldaşı Facebook-da Muxtarlının səhhəti pisləşdiyi üçün aclığı dayandırdığı haqda yazıb.

• Azərbaycanda səs-küylü cinayətlər necə “unudulur”?

• Gürcüstanda kimlərin haqları qorunur?

Əfqan Muxtarlı kimdir?

Foto: www.occrp.org

Hakimiyyəti sərt tənqid etməsi ilə tanınan araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana köçüb. 2017-ci ildə o, Tbilisidən oğurlanaraq Bakıya gətirilib. Burada jurnalist sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Muxtarlının sözlərinə görə, onun oğurlanmasında Gürcüstanın kriminal polisi iştirak edib. Bu hadisə hər iki ölkədə böyük səs-küyə səbəb olub.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlını vicdan məhbusu elan edib. 2017-ci ilin iyununda Avropa Parlamenti Azərbaycan hakimiyyətini dərhal jurnalisti azadlığa buraxmağa və bütün ittihamları onun üzərindən götürməyə çağırıb. Bununla belə Əfqan Muxtarlı hələ də həbsdədir. 50 siyasi məhbusun azad edilməsi ilə nəticələnən sonuncu əfv fərmanının da ona heç bir aidiyyatı olmayıb.

Əfqan Muxtarlı dəfələrlə ailəsi və vəkilləri ilə ünsiyyətinə mane olunduğu haqda şikayətlənib. Bundan başqa, onun doğmaları bildirirlər ki, Muxtarlı diabet və ürək xəstəliklərindən əziyyət çəksə də, cəza müəssisəsində onun müalicəsi ilə məşğul olmurlar.

Təfərrüatlar

Vəkil Nemət Kərimli müvəkkili ilə növbəti dəfə görüşmək üçün 16 saylı cəza müəssisəsinə gedib. Görüşdən əvvəl və sonra onun üzərinə zorla baxış keçirilib və vəkil qeydləri oxunub. Halbuki qanunla bunu eləmək olmaz.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Kavkazskiy uzel” portalının müxbirinə bildirib ki, bütün bunlar haqda heç bir məlumatı yoxdur. 

• Mehman Hüseynov niyə aclıq elan edib və bu, nə ilə nəticələnib?

Bu hadisədən sonra Əfqan Muxtarlı həyat yoldaşı və dostları vasitəsilə müxalif partiyaları və vətəndaş cəmiyyətini cəza müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə səsləyib. O, bloger Mehman Hüseynovun müdafiəsinə həsr olunan irimiqyaslı kütləvi aksiyaları xatırladıb və deyib ki, indi də o cür reaksiya vermək lazımdır.

Bununla eyni zamanda Muxtarlı bildirib ki, aclıq aksiyasına başlayıb. Əfqan Muxtarlının şəkər xəstəsi olması vəziyyəti mürəkkəbləşdirir, bu o deməkdir ki, hətta qısa müddətli aclıq aksiyası da onun üçün təhlükəlidir.

Muxtarlı hesab edir ki, “hazırkı hücumlar” AŞPA-nın siyasi məhbuslar üzrə vəkili Sunna Torhildur və AŞ-nın insan haqları üzrə komissarı Dunya Miyatoviçin bu yaxınlarda onu ziyarət etməsi ilə bağlıdır.


More on JAMnews