Məcburi köçkün qəsəbəsində artıq heç kim işıq pulu ödəmir, amma onlardan ikisi həbsdədir" />

Azərbaycanlı “işıq məhbusları” kimdir?

Məcburi köçkün qəsəbəsində artıq heç kim işıq pulu ödəmir, amma onlardan ikisi həbsdədir

 

Foto, video: İzolda Ağayeva

Azərbaycanın İmişli rayonunda, Cəbrayıl rayon məhkəməsində bu yaxınlarda el arasında “işıq məhbusları” adlandırılan beş gəncə hökm oxundu. Onlar ötən ilin sonunda elektrikin mütəmadi kəsilməsinə etiraz etdikləri aksiyada həbs olunmuşdular. Aksiya Biləsuvarda (Bakıdan 153 km məsafədə), Cəbrayıl rayonundan olan məcburi köçkünlərin kompakt yaşadığı qəsəbələrdə, rayon İcra Hakimiyyəti binasının qarşısında baş tutmuşdu.

1991-1994-cü illər Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçən rayonların dövlət strukturları – məhkəmələr, icra hakimiyyəti, məktəblər və s. öz işini Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında öz işini davam etdirir. Cəbrayıl rayonunun məcburi köçkün düşmüş 77 min əhalisinin böyük hissəsi Biləsuvardakı həmin qəsəbələrdə məskunlaşıb.

Qəsəbə sakinləri elektrik xərcini ödəyə bilmədikləri üçün onların işıqları söndürülürdü.

2016-cı ilin dekabrında sakinlər buna etiraz olaraq İcra Hakimiyyəti binasının qarşısına toplaşıblar. Kütlə arasından kimsə daş atıb və bir polis nəfərinin gözü yaralanıb.

Aksiyadan sonra isə beş nəfər həbs olunub. Onlar həbsxanada səkkiz ay keçiriblər.

Avqustun 19-da müttəhimlərdən üçü – Gülağa Alməmmədov, Cəlal Quliyev, İlkin İsgəndərov şətrti cəza alaraq azadlığa buraxılıblar. Ülvi Quliyev və Zaur Feyruzlu isə il yarım müddətə azadlıqdan məhrum ediliblər.

Jurnalistləri və ictimaiyyət nümayəndələri zalda yer olmadığı bəhanəsi ilə prosesə buraxılmayıb, baxmayaraq ki, proses İmişli rayonunun yenicə təmir olunmuş geniş zalları olan məhkəmə binasında keçirilirdi. Məhz Cəbrayıl rayon məhkəməsinin “məskunlaşdığı” Biləsuvar rayon məhkəməsinin binası darısqal olduğu üçün “işıq məhbuslarının” işi üzrə prosesə İmişli məhkəməsinin binasında baxılırdı.

“İşıq məhbusları” əmlakı qəsdən zədələmədə, ictimai qaydaları pozmaqda və vəzifə başında olan hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunurdu. Müttəhimlər bütün ittihamları rədd edir, heç kimə və heç nəyə xətər yetirmədiklərini bildirirdilər.

“Məhkəmədə heç kim üzlərinə durmadı, bütün zərərçəkənlər dedilər ki, bu beş nəfərin heç birini tanımırıq. Qaranlıq idi, göz-gözü görmürdü, daşı kimin atdığını görmədik. Amma yenə də oğluma il yarım iş verdilər”, – Zaur Feyruzlunun atası Təbriz Hacıyev deyir.

İrəli sürülmüş ittihamlara əsasən onları yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Hökmdən sonra qohumlarının dediyinə görə, “yenə yaxşı qurtarıblar”.

Təbriz Hacıyev, Zaur Feyruzun atası, nəvələri ilə. Zaurun kiçik qızı atası həbsdə olanda dünyaya gəlib

 

Azərbaycan ictimaiyyəti prosesə narazılıqla qarşılayıb. İlk növbədə çoxları hökmü ədalətsiz hesab edir.

Jurnalist və hüquq müdafiəçisi Samir Kazımlı: “Əgər məhkəmə  prosesi açıq ola-ola qapalı şəraitdə keçirilibsə, jurnalistlər və digər ictimaiyyət nümayəndələri qəsdən prosesə buraxılmayıbsa, bunu necə ədalətli hökm hesab etmək olar?

