Məktubu imzalayan konqresmenlər kimdir və niyə onların fikri önəmlidir?" />

Amerikalı konqresmenlər Gürcüstanın baş nazirinə məktub yazıblar: Gürcüstanın əsas səkkiz problemi

Məktubu imzalayan konqresmenlər kimdir və niyə onların fikri önəmlidir?

Gürcüstanın baş naziri Georgi Qaxariya amerikalı konqresmenlərdən məktub alıb, məktubda deyilir ki, Gürcüstan hökuməti vəd etdiyi demokratik islahatlardan imtina edib, siyasi opponentlərini təqib edir, ölkədəki investisiya mühiti isə pisləşir.

Məktub dörd konqresmen: “Gürcüstanln Dostları Qrupu”nun həmsədrləri Adam Kinsinger və Cerald Konnoli; Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Eliot Engel və Nümayəəndələr Palatasının Xarici İşlər Komitəsində respublikaçı azlığın lideri Maykl Makkoll  tərəfindən imzalanıb.

Məktub yanvarın 21-ə aiddir, amma baş nazir administrasiyası onu dünən, yanvarın 22-i axşam saatlarında dərc edib.

Müxalifət və ekspertlər deyirlər ki, bu, “Gürcü arzusu” iqtidar partiyasının aldığı ən tənqidi məktublardan biridir və bu məktubun real ünvanı baş nazir yox, ölkənin qeyri-rəsmi lideri, milyarder Bidzina İvanişvilidir.

Gürcüstan hakimiyyətinin reaksiyası: məktubda ifadə olunan fikir yalnız dörd konqresmenə aiddir və ciddi müzakirəyə layiq deyil

Gürcüstanda yarım il ərzində 150 etiraz aksiyası. Etirazların lideri kimdir? Video

İl yarımlıq fasilədən sonra Tbilisidə ABŞ səfiri olacaq

Tbilisidə aksiyada onun gözünü çıxarıblar, amma o, yenə də mitinqlərdə iştirak edəcək. Niyə? Video

 

 

Məktubda sadalanan konkret faktlar:

1) Konqresmenlər bildirirlər ki, Gürcüstan hökuməti vəd etdiyi demokratik islahatlardan imtina edib

Burada proporsional seçki sistemə keçidlə bağlı Bidzina İvanişvilinin 2019-cu ilin yayında Tbilisidə keçirilən kütləvi etirazlar fonunda verdiyi vəd nəzərdə tutulur. Amma noyabrda parlamentdə səsvermə zamanı “Gürcü arzusu” iqtidar partiyasının (partiya lideri Bidzina İvanişvilidir) nümayəndələri müvafiq dəyişiklikləri dəstəkləməyib.

2) Gürcüstan hakimiyyəti dinc nümayişçilərə qarşı güc tətbiq edib

Məktubdan sitat:

“Biz demokratik islahatlardan imtina və dinc nümayişçilərə qarşı zorakılıq tətbiqi ilə bağlı qərarlardan narahat olmuşuq”.

3) Gürcüstan hakimiyyəti siyasi təqib məqsədilə ölkə üçün strateji əhəmiyyət kəsb edən layihədən – dərinsulu Anakliya limanından istifadə edib

Məktubdan sitat:

“ABŞ-ın dəstəklədiyi Anakliyanın inkişafı üzrə Konsorsiumu “Gürcü arzusu” siyasi təqib hədəfinə çevirib.Amerika şirkətləri artıq bu mühüm layihədə öz cari və gələcək sərmayələrini dayandırıblar.

Bu tendensiyalar, deyəsən, getdikcə daha da pisləşən işgüzar mühiti əks etdirir, bu səbəblə Gürcüstana Birləşmiş Ştatlardan gələcək investisiyalar dayandırıla bilər”.

