Yeni tənzimləmələr hələ ki, yalnız taksidə gediş haqqını artırıblar və bir neçə yüz ailəni gəlir mənbəyindən məhrum ediblər" />

Ağ taksilər rənglilərə qarşı. Tbilisidə taksi islahatının ikinci mərhələsi başlayıb

Yeni tənzimləmələr hələ ki, yalnız taksidə gediş haqqını artırıblar və bir neçə yüz ailəni gəlir mənbəyindən məhrum ediblər

Tbilisi küçəsində avtomobillərავტომობილები თბილისის ქუჩაში

2019-cu ilin oktyabr ayının 1-dən, Tbilisi meriyasının sərəncamına əsasən, şəhərdə hərəkət edən bütün özəl taksilər ağ rəngdə olmalıdır. Əks halda, onlara taksi nişanı quraşdırmaq və küçədə sərnişin götürmək qadağan edilib.

İşsizlik səviyyəsinin rəsmən 20 faiz, qeyri-rəsmi isə xeyli çox olduğu ölkədə bir çox insanlar taksi sürməklə pul qazanır və bu yolla ailələrini dolandırırdılar. Yeni tənzimləmələr onlar üçün əməlli-başlı problemlər yaradıb.

Tənzimləmələrdən sıravi vətəndaşlar da narazıdır. Onlar şikayətlənirlər ki, tənzimləmələrin qəbul edildiyi vaxtdan taksidə gediş haqqı qalxıb.

___________________

Oktyabrın 1-dən Tbilisidə iki kateqoriyadan olan taksilər hərəkət edəcək. A kateqoriyalı bütün taksilər ağ rəngdə, beş qapılı (yük yeri daxil olmaqla) və soltərəfli sükanlı olmalıdırlar. Bu kateqoriyadan olan taksilər üstünlüyə malikdir – onlar üçün paytaxtda dayanacaq pulsuzdur. Həmçinin, başqa rəngdə olan taksilərdən fərqli olarq, yalnız ağ taksilər küçədə sərnişin götürə və maşının üstünə taksi nişanı quraşdıra bilərlər.

Əhalinin yarısı kommunal xərcləri ödəmək iqtidarında deyil. Gürcüstanda necə yaşayırlar?

Yerdə qalanlar (başqa sözlə, digər rənglərdə olan taksilər) B kateqoriyasına aid ediliblər. Onları isə yalnız rəngləri və daha məhdud hüquqları fərqləndirir.

Misal üçün, ağ rəngdə olmayan maşın taksi nişanı daşıya bilməz, başqa sözlə, sərnişin bilməyəcək ki, bu taksidir. Hərçənd, B kateqoriyalı taksinin küçədən sərnişin götürməyinə onsuz da icazəsi yoxdur. Məsələn, göy, yaxud gümüşü rəngdə avtomobil sərnişin götürmək üçün dayanarsa, sürücü cərimə olunacaq.

B kateqoriyalı taksi sürücüləri “Bolt” və “YandexTaxi” kimi servislərdə birləşə və paytaxt sakinlərinə yalnız onlayn tətbiqlər vasitəsilə xidmət göstərə bilərlər.

Hər iki kateqoriyalı nəqliyyat üçün ümumi olan odur ki, rəngindən asılı olmayaraq, onlar xüsusi lisenziyaya malik olmalı və ildə bir dəfə texniki baxışdan keçməlidirlər.

Taksi islahatı

Faktiki olaraq, Sovet İttifaqı dağılandan sonra Tbilisidə taksi fəaliyyəti qanunvericilik səviyyəsində tənzimlənmirdi. İstənilən avtomobil sahibi maşına taksi nişanı quraşdıraraq, taksi fəaliyyəti ilə məşğul ola bilərdi.

Şəhərdə taksilərin lisenziyalaşdırılması zərurəti haqqında Tbilisi meri Kaxa Kaladze 2017-ci ildə bildirdi.

Tbilisi meriyası taksi tənzimlənməsini mərhələli həyata keçirməyə qərar verdi. 2018-ci ilin oktyabr ayının 1-dən qanun taksi sahiblərindən lisenziya alınmasını və texniki baxışdan keçməyi tələb edir.

