Hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı qərar verəndən bəri iki il keçib" />

Ağ qızıl sahəsində doğulan hekayələr: pambıq Azərbaycan iqtisaiyyatını xilas edəcəkmi?

Hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı qərar verəndən bəri iki il keçib

Azərbaycanda uzun müddət nefti qara, pambığı isə ağ qızıl adlandırıblar. Zamanında Azərbaycan bu iki sərvətlə Sovet İttifaqını uğurla təchiz edib. Pambıq yığımı zamanı tələbə və alimlər də daxil olmaqla az qala bütün respublikanı sahələrə göndərirdilər.

Sovet İttifaqı dağılandan sonra uzun illər boyu neftdən fərqli olaraq pambıq Azərbaycanda diqqət mərkəzində olmayıb. Vəziyyət 2015-ci ildə dəyişib. Həmin il iki mənfi olay üst-üstə düşdü – Azərbaycanda rekord səviyyədə az pambıq toplandı, dünya bazarlarında isə neftin qiyməti kəskin ucuzlaşdı, bu da manatın devalvasiyasına səbəb oldu.

Elə eyni ildə Azərbaycan hökuməti pambıqçılığın yenidən dirçəldilməsi üzrə kampaniyanın başlanğıcını elan etdi. Bəyan edilmişdi ki, 2015-ci ildə cəmi 35 min pambıq toplanmasının əksinə olaraq, 2022-ci ildə Azərbaycanda ildə 500 min tona qədər pambıq əldə ediləcək. Yeni iş yerləri açılacaq və bu da ölkə regionlarının inkişafına stimul verəcək.

İki il keçəndən sonra pambıqçılığın vəziyyəti nə yerdədir?

“Şükr, nə yaxşı, gün çıxıb. Gedib 5-10 manat qazanmaq olar. Yağış yağanda heç nə. Yağış yağan günlər bir tərəfə, kəsəndən sonra da bir-iki gün gözləməlisən ki, pambıq qurusun, sonra gedib yığasan”.

55 yaşlı Nazlı Məmmədova ilin-günün bu vaxtında bərq vuran Günəşə görə yaradana şükr eləyəndən sonra nimdaş paltarını və jaketini geyinir. Köhnə yaylığını elə bağlayır ki, təkcə gözləri görünür. Ərinin əlcəyini taxır, oğlunun kənd yerində məşhur olan uzunboğaz çəkmələrini ayağına keçirdir. Nahara iki soyutma yumurta, 5-6 dilim çörək, termosda çay, bir neçə dənə karamel götürür. Qapıdan çıxanda həyətin bir küncünə qoyulmuş kətmənini, iri kisəsini də kürəyinə atıb kəndin yoluna çıxır.

Səhər saat 8-də içində bir neçə kənd qadını olan, sovet dövründən qalmış köhnə, sarı rəngli “PAZ” avtobusu Nazlını da götürüb pambıq tarlasına aparır.

Kənd qadınları demiş, qar qapını kəsdirib, ancaq hələ də tarlada yığılmamış pambıq ağarır. Nazlı da, digər qadınlar da dinməz-söyləməz önlük-kisələrini boyunlarına taxıb işə başlayırlar.

2015-ci ildən 2017-ci ilə qədər Azərbaycanda pambıq istehsalı iki dəfədən artıq çoxalıb. Bu sahəni “qaldırmaq” üçün dövlət fermerləri teknika ilə, toxumla təchiz edib ki, əkin sahələri genişləndirilsin və fermerlərə pambığın hər kiloqramına görə əlavə olaraq 10 qəpik (6 sentə yaxın) ödənilsin.

İqtisadçı Toğrul Maşallı bildirir ki, bütün bunlara baxmayaraq, pambıqçılıq hələ “iqtiisadiyyatı xilas etməkdən” çox uzaqdır:

“Pambıqçılığın rolu tədricən artır, amma yenə də ümumi ixracın cəmi 0,36 faizini təşkil edir. Digər problem –  xam pambığın satışından çox qazanmaq mümkün deyil – ölkədə tekstil və toxuculuq sənayesi olmalıdır. Məsələn, ötən il Azərbaycanda 2 milyon cüt corab istehsal edilib, halbuki sadəcə 9 ay ərzində 12 milyon cüt corab idxal olunub.

Azərbaycanda pambıq emal edən və xaricə satan yalnız iki böyük müəssisə var – CTS-Agro və MKT. Bu o deməkdir ki, fermer məhsulunu üçüncü şəxsə sata bilmir”.

Bakıdan 258 kilometr aralı yerləşən İmişliyə getmək üçün daha iki əsas pambıqçılıq rayonundan – Sabirabad və Saatlıdan keçirsən.

