Paşinyan bildirib ki, həm yatağın istismarına etiraz edənlərin, həm də ölkənin beynəlxalq imiciüçün narahat olan iqtisadiyyatçıların fikri ilə eyni dərəcədə hesablaşır " />

Amulsar mədəninin işlənməsini qadağan etmək üçü əsas yoxdur – Ermənistanın baş naziri

Paşinyan bildirib ki, həm yatağın istismarına etiraz edənlərin, həm də ölkənin beynəlxalq imiciüçün narahat olan iqtisadiyyatçıların fikri ilə eyni dərəcədə hesablaşır

Amulsar qızıl yatağının işlənməsini qadağan etmək üçün hazırda heç bir əsas yoxdur. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayım zamanı bildirib.

Hələ avqustun ortasında Ermənistanın İstintaq Komitəsi yatağın işlənməsinin ətraf mühitə ziyan vurmadığı haqda ekspertiza rəyini dərc etmişdi. Baş nazir o zaman bir saatdan çox çıxış edərək Amulsar  yatağının Ermənistan üçün misilsiz ekoloji standartlara əsasən istismar ediləcəyini vəd etmişdi.

Amma ekoloqlar və yaxınlıqdakı qəsəbələrin sakinlərimədənin istismarının qadağan edilməsi uğrunda mübarizəni dayandırmayıblar. İş orasındadır ki, qızıl hasil etmək üçün ildə təxminən 100 ton natrium sianid istifadə olunacaq. Mədənin işlənməsinin əleyhinə olanlar hesab edirlər ki, məsələnin aşkar siyasi konteksti var. Onlar ehtimal edirlər ki, hökumət yatağın işlənməsi üçün lisenziya əldə edən şirkətlə məhkəmə çəkişmələrindən canını qurtarmaq üçün ekoloji problemlərə göz yumur.

Sentyabrın 9-da baş nazir Ermənistanın bu regionunun sakinlərini təmkinə dəvət edib. Paşinyan onların hamısından, xüsusən də Cermuk kurort şəhərinin sakinlərindən xahiş edib ki, Amulsara gedən yolu açsınlar. O öz mövqeyini belə izah edib: mədənin istismarı üçün lisenziya əldə edən “Lidian” şirkəti inşaat işlərini 2020-ci ilin aprelindən tez bərpa edə bilməyəcək, odur ki, yatağın yerləşdiyi əraziyə gedib-gəlişə mane olmaq üçün səbəb yoxdur. Yatağın istismarına gəlincə, bu sahədə işlər 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində başlaya bilər.

Bununla yanaşı, “Lidian” şirkətinə mədənin istismarı üçün lisenziya verməklə ölkə öz üzərinə öhdəliklər götürüb və indi öz nüfuzuna xələl gətirmədən onları yerinə yetirməkdən boyun qaçıra bilməz. Nikol Paşinyan deyib ki, o, həm ölkənin narahat sakinlərinin, həm də ölkənin beynəlxalq iqtisadi təşkilatlarda müsbət imicinin qorunmasının vacibliyindən danışan iqtisadçıların fikri ilə eyni dərəcədə hesablaşır.

Bundan başqa baş nazir bildirir ki, insanların etiraz etməsinə lüzum yoxdur, çünki onun hökuməti heç bir korrupsiya sözvdələşməsinə getmir, ölkənin və sakinlərin gələcəyindən narahatdır.

Şərh: “Kimə qarşı sevgi”, “Kiminlə həmrəylik?”. Ermənistanda qızıl haqda

Baş nazir başqa nə deyib?

Onun əsas fikri ondan ibarət idi ki, hökumət Amulsar mədəninin işlənməsini qadağan edə bilməz.

“Amma bununla yanaşı, biz cəmiyyətin narahatlığını da nəzərə almaya bilmərik”, – Paşinyan vurğulayıb.

Bununla əlaqədar olaraq, baş nazirin sözlərinə görə, Ermənistan hökuməti mütəmadi şəkildə Amulsar yatağının ərazisində aparılan bütün işlərin monitorinqini aparacağını vəd edir. Bunun üçün Ətraf Mühit Nazirliyi 2020-ci ilin mayına doğru mədənin istismarı zamanı bütün pozuntuları üzə çıxarmağa imkan verəcək müvafiq avadanlıq almaq niyyətindədir. “Lidian” şirkəti də həmin vaxta qədər mədən ərazisində işləri davam etdirməyəcək deyə, hökumətin tələsməyi üçün səbəb yoxdur.