İslahatın bu mərhələsini həm ekspertlər, həm də vətəndaşların əksər hissəsi müsbət qiymətləndirdi, lakin islahatlar çərçivəsində qəbul edilmiş daha bir təşəbbüs – taksilərin ağ rəngə boyanması çoxları üçün qəbuledilməz oldu.

2019-cu ilin oktyabr ayının 1-dən isə, meriyanın sərəncamına əsasən, şəhərdə hərəkət edən bütün özəl taksilər ağ rəngdə olmalıdır. Sağtərəfli sükanlı və üç qapılı maşınlara taksi xidmətləri göstərmək qadağan edilib.

Maşınların yenidən boyanması məqsədilə meriya sürücülərə 800 larilik vauçerlər təklif etdi. Lakin sürücülər narazı qaldılar, belə ki, onların sözlərinə görə, rəngləmənin qiyməti meriyanın ayırdığı məbləğdən yüksəkdir. Bundan əlavə, rənglənmiş maşının qiyməti satış vaxtı aşağı düşür.

Bu təşəbbüsün müəllifi bilavasitə Tbilisinin meri Kaxi Kaladzedir. Onun sözlərinə əsasən, bu, şəhərin görkəminin yaxşılaşdırılması üçün edilir. Misal kimi o, bir rəngdə taksilərin hərəkət etdiyi Avropa şəhərlərini göstərir.

İlk yekunlar və rəylər

Taksilərin kateqoriyalara bölünməsi oktyabrın 1-dən başlayıb və gələcəkdə davam etdiriləcək. Taksiyə kateqoriyanın verilməsi üçün avtomobil ilkin olaraq texniki baxışdan keçməlidir.

Tbilisinin vitse-meri İrakli Xmaladzenin məlumatına görə, Tbilisidə 26 min lisenziyalı taksi var. Bunlardan 30%-i texniki baxışdan keçməyib. Yerdə qalan 70%-dən yarıdan çoxu artıq kateqoriyalaşdırmadan keçib və bunlardan 24 faizi A kateqoriyasına düşüb.

Yekunlaşdırsaq, belə çıxır ki, bu gün 26 min lisenziyalı taksidən cəmi 2000-2500 ədədi A kateqoriyasına düşüb.

İslahat həm müxalifət, həm taksi sürücüləri, həm də servisin istifadəçiləri tərəfindən tənqidə məruz qalıb.

Milli hərəkatın üzvü Roman Qotsiridze parlamentdə çıxış edərkən Tbilisi meriyasının taksilərin rənglənməsinə dair təşəbbüsünü “korrupsiya xarakterli” adlandırıb:

«Bu gündən 24 min taksi sürücüsü meriyadan qaynaqlanan şıltaq və korrupsiya xarakterli təşəbbüs üzündən cərimələnəcəklər. Maşınların ağ rəngə boyanması ilə onların texniki vəziyyəti və sərnişinlərin təhlükəsizliyi baxımından heç nəyi dəyişmir», — Qotsiridze bildirib.

İslahatı nəqliyyat məsələləri üzrə fəaliyyət göstərən “Hab Corciya” platformasının icraçı direktoru Vasil Uruşadze də mənfi qiymətləndirir.

«Tbilisi meriyasının qəbul etdiyi tənzimləmələr bu sahədə mövcud olan çağırışlara cavab vermir. Əsas vəzifə ölkədə, xüsusilə, Tbilisidə taksi servisini yaxşılaşdırmaq idi, Tbilisi meriyası isə bizim tövsiyələrimizi nəzərə almaq əvəzinə ümumiyyətlə anlaşılmayan tənzimləmələr yolunu seçdi», — Uruşadze deyib.

Yeni tənzimləmələr bütün gün ərzində “Facebook”da fəal müzakirə olunub. İstifadəçilər yazırlar ki, oktyabrın 1-dən taksi çağırışının tarifləri və “Bolt”, “YandexTaxi” kimi servislərin qiyməti nəzərə çarpacaq dərəcədə yüksəlib.

Tbilisinin vitse-meri İrakli Xmaladze paytaxt sakinlərinə tələsməməyi tövsiyə edir, belə ki, “oktyabrın 1-i islahatın başlanğıcıdır, onun sonu deyil”. Onun sözlərinə görə, gələcəkdə islahat nəzərə çarpacaq dərəcədə təkmilləşdiriləcək.


More on JAMnews