Azərbaycan prezidenti İstanbulda keçirilən “Qüds Sammitində” ABŞ-ı Qüdsə bağlı qərarına yenidən baxmağa çağırıb

İlham Əliyev Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanımağa səsləyib

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə sammitindəki çıxışında ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq haqda birtərəfli qərarını pisləyib.

Beynəlxalq hüquq qaydaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ABŞ prezidentinin Qüdsü İsrail paytaxtı kimi tanıması və səfirliyin bu şəhərə köçürülməsi haqda qərarı bizi ciddi narahat edir. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizamlanmasına mənfi təsir göstərə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, ABŞ öz qərarına yenidən baxmalıdır”, – Azərbaycan prezidenti bildirib.

İƏT-nin fövqəladə sammiti dekabrın 13-də İstanbulda İslam Əməkdaşlığı Təşkilatının hazırkı sədrinin – Türkiyə Respublikasının təşəbbüsü ilə keçirilir.

Qüdslə həmrəylik üçün müştərək hərəkat” devizi altında keçirilən sammitdə 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları iştirak edir.

İlham Əliyev öz çıxışında onu da bildirib ki, Azərbaycanda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçirilib. Konfransda Şərqi Qüdsün işğalını və dindarların Al-Aksa məscidinə gediş-gəlişinə qoyulan qadağanı pisləyən bəyanat qəbul edilib.

Biz həmişəki kimi bu gün də Fələstin xalqının yanındayıq Azərbaycan islam həmrəyliyi işinə böyük töhfə verir”, – prezident Əliyev deyib.

O həmçinin xatırladıb ki, 2017-ci ildə Azərbaycanda İslam həmrəyliyi ili elan olunub.


More on JAMnews