Gürcüstan prezidenti əmək təhlükəsizliyi tədbirlərinin sərtləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb" />

Qərbi Gürcüstanda mədəndə altı mədənçi həlak olub

Gürcüstan prezidenti əmək təhlükəsizliyi tədbirlərinin sərtləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb

Qərbi Gürcüstanın Tkibuli şəhərində Mindeli adına mədənin çökməsi nəticəsində altı mədənçi həlak olub, üçü yaralanıb.

Hadisə aprelin 5-də səhər saat 4 civarında baş verib.

İstintaqın ilkin məlumatına görə, mədən tunellərindən birində divarların deformasiyası baş verib, bu da tavanın uçmasına səbəb olub.

Gürcüstan DİN-i Cinayət Məcəlləsinin mədən və inşaat işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan  240-cı maddəsinə əsasən istintaq aparır. Bu maddə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Baş nazir Giorgi Kvirikaşvili həlak olan mədənçilərin ailələrinə başsağlığı verib. O bəyan edib ki, xəsarət alanlara lazımi tibbi yardım göstərilir və bütün xərcləri dövlət öz üzərinə götürüb.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də həlak olanların ailələrinə başsağlığı verib və qeyd edib ki, iş yerlərində təhlükəsizlik nöqteyi-nəzərindən ölkədə vəziyyət “dramatik dərəcədə ağır və qəbuledilməzdir”.

“Bu, sadəcə təhlükəsizlik məsələsi deyil, həyat və ölüm məsələsidir”, – prezidentin bəyanatında deyilir.

Marqvelaşvili qeyd edub ki, “dövlətin və cəmiyyətin bu vəziyyətlə barışması mümkün deyil”.

“Cəmiyyətin, o cümlədən də işverənlərin, ilk növbədə isə hakimiyyətin səyləri lazımdır ki, əmək təhlükəsizliyi normalarına əməl edilməsinə ən sərt şəkildə nəzarət olunsun”, – prezidentin bəyanatında deyilir.

• Artıq uzun illərdir ki, Gürcüstanda əmək təklükəsizliyi problemi kəskin hal alıb. 2018-ci ilin əvvəlindən bu günə qədər iş yerində 19 nəfər həlak olub. Bu haqda On.ge portalına Gürcüstanın Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentindən bildirilib.

• Sonuncu bədbəxt hadisə ötən həftə, martın 26-da baş verib – Çiaturidə uçqun nəticəsində 45 yaşlı mədənçi həlak olub.

• Həmkarlar ittifaqlarının məlumatına görə, 2017-ci il ərzində iş yerlərində təhlükəsizlik qaydalarının pozulması nəticəsində 41 nəfər həlak olub, 63 nəfər yaralanıb.

•  2011-ci ildən 2017-ci ilə qədər iş yerlərində ümumilikdə 1209 nəfər həlak olub.

Foto: David Qabaqari

More on JAMnews