Əhalinin yarısı kommunal xərcləri ödəmək iqtidarında deyil. Gürcüstanda necə yaşayırlar?
Milli Demokratiya İnstitutu (NDI) və CRRC Gürcüstan 13-29 iyul tarixlərində keçirilmiş sosioloji tədqiqatın nəticələrini dərc ediblər. 213 respondentin rəyi öyrənilib. Sorğuda əldə edilmiş nəticələrə əsasən, ölkədə ağır iqtisadi vəziyyət yaranır, əhali isə son 5 il ərzində yoxsullaşıb.
JAMnews aparılmış tədqiqatın ən maraqlı rəqəmlərini təqdim edir:
• UNICEF-in tədqiqatı: Gürcüstanda işsizliyin və yoxsulluğun səviyyəsi yüksəlib
• Gürcüstan vətəndaşlarının doğma ölkələri haqqında rəyləri. NDI-nin tədqiqatı
________________
• Əhalinin 49%-i hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir. 2010-cu ildən sonra bu, ən aşağı göstəricidir. Yalnız 18 faiz bunun əksini düşünür.
• Əhalini düşündürən əsas məsələlər, əvvəlki illərdə olduğu kimi, iqtisadiyyatla bağlıdır. Sorğunun nəticələrinə görə, əsas problemlər bunlardır:
İş yerləri (48 faiz)
Qiymət artımı və inflyasiya (34 faiz)
Yoxsulluq (33 faiz)
Ərazi bütövlüyü (29 faiz)
Pensiya (22 faiz)
Əməkhaqqı (19 faiz)
• Rəyi öyrənilənlərin 21 faizi fəal şəkildə iş axtaran işsizlər olub.
• Əhalinin üçdə iki hissəsi hesab edir ki, valideynlərinin nəsli daha yaxşı yaşayıb.
• Az qala hər ikinci şəxs (43 faiz) hesab edir ki, son 5 il ərzində daha da yoxsullaşıb və 5 il öncə daha böyük maliyyə imkanlarına malik olub.
• Gürcüstanın hər iki vətəndaşından biri son il yarım ərzində pulu olmadığı üçün heç olmasa bir dəfə kommunal xərcləri vaxtında ödəməyib.
• Rəyi soruşulanların yarıdan çoxu (54 faiz) bildirib ki, onların zərurət yaranacağı təqdirdə 300 lari borc ala biləcəkləri tanışları və yaxın adamları yoxdur.
• Gürcüstan əhalisinin yalnız 10 faizi “qara gün” üçün kənara pul qoya bilib. Maraqlıdır ki, əhalinin daha sıx yaşadığı yerlərdə bu göstərici yüksəkdir – 24 faiz.
• Gürcüstan əhalisinin 70 faizi hesab edir ki, ölkədə iqtisadi bərabərsizlik hökm sürür – yalnız insanların müəyyən qrupları iqtisadi imkanlardan istifadə edə bilir.
• NDI ilk dəfə əhali arasında pensiya islahatları ilə bağlı sorğu keçirib. [Xatırladaq ki, 2019-cu ilin yanvar ayından Gürcüstanda yaşı 40-a qədər olan vətəndaşlar üçün icbari yığım pensiya sistemi fəaliyyətə başlayıb, yaşı 40-dan çox olan insanlar isə bu proqrama qoşulub-qoşulmayacaqları barədə özləri qərar verirlər – JAMnews]. Məlum olub ki, yığım sistemində iştirak edən və müəyyən edilmiş məbləğləri ödəyənlər pensiyaya çıxdıqdan sonra yığılmış məbləğdən istifadə edə biləcəklərinə inanmırlar.
• Hakimiyyət nümayəndələrinin iqtisadiyyatdakı problemləri mütəmadi olaraq xarici amillərlə izah etmələrinə baxmayaraq, əhali və müxalifət başqa cür düşünür. Rəyi soruşulanların 84 faizi iqtisadi problemlərdə məhz Gürcüstan hakimiyyətini ittiham edir.