Mitinqin əsas şüarı – “Siyasi məhbuslara azadlıq!”" />

Azərbaycanda müxalifət birgə mitinqlə bağlı razılığa gələ bilmir

Mitinqin əsas şüarı – “Siyasi məhbuslara azadlıq!”

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası (MŞ) 2017-ci ildə müxalifətin ilk mitinqini təyin edib. Bu haqda MŞ-ə daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məlumat verib. Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Talana yox!”, “Korrupsiyaya yox!”, “Ailə hakimiyyətinə yox!” şüarları altında keçəcək.

Mitinqi aprelin 9-da Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda keçirmək planlaşdırılıb. Bu haqda məktub Bakı şəhər İcra Hakimiyyətinə göndərilib.

MŞ-ın bu birtərəfli qərarı müxalif partiyaların narazılığına səbəb olub.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah bildirib ki, MŞ-ın ehtimal olunan mitinqi müsavatda müzakirə belə edilmir. “Bu müzakirələrdə iştirak etməyə heç həvəsim də yoxdur”, – “Yeni Müsavat” qəzeti Elman Fəttahın sitatını verib.

Müsavat Partiyasının digər sədr müavini Fərəc Kərimli Facebook səhifəsində yazıb: “Martın 17-də başqanımız (sədr) Arif Hacılı İdarə Heyətinin iclasını çağırıb və bildirib ki, siyasi emiqrant Emin Hüseynov (həbsdə olan video-bloger Mehman Hüseynovun qardaşı) “Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq!” şüarı altında mitinq keçirmək təklifi ilə ona müraciət edib. Biz bu təklifə müsbət yanaşdıq. Amma digər partiyalar özləri müstəqil şəkildə mitinq keçirmək qərarına gəldilər. Onlara uğur diləyirəm”.

Digər müxalif “Respublika alternativi” (ReAl) hərəkatının icra katibi Natiq Cəfərli bildirib ki, “ReAl” mitinqdə təşkilat olaraq iştirak etməyəcək, amma hərəkat üzvləri iştirakla bağlı fərdi şəkildə qərar qəbul etməkdə azaddırlar, bununla bağlı heç bir təlimat verilməyəcək, – “Report.az” agentliyi xəbər verir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov MŞ-nin qərarını kəskin tənqid edib. “Belə mitinqin keçirilməsi üçün heç bir sosial zəmin yoxdur. Onların xalqla heç bir əlaqəsi yoxdur. Öz virtual aləmlərində oturublar, cəmiyyət arasında yox. Bu mitinq Azərbaycanı sevməyən, ermənipərəst qüvvələrin bilavasitə sifarişidir”, – “Yeni Müsavat” qəzeti Novruzovdan sitat gətirir.

Azərbaycanın Demokratik Qüvvələrinin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılıb. MŞ-ın ilk sədri tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov olub. Amma Rusiya vətəndaşı olduğu üçün seçkilərdə namizəd kimi iştirak edə bilməyib və təşkilat tarixçi Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Rəsmi məlumatlara görə, 2015-ci il prezident seçkilərində Həsənli 5,5 faiz səs toplayıb.

 


More on JAMnews