Kreml Luqara Mərkəzi haqda dezinformasiya yayır - ekspertlər bildirir" />

17 ölkədən ekspert qrupu Tbilisinin Luqara laboratoriyasında olub. Rəydə nə yazıblar?

Kreml Luqara Mərkəzi haqda dezinformasiya yayır - ekspertlər bildirir

Foto: Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Mərkəzinin internet səhifəsindən

Tbilisidəki Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Mərkəzi 17 ölkədən mütəxəssis qəbul edib. “Tur”un məqsədi Rusiyanın bioloji silah istehsalında günahlandırdığı laboratoriyada nə baş verdiyini aydınlaşdırmaqdan ibarətdir.

Tbilisiyə dünyanın 17 ölkəsindən – Avstriya, ABŞ, Böyük Britaniya, Almaniya, Bosniya və Herseqovina, İraq, Macarıstan, İtaliya, Kamerun, Kolumbiya, Malayziya, Mali, Myanma, Monteneqro, Qazaxıstan, Çili və Uqandadan 23 nümayəndə gəlib.

Mərkəzdə yoxlama bakterioloji və toksik silahın istehsalının və təminatının qadağan olunması üzrə konvensiya (BWC) çərçivəsində aparılıb. Gürcüstan bu konvensiyaya 1996-cı il mayın 22-də qoşulub. Konvensiya üzvü olaraq Gürcüstan bioloji istiqamətdə öz imkanları haqda tam hesabat və ətraflı informasiya verməyə borcludur.

Ekspert rəyində deyilir ki, onların bütün müəssisənin fəaliyyəti ilə tanış olmaq imkanı olub. Yekdilliklə qəbul edilən rəydə bildirilir ki, laboratoriya öz işinin şəffaflığını təmin edir və onun bütün fəaliyyəti yalnız müxtəlif xəstəliklərin qarşısının alınması ilə bağlıdır.

“Obyekt şəffaf işləyir. Ekspertlər qrupu müəssisənin bəyan etdiyi profilaktik, elmi və dinc məqsədlərə uyğun olmayan heç nə aşkarlamayıb”, – rəydə bildirilir.

Qalmaqallı laboratoriya

Luqara laboratoriyası ətrafında növbəti qalmaqalı Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Qiorqadze qaldırıb. 2018-ci il sentyabrın 11-də o, Moskvada bir sıra qalmaqallı bəyanatlar səsləndirib.

Qiorqadze bildirib ki, bu mərkəz əslində bioloji silah istehsalı üzrə məxfi laboratoriyadır.

Luqara laboratoriyası və Kreml onunla niyə mübarizə aparır?

Rusiya ilə Qərbin qarşılıqlı ittihamlarında gözlənilmədən Gürcüstan üzə çıxdı

Qiorqadzenin ittihamları yeni deyil. Artıq bir neçə ildir ki, Rusiya mətbuatında Luqara laboratoriyası ara-sıra az qala Rusiyaya qarşı əsas təhlükə kimi təqdim edilir, çünki guya amerikalı hərbçilər bilavasitə Rusiya sərhədlərində bioloji silah hazırlayır və ya istehsal edir ki, ondan da Rusiyaya qarşı istifadə etmək niyyətindədir.

ABŞ və Gürcüstan hakimiyyətləri dəfələrə bəyanatla çıxış edərək, Tbilisi yaxınlığında yerləşən Luqara laboratoriyasının əsas missiyasının zamanında epidemiyaları üzə çıxarıb onların qarşısını almaqdan ibarət olduğunu bildiriblər.

Tədqiqat mərkəzi Tbilisi aeroportu yaxınlığında yerləşir. 2011-ci ildə Alekseyevka qəsəbəsində açılıb. Mərkəz yüksək müasir standartlara uyğun təchiz olunub, üçüncü bioloji təhlükəsizlik dərəcəsinə layiq görülüb. Bu o deməkdir ki, mərkəzdə bir neçə hədsiz təhlükəli patogendən, məsələn, qarayara və vəbadan başqa istənilən növ mikroblarla iş aparılır.

Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Məzkəzi Tbilisinin kənarında ABŞ-ın maliyyə dəstəyilə inşa edilib və 2013-cü ildən tam gücü ilə işləyir. Ən başdan Müdafiə Nazirliyinin tabeliyində olub, daha sonra DİN-in nəzdinə keçib, indi isə Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərir.

BBC-nin araşdırması

BBC Luqara laboratoriyasının fəaliyyətinə dair dəqiq araşdırma aparıb. Böyük Britaniyanın teleyayım şirkəti laboratoriyaya 11 dəqiqəlik araşdırma filmi həsr edib. Filmdə deyilir ki, Rusiya hakimiyyəti və KİV-i bu laboratoriya haqda dezinformasiya yayır və laboratoriyanın ünvanına səslənən ittihamlar reallığı əks etdirmir.

Jurnalist Stiv Rozenberq Luqara laboratoriyasını ziyarət edib, həm Tbilisidə, həm də Moskvada bir sıra respondentdən, o cümlədən də İqor Qiorqadzedən  müsahibə alıb. Qiorqadze BBC-ə laboratoriyanın ünvanına səsləndirdiyi ittihamlarla bağlı sübut təqdim edə bilməyib.

Jurnalistin onun bəyanatlarının adi dezinformasiya olub-olmaması ilə bağlı sualına İqor Qiorqadze belə cavab verib: “Bilmirəm”.

 
Facebook Comments

More on JAMnews