Digər tərəfdən bu iş siyasi motivlidir, həbs olunan köçkünlərin heç bir günahı yoxdur. Əvvəllər repressiyalara siyasi fəallar, jurnalistlər,  vətəndaş cəmiyyətinin nümayəndələri məruz qalırdısa, indi hakimiyyət dairəni genişləndirib sadə, aztəminatlı vətəndaşları da təqib edir. Hakimiyyət bu yolla dərinləşən böhran şəraitində qaçılmaz olan etirazların kütləvi hal almaması üçün insanların gözünü qorxutmaq istəyir”.

Digər tərəfdən isə, hakimiyyət hər zaman məcburi köçkünlərə diqqət və qayğıdan danışırdı. Qarabağ münaqişəsindən ziyan çəkən təbəqə olaraq onlar yaşayış yeri ilə təmin olunur, bir sıra başqa güzəştlər əldə edirlər. İndiyə qədər məcburi köçkünlər heç vaxt siyasi motivli məhkəmə prosesində müttəhimlər kürsüsündə əyləşməmişdilər.

Cəbrayıl rayonunu təmsil edən deputat Astan Şahverdiyevin həbs olunanlarla bağlı açıqlaması ictimai narazılıqları bir az da qızışdırdı. Ötən il “işıq məhbusları” yenicə həbs olunanda millət vəkili etirazçıları “bir qrup nəşəli, içkili… adam” adlandırmışdı. Sosial şəbəkələrlə deputat üçün seçicilərlə, xalq təmsilçiləri ilə bağlı bu cür danışmağın qoyverilməz olduğu haqda çox sayda qəzəbli statuslar yer almışdı. Narazılıqlar dalğası o qədər böyüdü ki, Şahverdiyev üzr istəməli oldu.

Üstəlik bu aksiya siyasi deyildi. Etirazçıların tələbləri sosial olduğu üçün insanlara daha aydın idi və daha çox təəssüf doğururdu.

1994-cü ildə Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəz razılaşmasının imzalandığı ilk onillikdə qaçqınlar və məcburi köçkünlər bütün kommunal xərclərdən azad idi.  Daha sonra onlar üçün limit təyin edildi: pulsuz qaz və elektrik onlara müəyyən həcmdə verilirdi, bu limitdən əlavə istifadə olunan qazın və elektrikin pulunu isə ödəmək lazımdı.

Amma məcburi köçkünlərin kompakt yaşadıqları əksər ərazilərdə qaz ümumiyyətlə yoxdu və buna görə də, onlar elektrik limitini aşmalı olurdular. Biləsuvarda olduğu kimi. Məcburi köçkünlərin yaşadıqları ərazilərdə işsizlik səviyyəsinin də həddindən artıq yüksək olduğunu da diqqətə alsaq, deyə bilərik ki, məcburi köçkünlər hələ də əhalinin ən aztəminatlı təbəqəsinə daxildirlər. Buna görə də, onlar çox vaxt limitdən artıq işlətdikləri elektrikin pulunu ödəyə bilmirdilər və hesab edirdilər ki, dövlət onlara pulsuz qaz sarıdan “borcludur”. İşıqpulu məsələsi isə əsasən “Azərişıq”işçiləri ilə sakinlər arasında qeyri-formal həll olunurdu. Əvəzində heç bir qəbz vermədən məcburi köçkünlərdən aldıqları 5-10 manatla sayğacdakı rəqəmlər nəzərə alınmırıdı, cəbrayıllılar danışır.  

“Əvvəllər işığı demək olar ki, fasiləsiz verirdilər. Sonra başladılar hər evdən 5-10 manat toplamağa ki, limitdən çox işlədirsiz, yüklənmə olur, filan-fəsməkan. Bir söz demədik, razılaşdıq. Amma oktyabrdan etibarən işığı tez-tez söndürməyə başladılar. Son 15 gündə isə demək olar ki, hər gün gündüz saat 1-2-də söndürürdülər, ta axşam 7-8-ə qədər. Hamının körpəsi, qocası, xəstəsi var. Qışın şaxtasında millət soyuqdan qırılır axı. Camaat da dedi ki, ya pulu toplamayın, ya da işığımızı kəsməyin. O axşam adamların mitinq eləməyinin səbəbi də elə bu idi”, – şərti cəza ilə azadlığa buraxılan “işıq məhbusu” İlkin İsgəndərovun babası Məhəmməd Bayramov hadisədən az sonra JAMNews-a danışmışdı.