Nikol Paşinyan “Lydian Armenia” şirkətinin nümayəndələri ilə sentyabrın 6-da baş tutan son görüşün bəzi təfərrüatlarını danışıb.

Onun sözlərinə görə, şirkət mədənin yüz faiz təhlükəsiz istismarı ilə bağlı üzərinə öhdəlik götürüb:

“Bu o deməkdir ki, bircə litr də çirklənmiş su çaya qarışmır, hava çirklənməyəcək, qrunt suları çirklənməyəcək, biomüxtəlifliklə bağlı heç bir problem olmayacaq. Şirkət nümayəndələri qəti şəkildə əmin edirlər ki, ekoloji mühitdə heç bir mənfi dəyişiklik olmayacaq”.

Ən əsası isə hər hansı pozuntu aşkarlanarsa, 90 gün müddətində mədən qapadılacaq.

Paşinyan nə təkilf edib?

Ermənistanın baş naziri yaranmış vəziyyəti nə cürsə həll etmək üçün bir sıra təkliflər səsləndirib.

İlkin olaraq o, Cermuk sakinlərindən xahiş edib ki, Amulsara gedən yolları açsınlar. Onlar 2018-ci il inqilabından sonra bu yolu ölkənin yeni hökumətinin onları dəstəkləyəcəyi və yatağın işlənməsini qadağan edəcəyi ümidi ilə kəsiblər.

“Mən rəsmi şəkildə Cermuk sakinlərindən xahiş edirəm ki, mədənə gedən yolları açsınlar. Təkrar edirəm. Xahiş edirəm, yolu açın”, – bu ifadə baş nazirin canlı efirində dəfələrlə səslənib.

Daha sonra Paşinyan bildirib ki, inspeksiya orqanına Amulsarda yoxlamalara başlamaq göstərişi verilib, mədənin təhlükəsiz istismarına dair kompleks ekspertiza aparan ELARD şirkəti ilə az əvvəlki video-konfrans zamanı səslənən bir sıra problemlər araşdırılmalıdır:

“Yeni istintaq qrupu yaradılıb, nəinki mövcud faktlar yoxlanılacaq, həmçinin yenilər də araşdırılacaq”.

Ermənistanda qızıl dağın taleyini həll edə bilmirlər. Amulsar üzrə ekspertiza ətrafında kuryoz 

Ekoloqlar necə reaksiya verib?

Paşinyanın arqumentləri yenə də ekoloqları və SaveAmulsar hərəkatının fəallarını inandırmayıb.

Ekoloq Şirak Buniatyan Amulsar mədəninin istismarı ehtimalı ilə bağlı baş nazir Nikol Paşinyana artıq cavab verib.

Facebook sosial şəbəkəsindəki səhifəsində o, yazıb ki, Amulsara gedən yol yalnız iki halda açıla bilər:

• ya hökumət erməni xalqının bir il əvvəl verdiyi sarsılmaz qərarı [ssöhbət mədənin istismar edilməyəcəyindən gedir – JAMnews] qəbul edəcək,

• ya da hakimiyyət öz sələflərinin metodlarını tətbiq edəcək [güc tətbiqi nəzərdə tutulur – JAMnews].

“Amma əvvəlkilərin bu qüsurlu təcrübəsinə əl atılsa, inqilabın reytinqi qətl ediləcək. Amulsar bizim vətənimizdir, nöqtə”, – Buniatyan yazıb.

Hökumət nümayəndələrinin reaksiyası

Paşinyanın bəyanına ilk reaksiya verənlərdən biri də Ermənistanın ən varlı şəxslərindən biri, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan olub.

Onun sözlərinə görə, Amulsar yatağının taleyini xalq həll etməlidir. Üstəlik o, özü şəxsən mədənin istismarına qarşı etiraz aksiyalarına çıxaraq, insanlara qoşulmağa hazırdır:

“Xalqı eşitmək lazımdır. Əgər onun razılığı olsa, mədəni açmaq olar. Əgər bu razılıq olmasa, qoy işlədilməsin. Xalq orada yaşayır və yaşayacaq. Onun fikrini necə nəzərə almamaq olar?”

