Şərh: Rusiyanın əsas problemi Putinin prezident kürsüsündən getməli olduğu 2024-cü ildir. O, artıq hakimiyyətdə qalmaq üçün səy göstərir" />

Rusiyada etirazlar: nədən ehtiyatlanmalı, nəyə ümid etməli?

Şərh: Rusiyanın əsas problemi Putinin prezident kürsüsündən getməli olduğu 2024-cü ildir. O, artıq hakimiyyətdə qalmaq üçün səy göstərir

Moskvada Trubnaya Meydanında bir neçə gündür ki, sentyabrın 8-də Moskva şəhər Dumasına (şəhər parlamenti) keçirilləcək seçkilərdə müstəqil namizədlərin qeydiyyatdan keçirilməsi tələbi ilə etiraz aksiyaları davam edir.

İyulun 14-dən hər gün aksiyada yüzlərlə insan toplaşır. Yüzlərlə insan çox vaxt zorakılıq tətbiq edilərək həbs edilir. Əksəriyyəti sonradan buraxılır və onlar səhəri gün yenidən aksiyaya gəlirlər.

Moskva Dumasına seçkilər ətrafında münaqişə nədən ibarətdir?

Parlamentdə təmsil olunmayan partiyaların namizədləri (əsasən müxalifətçilər) bir neçə min seçici imzası toplamalı idilər. Onlar imzaları toplayıb. Amma müxalif siyasətçilərin bildirdiyinə görə, qeydiyyat zamanı kütləvi saxtalaşdırma baş verib.

Onların sözlərinə görə, seçki komissiyalarının üzvləri seçicilərin məlumatlarını elektron sistemə daxil etdikləri zaman qəsdən səhvlər buraxırdılar ki, sonradan bu əsasda onların imzaları etibarsız sayılsın. Müxalif siyasətçilər küçələrə çıxıblar. Qeydiyyata alınmayan namizədlərdən biri Lyubov Sobol deyir ki, “əgər bu seçkilərin də oğurlasalar, bizim artıq heç vaxt seçkimiz olmayacaq”


Amma Moskvada permanent olan etirazın Rusiyada yeganə olmadığını nəzərə almaq lazımdır.

Ölkə kəskin siyasi böhran dövrünə girir – yerli əhalinin etirazları haqda məlumat gələn yerlərin sayı hər gün artır.

Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini yada salın”

Rusiyada hakimiyyəti tənqid edənlərin cibinə necə narkotik atırlar?

Rusiyada eyni zamanda başqa hansı aksiyalar gedir? 

•İnquşetiyadakı qarşıdurma, insanlar İnquşetiya torpaqlarının bir qisminin qonşu Çeçenistana verilməsinə etiraz edirlər.

•Yekaterinburqda münaqişə — orada hakimiyyət şəhər parkının yerində pravoslav kilsəsi inşa etməyi planlaşdırırdılar. Kütləvi etirazlardan sonra hakimiyyət bu planlardan vaz keçməli oldu – amma indi qisas almaq üçün etiraz aksiyasının liderlərini həbs etməyə başlayıblar.

•Moskva vilayətində polislə toqquşma — Likino-Dulevo şəhəri yaxınlığında düz meşənin içində zibilxana yaratmağa başlayıblar. Aksiya zamanı fəalları amansızca döyüb, bir kişinin qolunu, bir qızın isə ayağını sındırıblar. 

•Arxangelsk vilayətində polislə toqquşma – yenə də zibilə görə: paytaxt yaxınlığında narahatlıq olmasın deyə Moskva və Moskva ətrafından tullantıları daşımaq üçün burada zibil poliqonu yaratmaq istəyiblər.

•Moskvada müstəqil namizədlərin qeydiyyata alınması tələbi ilə gedən etirazlarla eyni zamanda Sankt-Peterburqda artıq baş tutmuş yerli seçkilərdə saxtakarlıq olduğu üçün nəticələrin ləğv olunması tələbilə etirazlar keçirilir.

Və bu ən yeni hadisələrdir, bilavasitə bu günlərdə baş verənlər.

Moskva şəhər Dumasına (şəhər parlamenti) seçkilərdə müstəqil namizədlərin qeydiyyatdan keçirilməməsinə etiraz. 14 iyul, 2019. REUTERS/ Maksim Şemetov

Bir neçə aksiyanın vaxt etibarilə üst-üstə düşməsi təsadüfi deyil

Rusiya regionlarında etirazların səbəbləri yalnız konkret aksiyalar üçün konkret səbəblər deyil, həm də bu ölkədə yaşamın ümumi kontekstidir.

Birincisi, bu, Rusiya iqtisadiyyatının uzun illər sürən durğunluğudur, o cümlədən də Krımın ilhaqına və ABŞ-da seçkilərə müdaxiləyə görə tətbiq olunan beynəlxalq sanksiyalar.

İkincisi, bu, hakimiyyətlə qarşıdurmanın əsas hərəkətverici qüvvəsi olan gənclərin əminlik hissinin olmaması və sosial dalana dirənməsidir.  

Vəziyyəti daha da ağırlaşdıram əlavə bir səbəb də var. Uzun illər ərzində siyasi rəqabətin olmaması nəticəsində Rusiyanın idarəedici elitası kəskin intellektual tənəzzülə uğrayıb.

Prezident Putinin Gürcüstan ərazisində amerikalıların bioloji silah hazırladığı haqda danışdıqlarını xatırlamaq olar.