Yolboyu salınan pambıq tarlaları, deyəsən, tarla sahiblərinə elə də çox gəlir gətirməyib. Bir neçə ildir pambıqçılıqla məşğul olan yerli fermerlərdən biri Kərim Əmirov deyir ki, o pambığı gəlir gətirmək üçün yox, ailəsinin gündəlik dolanışığını çıxartmaq üçün əkir:

“Fermer adı sizə böyük görünməsin. Necə bir başqası pomidor-xiyar əkib satmaqla dolanır, biz də elə. Üstəlik pambığın əkilib-becərilməsi daha əziyyətlidir. Həm də yayda su qıtlığı çəkdik. Ona görə məhsuldarlıq da aşağı oldu, gördüyünüz kimi pambıq da hələ sahələrdə qalıb. Biz adətən tarlanı ildə 3-4 dəfə suvarırdıq. Ancaq bu il bu sahə 2 dəfə su içib. Quraqlığın olması pambığın sentnerinin aşağı düşməsinə gətirib çıxartdı”.

Nazlı da, digər kənd qadınları da tarlada kilosu 10 qəpiyə pambıq yığıb səhəri axşam edirlər. Az qala qadınların pambıq yığdıqca kollardan çıxan xışıltıdan başqa səs eşidilmir. Arada bir-birlərindən nəsə soruşub yenə işlərinə davam edirlər. Asan deyil, günün axırında ən çoxu 100 kiloqram pambıq yığacaqlar. Bir kiloqramı 10 qəpikdən ən çoxu bir günə 10 manat qazana biləcəklər.

Ancaq Nazlı da, digər qadınlar da bu işi görməyə məcburdur, çünki başqa alternativ görmürlər – onlar deyirlər ki, rayonda qadınlar üçün başqa iş yoxdur.

Qadınları danışdıranda dərdləri açılır. Evdar qadın olan, orta yaşlı  Zərifə deyir ki, əlacsızlıqdan tarlaya gəlir:

“Heç nə, qul əməyidir. Səhər tezdən axşam hava qaralana qədər belin bükülür. Ayaqlarıma bax, palçığın içindəyəm. Ancaq neyləyim, məcburam. Başqa gəlirim yoxdur. Ona görə gəlib yığıram ki, heç olmasa evin qəndini-çayını ala bilim”.

Gülarə Əliyevasa deyir ki, ən böyük istəkləri günəmuzdun artırlmasıdır:

“10 qəpik çox azdır. 20-25 qəpik olsaydı, yaxşı olardı. Biz də bilərdik ki, əlimizə bir şey gəlir. Axı 5-10 manat hansı dərdimizə dərman ola bilər?”

Nazlı və onun həmkarları pambığın kilosunu fermerə 10 qəpikdən təhvil verirlər, fermer 50 qəpikdən iki böyük “pambıq” firmasından birinə satır, onlar da xaricə ixrac edirlər. Toğrul Maşallının bildirdiyinə görə, dünya bazarında bir kiloqram pambıq lifinin orta qiyməti 1,36 dollara bərabərdir.

Ümumilikdə bütün pambıqçılıq sistemi yekunda nə iqtisadiyyata, nə də pambıqçılıqla məşğul olan şəxslərə əhəmiyyətli dərəcədə gəlir gətirmir.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu, sadəcə bir həlqənin yox, ümumilikdə sistemin problemidir:

“Problem dövlətin hər şeyə müdaxilə etməsindədir. Qlobal götürsək, problem kolxoz təsərrüfatının geri qayıtmasındadır. Stimullaşdırma düzgün aparılmır, hər şey əmrlə həll olunur. Bakıdan əmr gedir ki, filan qədər pambıq əkilməlidir, bəzi hallarda “pripiskalar” da olur.

Yəni məntiqə uyğun iqtisadi model qurula bilmir. Və əl əməyinə üstünlük verməyə çalışırlar, prezident də dəfələrlə bildirib ki, pambıqçılıq iş yerlərinin yaradılmasında ciddi amildir. Əslində bu belə olmamalıdır. Əl əməyindən nə qədər çox istifadə olunursa, rentabellik bir o qədər aşağı düşür. Amerikada 12 hektarda bir nəfər, bizdə isə 10 hektarda 24 nəfər çalışır. Bu, doğru deyil, iqtisadi məntiqdən uzaqdır”.

Müstəqillikdən sonra ölkədə pambıqçılıq yeni “dəbə” mindiyi vaxt – 2016-cı ilin oktyabrında Göyçay rayon mərkəzi xəstəxanasının facebookdakı səhifəsində belə bir xəbər yer aldı:

“Göyçay səhiyyə işçiləri pambıq yığımında həvəslə iştirak edirlər. Onlar rayon təşkilatları arasında yığım üzrə yaxşı nəticələr əldə edirlər. Çevik və zirək işçilərimizə ölkəmiz üçün əhəmiyyətli olan bu işdə uğurlar arzulayırıq. Yorulmayasınız!!!”.

Yerli media bu xəbəri yayandan, sosial şəbəkələrdə isə məcburi əməklə bağlı sovet təcrübəsinin geri qayıtmasına etirazlar yer alandan sonra xəstəxana  həmin mətni səhifəsindən çıxatdı.

Azərbaycan kəndlərindən reportaj hazırlayanda çox vaxt qadınlar şəkillərinin çəkilməsini istəmirlər. Ancaq bu dəfə belə olmadı. Hamı şəklinin çəkilməsinə razıydı. Çünki görünən ancaq gözləri idi.


More on JAMnews