Parlamentin hakim “Mənim addımım” fraksiyasından olan deputatı, iqtisadi məsələlər üzrə komissiyanın rəhbəri Babken Tunyan hazırda Amulsar mədininin işlənməsinin qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur:

 “Hazırda belə bir qərar qəbul edilib: mədəndəki inşaat işlərinə mane olmaq lazım deyil. Mən ən başından bu nöqteyi-nəzərə əsaslanırdım… Əgər bir il ərzində mədənin işlənməsini dayandırmaq üçün əlavə səbəb yaranarsa, deməli, o zaman müəyyən tədbirlər görüləcək”.

Sosial şəbəkələrdə nə yazırlar?

Amulsar mədəninin işlənməsi məsələsi Facebook-un Ermənistan seqmentində artıq uzun müddətdir ki, ən çox müzakirə olunan mövzudur.

Sosial şəbəkə istifadəçiləri iki lagerə bölünüb: biri Amulsarın işlənməsinin tam əleyhinədir, digəri isə tamamilə Paşinyanın fikrinə etimad edir və hesab edir ki, “o bilən məsləhətdir”.

Bəzi şərhləri təqdim edirik:

“Baş nazirimizi etibar edirik!”

“Cənab baş nazir, siz bizim ölkəmizin lideridir və biz, bizim xalqımız qeyd-şərtsiz sizə etibar edirik!”

“Biz etiraz edəcəyik və sona qədər gedəcəyik! Hətta həyatlarımızın bahasına olsa da!”

“Öz manipulyasiyanıza son qoyun! Turizm sahəsi bizə Lidiandan əldə ediləcək 10 faizdən daha çox pul gətirə bilər!”

“Əhalinin böyük hissəsi bunun əleyhinədir!”

“Biz inqilabın ikinci mərhələsinə belə keçirik?”

 Mədən haqda

Amulsar mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, Arpa və Vototan çayları arasında yerləşir.yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir.

“Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib.

2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb.

Mədənin işllənməsinə qarşı etirazlar 2011-ci ildə başlayıb. Bu etirazlarda ətraf yaşayış məntəqələrinin sakinləri və ekoloqlar iştirak edib. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Sevan gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi:

“Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.

2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.

Elə həmin il Ermənistanın İstintaq Komitəsi ətraf mühitə ziyan vurulması şübhəsilə cinayət işi qaldırıb. Bütün sualların cavabını beynəlxalq ekspertiza verməli idi.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müsbət rəy verilərsə, Amulsar yatağı istismaq olunacaq:

“Əgər istismarın Sevan gölü və Cermukun su sistemi üçün təhlükəsiz olduğu əsaslandırılsa, layihə həyata keçiriləcək. Amma təhlükə varsa, mən baş nazir kimi heç nədən asılı olmayaraq, onun istismarına icazə verə bilməyəcəm”.

Yekunda ekspertiza belə nəticəyə gəlib ki, mədənin işlənməsi “idarə olunmayan risk” daşımır. Yəni qızıl hasilatının bərpası üçün hökumətin qarşısında “yaşıl işıq” yandırılıb.

Amulsar yatağı niyə belə vacibdir?

Amulsar yatağının istismar hüququnu “Lydian” şirkəti alıb. O, müstəqil Ermənistan tarixində ən böyük investisiya paketinə malikdir. Atruktur 325 milyon dollarlıq rəqəm açıqlayıb. Ehtimal olunurdu ki, ilkin mərhələdə, yəni inşaat işlərinə 1300 nəfər cəlb olunacaq, istismar müddətində isə 770 nəfər işlə təmin ediləcək.

Mədənin işlənməsi şirkətin hesablamalarına görə, Ermənistan ÜDM-nin illik dövr üçün 1,4 faiz və ya 185 milyon dollar həcmində artımını təmin etməlidir.

“Lydian” şirkəti dövlət büdcəsinə 50 milyon dollar ödəmə ilə Ermənistanın ən iri beş vergi ödəyicisi sırasına daxil olmağı nəzərdə tutub. İxrac göstəriciləri isə ilkin hesablamalara görə, ildə 286 milyon dollara çata bilər.


More on JAMnews