Ya da Təhlükəsizlik Şurasının katibi Patruşevin Rusiya kəşfiyyatının ABŞ dövlət katibinin şüuraltına daxil ola bildiyi haqda yaydığı məlumatı.

Yaxud Rusiya televiziyasında populyar olan “Yer bəlkə də müstəvi şəklindədir, Darvinin nəzəriyyəsi isə sübuta yetirilməyib” üslüblü mülahizələr.

Rusiyanın əsas problemi – 2024-cü il

Bu vəziyyətdə Rusiya Federasiyasından nə gözləmək olar?

Rusiya hakimiyyətinin əsas problemi 2024-cü ildir. Bu, Vladimir Putinin prezident kürsüsündən getməli olduğu vaxtdır.

Hazırkı konstitusiya ilə bu mümkün deyil – onun səlahiyyət müddətinin uzadılması üçün bütün qanuni yollar tükənib.

Amma o və ətrafı getmək istəmir.

Putinin prezidentlik müddəti bitəndən sonra onun birinci şəxs qismində saxlanılmasının artıq bir neçə variantı nəzərdən keçirilir.

Putinin yenidən baş nazir vəzifəsini tutacağı ehtimal olunur. Bu cür “yerdəyişmə” artıq keçmişdə olub. Putin ilk dəfə 1999-ci ildə prezident olub, iki müddəti bitirib, 2008-2012-ci illərdə hökumət sədri vəzifəsini tutub, daha sonra yenidən prezidentliyə qayıdıb.

Amma bu gedişi təkrarlayıb, prezidentliyə qayıtmaq artıq mümkün olmayacaq. Buna görə də Bloomberg agentliyinin yazdığına görə, Kreml konstitusiya dəyişikliyinə hazırlığa başlayıb.

Dəyişikliklərin sayının üç olacağı ehtimal edilir:

•Baş nazirin səlahiyyətləri əhəmiyyətli dərəcədə artırılacaq və müvafiq olaraq prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. 

•Dövlət Dumasının (parlamentin) səlahiyyətləri artırılacaq – məhz Duma baş naziri təyin edəcək. 

•Dövlət Duması partiya siyahısı ilə seçilməyən, yəni “müstəqil deputatların” sayını artıracaq.

İyulun 17-də gələn xəbər Bloomberg-in versiyasını təsdiqləyir – Dövlət Dumasının sədri Vyaçeslav Volodin  artıq ikinci dəfə Rusiya Konstitusiyanın mətnini dıyişərək parlamentə daha çox səlahiyyət verilməsini təklif edib.

Polis Moskvada müstəqil namizədlərin şəhər parlamentinə nazmizədliyinin qeydə alınmaması illə bağlı keçirilən etiraz aksiyasında iştirakçıları mühasirəyə alır. 14 iyul, 2019-cu il. REUTERS/ Maksim Şemetov

Hadisələrin inkişafına dair başqa variant da var – genişmiqyaslı münaqişənin təşviq edilməsi

Hadisələrin inkişafının bu cür variantı da kifayət qədər realdır. Rusiya sakinləri genişmiqyaslı siyasi və ya sosial münaqişəni qarşısına məqsəd qoyan təxribatlara hazır olmalıdır. O zaman ölkədə fövqəladə vəziyyət elan etmək, hətta ümumiyyətlə seçkilərdən imtina etmək mümkün olacaq.

Rusiya hakimiyyəti öz reytinqini xarici siyasətdə təcavüz hesabına da qaldırmağa cəhd göstərə bilər – odur ki, Rusiyanın yaxın qonşuları da təxribata hazır olmalıdır. Bu, bir dəfə Krımla bağlı işə yaradı, niyə yenidən sınaqdan keçirməsinlər?

Rusiyada daxili siyasi inkişafında nikbin ssenarilər artıq qalmayıb.

Hakimiyyət künin təzyiqi qarşısında güzəştə getməyə başlayıb, etirazçılar da anlayırlar ki, küçələrdə onların sayı çox olmalıdır

Hakimiyyət göstərir ki, yalnız küçənin təzyiqi altında güzəştə gedir. Etirazçılar bundan dərs çıxarır və anlayırlar ki, düşkünlük olmasın deyə küçələrdə onların sayı çox olmalıdır.

Bu, harada baş verəcək, yeni nəsl məhz nə zaman öz qaydalarına riayət olunmasını tələb edəcək – bunu heç kim bilmir, amma artıq bunun təməli qoyulub.

Arxangelsk, İnquşetiya, Moskva, Piter, Yekaterinburq. Zibil, əllərindən alınan pensiyalar, ciblərə atılan narkotiklər, oxurlanan seçkilər, sadəcə yoxsullur və əminsizlik.

İndi baş verənlər ilk qana qədərdir. Gec, ya tez hansı tərəfinsə əsəbləri tab gətirməyəcək, ya da təsadüfən həddi aşacaq, yaxud kimsə qəsdən təxribat törədəcək – variantlar çoxdur, nəticə isə birdir.

Sonra ya total repressiyalar dövrü və qarşı tərəfin vəhşiləşməsi başlayacaq, ya da ani kütləvi reaksiya.

Məsələ ancaq qurbanların sayındadır.

İyulun 20-də Moskvada şəhər parlamentinə seçkilərin saxtalaşdırılmasına qarşı mitinq keçiriləcək. Aksiya iştirakçılarının sayı yaxın zamanda hadisələrin məhz hansı ssenari üzrə inkişaf edəcəyini anlamağa imkan verəcək.


More on JAMnews