Polis həbsdə olan jurnalistlərin müdafiəsinə həsr olunan aksiyanı kobud şəkildə dağıdıb " />

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub: etiraz aksiyaları, mükafatlar və hədiyyələr

Polis həbsdə olan jurnalistlərin müdafiəsinə həsr olunan aksiyanı kobud şəkildə dağıdıb

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub. Jurnalistlərin bir qisminin yaddaşında bu bayram aldıqları mükafatlarla, digərlərinin yaddaşında isə dağıdılmış etiraz aksiyası ilə qalıb.

• Azərbaycanda jurnalist olmaq nə deməkdir?

• Azərbaycanda siyasi məhbusların əfvi: bu nə deməkdir?

Azərbaycanda Milli Mətbuat Günü iyunun 22-də qeyd olunur, çünki həmin gün 1875-ci ildə Azərbaycanda ilk qəzet – “Əkinçi” işıq üzü görüb.

Etiraz aksiyası

Bir neçə gənc reportyor Daxili İşlər Nazirliyinin qarşısında söz azadlığının məhdudlaşdırılmasına və jurnalistlərin təqib olunmasına qarşı etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis aksiyanı kobud şəkildə dağıdıb.

Eyni zamanda reportyorlar Mətbuat Şurasının binası qarşısına yollanıblar ki, qurum rəhbəri Əflatun Amaşovla görüşsünlər. Onları oradan da qovublar.

İştirakçılardan biri bir neçə saatlıq saxlanılıb.

Hakimiyyətdən hədiyyələr

Bayram münasibətilə Azərbaycan Jurnalistlər İttifaqı son üç ildə ilk dəfədir ki, bir neçə jurnalisti Həsən bəy Zərdabi mükafatı ilə təltif edib.

Prezident İlham Əliyev “Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün” 1 milyon manat ayrılması haqda sərəncam verib. Söhbət əksəriyyəti hökumətdən asılı olan və hökuməti dəstəkləyən çap nəşrlərindən gedir.

Azərbyacanda ilk müstəqil informasiya agentliyinin – “Turan”ın direktoru Mehman Əliyev bayramla bağlı deyib ki, “Azərbaycan hakimiyyəti uzun illər məqsədyönlü şəkildə medianı özündən asılı vəziyyətə salmaq üçün onun iqtisadi bazadan məhrum edilməsi siyasətini aparıb”.

Onun fikrincə, “hakimiyyət KİV-ə pul qazanmağa və özünü dolandırmağa şərait yaratmaqdansa, onları dotasiyada saxlamağa üstünlük verir”.

Azərbaycanda media ilə bağlı vəziyyət

Dünya azad söz indeksində Azərbaycan 179 ölkə arasında 166-cı yeri tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları və Avropa İttifaqı mütəmadi olaraq ölkə hökumətindən jurnalistlərin təqibinə son qoymağı tələb edir.  

Avropa İnsan Haqları Məhkəməsi bir sıra jurnalistlərə hökumət tərəfindən haqlarının pozulduğu üçün böyük məbləğdə kompensasiyaların ödənməsi haqda qərar çıxarıb.

Mass-media haqları sahəsində ekspert Xalid Ağaliyevin sözlərinə görə, hazırda yeddi jurnalist həbsdədir.

Rəsmi şəxslər isə əksinə, Azərbaycanda medaianın tamamilə azad olduğunu iddia edir.

Məsələn, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bəyan edib ki, “Bizim ölkəmizdə medianın inkişafı üçün mühüm işlər görülüb, söz və mətbuat azadlığı təmin edilib, dövlət mətbuata hərtərəfli diqqət yetirir”.


More on JAMnews