4) Gürcüstan hakimiyyətinin əməlləri Rusiya və prezidenti Vladimir Putinin regionada təsirini gücləndirir

Məktubdan sitat:

“Xarici investisiyaların azalması nəinki gürcü xalqına və onun qərb institutlarına daha dərin inteqrasiyaya bəslədiyi ümidlərə zərbə vurur, həm də Vladimir Putinin regionda təsirini gücləndirir”.

5) 2020-ci il parlament seçkiləri öncəsi “Gürcü arzusu” Facebook-da demokratiyaya, qərb dəyərlərinə qarşı paylaşımlar yayan və seçkilərin yüksək səviyyədə keçirilməsini şübhə altına qoyan geniş akkauntlar şəbəkəsini maliyyələşdirir

Məktubdan sitat:

“ “Gürcü arzusu” partiyasının rəhbərlik etdiyi Gürcüstanın 2020-ci il parlament seçkilərinə necə yaxınlaşmasını nəzərə alaraq, biz yenidən sizləri bu seçkilərin legitimliyini qorumağa və seçkini daxili və xarici müdaxilələrdən mühafizə etməyə səsləyirik.

2019-cu il 17 dekabr tarixli cavab məktubunuzda siz 2020-ci il parlament seçkilərinin ən yüksək standartlarla həyata keçiriləcəyinə söz verdiniz. Amma son məlumatlara əsasən, Facebook “Gürcü arzusu” partiyası tərəfindən maliyyələşdirilən  böyük akkauntlar şəbəkəsini bağlamalı olub. Bu akkauntların demokratiyaya, qərbə qarşı baxışları yayması sadəcə qəbuledilməzdir”.

6) “Gürcü arzusu” partiyası öz opponentlərini siyasi motivlərlə təqib edir və bunun üçün özünün idarə etdiyi prokurorluqda istifadə edir. Partiya eyni yoldan kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti təmsilçilərinin də təqibi üçün yararlanır

Məktubdan sitat:

“Biz “Gürcü arzusu” partiyası tərəfindən təyin olunmuş  prokurorların partiya rəqiblərinə qarşı köhnə işləri yenidən başlamasından çox narahatıq. Bu işlərdən bəziləri… müxalifətin qabaqcıl liderlərinə, jurnalistlərə, beynəlxalq korporasiyalara və vətəndaş cəmiyyəti fəallarına qarşı yönəlmiş kimi qəbul edilir”.

7) Gürcüstanda məhkəmə sistemi qərəzlidir

Məktubdan sitat:

“Qanunun aliliyinin və məhkəməsisteminin qərəzsizliyinin qorunması sizin partiyanızın zəmanət verdiyi sağlam demokratiya, o cümlədən də azad və ədalətli seçki üçün vacibdir”.

8) Gürcüstanda işgüzar mühit pisləşir, Amerika və Avropa şirkətləri isə təqiblərə məruz qalır

Məktubdan sitat:

“Gürcüstan 1991-ci ildə müstəqillik əldə edəndən sonra biz gürcü xalqının demokratiyaya və Qərblə tərəfdaşlığın dərinləşdirilməsinə doğru güclü hərəkatını müşahidə edirik. Amma… son zamanların demokratik və iqtisadi tendensiyaları Gürcüstanın Birləşmiş Ştatlarda imicinə mənfi təsir göstərir.

Təəssüf ki, iqtisadi indikatorlar Gürcüstana birbaşa xarici investisiyaların kəskin azaldığını göstərir. Amerika və Avropa şirkətlərinin bəziləri təzyiqdən ziyan çəkib. Bu səbəbdən çoxları öz biznes planlarını yenidən nəzərdən keçirməli olub”.

Konqresmenlər Gürcüstan hökumətinə hansı tövsiyələri verir?

Konqresmenlər gürcüstanlı həmkarlarını Gürcüstanın ABŞ Nümayəndələr Palatasındakı hər iki partiyanın göstərdiyi dəstəyin böyük hissəsini itirməsinə yol verməməyə çağırıb. 

