Azı 100 il əvvəl Nyu Yorkda yaradılan “Meqeryan” emalatxanasından foto və video " />

Altı rəngin 600 çaları – Yerevanda toxunan və bərpa olunan xalçalar

Azı 100 il əvvəl Nyu Yorkda yaradılan “Meqeryan” emalatxanasından foto və video

Bu muzeydə adam narahat olur ki, görəsən, içində gəzmək olarmı? Burada ayaqaltı büsbütün gözəlliklə döşənib. Amma muzey əməkdaşı bizi sakitləşdirir:

“Xalının üstündə rahat gəzə bilərsiz, heç nə olmayacaq”.

“Meqeryan” şirkəti azı yüz il əvvəl Nyu Yorkda formalaşıb. O zaman şirkət yalnız xalıların alqı-satqısı, yuyulması və təmiri ilə məşğul olurdu.

1970-ci ildə şirkət Misirdə xalça istehsalı üzrə ilk fabrikinin əsasını qoyub, daha sonra digər ölkələrə də yayılıb.

2002-ci ildə “Meqeryan”  Ermənistanda sovet vaxtı xalça toxunan “Ayqorq” kombinatının binasını alıb. İndi burada yeni və qədim xalçaların özünəməxsus muzeyi fəaliyyət göstərir.

“Megeryan carpet” şirkəsinin xalçaları yalnız təbii rənglərlə boyanan ipliklərdən toxunur. Məsələn, sarının bir çalarını ödotundan, digər çalarını isə ağ tut ağacının qabığından alırlar. Qəhvəyi rəngi qozun, açıq şabalıdını isə ölkənin cənubunda, Meğridə yetişən ağ narın qabığından əldə edirlər.

Köhnə zamanlarda erməni ustalar qırmızı rəngi “vordan karmir” və ya Ararat koşenili adlanan həşəratdan alırdılar. Amma indi beynəlxalq bazarda bu boyanın bir qramı qızıldan bahadır.

Həmçinin saytda: Niyə Ermənistanda bahalı karmin boyası əldə edilən unikal həşərat – koşenil qoruğunu qoruya bilməyiblər?

İndi qırmızı boyanı çıldırın  kökündən hazırlayırlar. Qadınlar pasxa yumurtalarını da onunla boyayır.

Xaricdən şirkət yalnız Hindistan indiqosu gətirir. Ondan tünd göy rəng alınır.

Bu altı rəngin ahəngindən “Megeryan carpet” şirkətində altı yüzdən çox çalar əldə edilir. Bu boyalar alum, əhəngdaşı və daha iki komponent vasitəsilə möhkəmləndirilir. Bu iki komponenti şirkət korporotiv sirr olaraq açıqlamır.

Bu formulun sayəsində rənglər uzun müddət parlaqlığını qoruyur, xalçaların rəngi solmur.

Muzeydə saxlanılan ən qədim xalça 400 yaşlı Vaspurakandır (aşağıdakı foto).

Xalçanın sol tərəfi sovet illərində kimyəvi boyalar vasitəsilə bərpa olunub və rəng qammasına görə sağ tərəfindən çox fərqlənir. Xalçanın sağ tərəfi ziyan çəkməyib və bərpa olunmayıb. Xalçanın sağ tərəfi təbii boyalarla rənglənən ipliyin rəngini itirmədiyinin sübutudur.



Yerevanın 2800 illiyinə həsr oluunmuş xalçanın toxunduğu nəhəng dəzgah da bu muzeydə saxlanılır [Yerevanın əsasının qoyulması tarixi eramızdan əvvəl 782-ci il hesab olunur, 2018-ci ilin oktyabrında yubileyin qeyd olunması planlaşdırılır — JAMnews].

Bu xalçanın üzərində dörd usta bir ildən çox çalışıb. Yerevan tarixinin ən mühüm epizodları bu xalçanın naxışlarında əks olunub.

Ümumilikdə isə “Meqeryan” şirkətində 30 usta zəhmət çəkir.

Şirkət dünyanın hər yerindən qədim erməni xalçalarını alır, daha sonra dizanerlərin səyləri ilə onların naxışları yeni xalçalarda canlandırılır.

Hazır xalçaları əvvəlcə qırxırlar, sonra beş dəfə  darayırlar – bunu yalnız əllə edirlər ki, sonradan qırıntılar tökülüb döşəməni bulamasın.

Bundan sonra xalçanın tərs üzünə ağac şirəsi sürtülür ki, güvə yeməsin.

Hər bir xalçanın tamamlama işinə bir aya yaxın vaxt gedir.

Lori xalçasının orijinalı (aşağıdakı foto) Eçmiadzin muzey xəzinəsində saxlanılır. Burada onun altı nüsxədə surəti hazırlanıb, amma satış üçün yox. Onları Ermənistan tarixinə öz töhvəsini verən, ölkəni dünya üçün daha məşhur və daha aydın edən şəxslərə hədiyyə edirlər.

Ümumilikdə beş bu cür xalça hədiyyə olunub. Onların sahibləri Şarl Aznavur, Roma Papası Fransisk, Kilikiya katolikosu Birinci Aram, futbolçu Henri Mxitaryan və Türkiyə Parlamentinin erməni deputatı Qaro Paylyandır.

Bu xalçalardan biri isə artıq Corc Kluni və Amal Kluni üçün toxunub.

Muzeydə sərgiyə qoyulmuş xalçalardan bəziləri konkret ailələrin tarixini əks etdirir.

Bu 150 yaşlı xalça erməni soyqırımının şahididir. 1915-ci ildə ana ailə xalçasını iki yerə bölüb və yarım xalıları ayrılmaq məcburiyyətində qalan iki qızına verib. 50 ildən sonra bu yarım xalılar sayəsində bacılar bir-birini Nyu Yorkda tapa bilib.

Hər xalçanın öz tarixi var, bəzilərinin isə rəmzi təyinatı da mövcuddur.

200 yaşlı Nşaqorq adlanan xalça (aşağıdakı foto) nəslin davamını simvolizə edir. Uşaq doğa bilməyən qadınlar və  ərə getmək istəyən qızlar inanırdılar ki, öz əlləri ilə toxuduqları Nşaroq arzularının həyata keçməsinə kömək edə bilər.

Hansısa İran xanı təxminən 200 il əvvəl məhz erməni ustalara Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında (aşağıdakı foto) xalça sifariş verib.

Muzeyin ən heyrətamiz eksponatlarından biri orijinalı Ermitajda saxlanılan Pazirik xalçasıdır.

Bu dünyanın ən qədim xalçasıdır (aşağıdakı foto). Hesab olunur ki, o, təxminən eramızdan əvvəl beşinci əsrdə toxunub və erməni mənşəlidir. Sübut olaraq əsas üç arqument gətirilir. Xalça ermənilərə xas ikiqat ilmələrlə toxunub, Ararat vadisində rast gəlinən həşəratdan hazırlanan vordan karmir boyaları ilə rənglənib. Naxışlar isə Urartu kral sarayının freskalarını təkrarlayır [Ermənistanın dağlıq ərazisində yerləşən qədim dövlət  — JAMnews].

Muzeydə həmçinin üzərində qədim erməni xalçalarının naxışları əks olunmuş unikal gümüş sırğalar da nümayiş olunur.

Muzeydə qədim və yeni xalçaların satıldığı pavilyon da fəaliyyət göstərir.

Facebook Comments

More on JAMnews