Bəs niyə “üzüyola” “Azərişıq” əməkdaşlarının cəbrayıllılara qarşı münasibəti birdən-birə sərtləşdi?

2016-cı ilin oktyabrında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabinetinin iclasında bildirmişdi ki, artıq məcburi köçkünlər işlətdikləri kommunal xidmətin haqqını özləri ödəyəcəklər, daha doğrusu, indiyə qədər limit kimi hesablanan elektrikin xərci məcburi köçkünlərə nağd pul olaraq veriləcək. Bu dəyişiklik 2017-ci ilin yanvarından qüvvəyə mindi.

İqtisadi ekspert Toğrul Maşallı hesab edir ki, əslində bu dəyişiklik büdcəyə xeyir idi: “Hesablama Palatasının göstəricilərinə görə, əgər məcburi köçkünlərin ortalama illik kommunal xərcləri 95-97 milyon manat olurdusa, 2017-ci il üçün 54-55 milyon manat planlaşdırılıb. Məcburi köçkünlərin daha bir xərc bəndi var, yemək xərci, buna illik 117-128 milyon manat sərf olunur. Bu xərclər də demək olar ki, eyni səviyyədə qalıb. İmtiyazlar ləğv olunanda, bunu nağd pula çevirmək istədilər. Dəyişikliklər zamanı adambaşı ortalama 19 manat 96 qəpik tutan yemək xərcini kommunalla birləşdirib 36 manat etmək istəyirdilər”.

“İşıq məhbuslarının” işi ilə bağlı rəsmi mövqelərə gəlincə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən heç bir şərh almaq mümkün olmadı.

Amma hadisədən dərhal sonra 2016-cı ilin dekabrında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev məsələ ilə bağlı Modern.az-a açıqlama vermişdi: “Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda elektrik təchizatı bərpa olunub, tam sakitlikdir, heç bir ixtişaş yoxdur”.

Hakimiyyət yönlü media bu yaxınlarda elan olunmuş hökmü kriminal xronikadan olan adi xəbər kimi işıqlandıraraq, diqqəti irəli sürülmüş ittihamlara kökləyiblər.

Bəs elektrik enerjisi, Cəbrayıl köçkünləri və güzəştlərin axırı necə oldu?

2017 ilin əvvəlində məcburi köçkünlər növbəti etiraz aksiyaları keçirdilər və bu səfər Bakıda. Etirazçılar hesab edirdilər ki, adambaşı 36 manat həm yemək, həm kommunal xərclər üçün yetərli deyil.

Amma bu dəfə heç kimi həbs etmədilər, üstəlik heç bir ay keçmədən prezident İlham Əliyev əvvəlki sərəncama dəyişikliklər edilməsi haqda yeni sərəncam imzaladı. Yeni sərəncamla məcburi köçkünlər kateqoriyalara bölünmüş oldu. Bəzilərinin güzəştlərini tam geri qaytardılar. Hazırda yaşayış yeri ilə təmin olunmayan məcburi köçkünlər bütün kommunal xərclərdən azaddırlar. Yaşayış yeri ilə təmin olunan, amma qazı olmayan məcburi köçkünlər isə elektrik xərcini ödəmir. Üstəlik “çörək pulunu” da almağa davam edirlər. Qazlaşdırılmış yerdə mənzillə təmin olunanlar isə ayda adambaşı 36 manat alır və bütün kommunal xərclərini özləri ödəyirlər.

Biləsuvardakı köçkün qəsəbələrində işıq artıq elektrik enerjisi fasiləsiz verilir. Qanuna edilən son dəyişiklik isə qəsəbə sakinlərinin problemini birdəfəlik həll edib. Qəsəbələrdə qaz olmadığı üçün (hələ təzə-təzə qaz çəkilir) onlardan işıqpulu tələb edən də yoxdu.

“Bütün bu problemlər həll olunacaqdısa, daha bu uşaqları niyə tuturdular? Çanaq elə bizim balalarımızın başında çatladı”, – Təbriz Hacıyev deyir.


More on JAMnews