Məktubdan sitat:

“Biz ümid edirik ki, sizin hökumətiniz demokratik institutların möhkəmləndirilməsi və gürcü xalqının iqtisadi rifahının yüksəlişi məqsədilə, Gürcüstanın uzun illər ərzində Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşı olaraq qalması üçün ABŞ Konqresi, səfir Kelli Deqnan, Avropa İttifaqı və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edəcək”.

Niyə məktub müəlliflərinin fikri önəmlidir?

İlk növbədə vacib olan odur ki, məktubu imzalayanlar arasında Amerikanın hər iki aparıcı partiyasının nümayəndələri var, həm respublikaçıların, həm də demokratların. Bu isə o deməkdir ki, Gürcüstan məsələsi ilə bağlı Konqresdə tam konsensus mövcuddur.

“Gürcüstan hökumətinin bu məktuba ciddi yanaşlası lazımdır. Bu. mənfi tendensiyalar haqda ikipartiyalı xəbərdarlıqdır… və bu, Gürcüstanın dostlarından gəlir”, – Co Bayden mərkəzinin idarəedici direktoru, amerikalı ekspert Maykl Karpenter konqresmenlərin məktubunu Twitter-də şərh edib.

İkinci vacib məqam məktubun ABŞ Konqresinin “Gürcüstanın Dostları Qrupu” həmsədrləri tərəfindən imzalaması ilə bağlıdır, onların Gürcüstana baxışı xüsusilə mühümdür. Üçüncü vacib məqam ondan ibarətdir ki, məktubu imzalayanların Konqresdəki siyasi çəkiləri kifayət qədər yüksəkdir. Məkubu imzalayanlar arasında Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Eliot Engel də var. Məktubu imzalayanlar arasında olan digər konqresmen Serald Konnoli isə ABŞ-ın NATO Parlament Asssambleyasındakı nümayəndə heyətinin prezidentidir.

Bu konqresmenlər çox vaxt Gürcüstanı dəstəkləyən məzmunda bəyanatlar səsləndirib. Məsələn, məhz bu konqresmenlərin fəaliyyəti nəticəsində 2019-cu ilin oktyabrında ABŞ-ın Nümayəndələr Palatası Gürcüstanı dəstəkləyən ikipartiyalı aktı yekdilliklə dəstəkləyib.

Gürcüstan hakimiyyəti o zaman bu konqresmenləri “Gürcüstanın dostları” adlandırırdı və opponentləri ilə debatlar zamanı çox vaxt bu aktı Amerikanın göstərdiyi dəstəyin nümunəsi adlandırırdılar.

Hakimiyyətin və müxalifətin reaksiyası

Hakimiyyət nümayəndələri bildirirlər ki, konqresmenlər Gürcüstandakı hazırkı vəziyyət haqda real informasiyaya sahib deyillər, çünki müxalifət konqresmenlərə “yalan informasiya” ötürür.

Hakimiyyət nümayəndələri öz şərhlərində bu konqresmenlərin siyasi çəkisini və nüfuzunu kiçiltməyə çalışaraq, vurğulayıblar ki, məktubu qanunvericilərin yalnız dördü imzalayıb.

Müxalifət və ekspertlər məktubu seçkiqabağı dövrdə “Gürcü arzusu”nun ABŞ-dan aldığı ciddi xəbərdarlıq və “qırmızı kart” kimi qəbul ediblər.

“Təəssüf ki, Qərbdə Gürcüstanda necə idarəetmə sisteminin qurulduğu haqda təsəvvürlər dəyişir. Faktiki olaraq, əgər biz nəticə çıxarsaq, o zaman görərik ki, Qərb getdikcə Gürcüstanda hansısa kölgə avtoritarizminin formalaşdığına əmin olur…

Əslində məktub Bidzina İvanişviliyə ünvanlanıb. (Baş nazir) Qaxariya adi poçtalyondur, məəktub ona göndərilib ki, yiyəsinə çatdırsın”, – siyasi şərhçi Qiya Xuxaşvili hesab edir.


More on JAMnews