Müxalifət şəhər hakimiyyətinin və hökumətin bu qərarını tənqid edir, Ermənistanın baş naziri isə xərcləri əsaslı sayır " />

Yeni il bayramı üçün 700 min dollar – Yerevan meriyasının səxavətinin rekord həddi

Müxalifət şəhər hakimiyyətinin və hökumətin bu qərarını tənqid edir, Ermənistanın baş naziri isə xərcləri əsaslı sayır

Yeni il, meriya, mer, Hayk Marutyan, Nikol Paşinyan, dövlət büdcəsi

Yerevan meriyası paytaxtda təşkil olunacaq Yeni il tədbirlərinə 325 milyon dram (təxminən 677 min dollar) xərcləmək niyyətindədir. Bu məbləğin böyük hissəsi – 270 milyon dramı (564 min dollar) Ermənistan hökuməti tərəfindən, qalan hissəsi isə – 54 milyon dram (113 min dollar) şəhər büdcəsindən əlavə olunacaq.

Ötən illərlə müqayisədə bu rekord xərclər çoxlarının, o cümlədən də artıq uzun müddətdir ki, şəhər hakimiyyətinin ünvanına tənqidlər səsləndirən Ermənistan müxalifətinin ürəyincə olmayıb.

Məsələ baş nazirə qədər gedib çıxıb. Nikol Paşinyan Facebook səhifəsində canlı yayın zamanı yeni il şənliklərinə ayrıılan böyük xərclərə haqq qazandırıb. O hesab edir ki, layiqincə bəzədilmiş paytaxt turistləri cəlb edəcək və yerevanlıların yeni il tətilində ölkədən getməmələri üçün stimul olacaq.

Olayın bütün təfərrüatları və bu haqda paytaxt sakinlərinin düşüncəlləri.

Hər şey nədən başlayıb?

Yeni il şənliklərinə ayrılan pullar ətrafında səs-küy hələ iki həftə əvvəl başlayıb. O zaman Ermənistan mediasında meriyanın yeni il şənliklərinə 548 milyon dram (təxminən 1,5 milyon dollar) ayırdığı haqda məlumat yayılmışdı.

Yerevan meriyası bu informasiyanı təkzib etmişdi. Amma meriyanın yalanlaması Yerevan Ağsaqqallar Şurasının (şəhər parlamenti) “Luys” müxalif fraksiyasının üzvü Temine Vardanyan üçün inandırıcı görünməmişdi. O, yenə də bunun dezinformasiya olmadığına və bu məqsəd üçün ayrılan ümumi büdcənin 525 milyon drama yaxın təşkil etdiyini bildirirdi :

“325 milyon dram ancaq Respublika meydanında keçiriləcək şənliyə, o cümlədən də Qoran Breqoviçin konsertinə ayrılan vəsaitdir. İnzibati dairələrin də büdcəsi var və bütün xərclər ümumilikdə 525 milyon drama yaxın təşkil edir”.

Parlamentin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan da Facebook  səhifəsində şəhər hakimiyyətini bu məsələ ilə bağlı tənqid edib:

“Ermənistan müstəqillik əldə edəndən indiyə qədər heç vaxt Yeni il şənliklərinə bu qədər vəsait ayrılmayıb. Mən bayramların layiqincə qeyd olunmasına etiraz etmirəm. Amma 700 min dollar – bu lap ağ olub”.

Amma bu hələ hamısı deyil

Yerevanda 12 inzibati dairə var. Hər bir paytaxt dairəsinə əlavə maliyyə ödənəcək – Yerevan büdcəsindən hər birinə 7 milyon dramişıqlandırma və bayram konsertləri üçün. Və bu vəsaitlər yuxarıda qeyd olunan 325 milyon drama daxil deyil.

Amma müxalifəti daha çox qəzəbləndirən digər məsələ Yerevanın 12 dairəsindən 11-nin bu il Yeni ili dövlət büdcəsi hesabına restoranlarda qeyd edəcəyi olub.

Yerevan Ağsaqqallar Şurasında müxalif “Luys” fraksiyasının üzvü Ani Xaçatryan Facebook  səhifəsində bildirib ki, yeni il korporativlərinə ümumilikdə 14,5 milyon dram (30 min dollara yaxın) vəsait xərclənəcək.

 Yeni il ərəfəsində ötən ilki mükafatlar

Onu da deyək ki, ötən yeni il də qalmaqalsız ötüşməyib.

2019-cu ilin yanvarında məlum olub ki, müxtəlif vəzifələri tutan dövlət məmurları Yeni il ərəfəsində özlərinə və öz əməkdaşlarına yeksək məbləğdə mükafatlar yazıblar.

Məsələn, Yerevan meriyası demək olar ki, milyon dollar həcmində mükafat yazıb. Yerevan meri Hayk Marutyan 1628 əməkdaşına 974 min dollar məbləğində mükafat ödəyib.

Bununla yanaşı o bəyan edib ki, əvvəlki hakimiyyət ictimaiyyəti aldadır və özlərinə ildə bir yox, bir neçə dəfə  mükafat yazırdı, amma onun komandası bu təcrübədən imtina edib.

Baş nazirin izahatı

2019-cu il yeni il tədbirlərinə çəkilən xərclər mövzusunu Nikol Paşinyan Facebook səhifəsində canlı yayınla şərh edib:

 “Biz çox vacib sosial-psixoloji, iqtisadi və estetik məsələni həll edirik. Sirr deyil ki, bir çox Ermənistan sakinləri Yeni ili xaricdə qeyd edir və bu, ölkə iqtisadiyyatı üçün çox ciddi problemdir, çünki ölkədən pul axını baş verir. Biz qarşımızda məqsəd qoymuşuq ki, getdikcə daha çox vətəndaş Yeni ili Ermənistanda qeyd etsin. Həmçinin turistlərin ölkəyə axınını da stimullaşdırmaq lazımdır”, – baş nazir izah edib.

Ötən illərdə nə qədər pul xərclənib?

Ötən illərə aid xərclərin siyahısını təqdim edirik:

2014-cü il – 113.120.000 dram (237 148 dollar),

2015-ci il – 136.141.900 dram (285 410 dollar),

2016-cı il – 157.180.200 dram (329 518 dollar),

2017-ci il – 192.478.000 dram (403 517 dollar),

2018-ci il – 222.351.800 dram (466 146 dollar),

2019-cu il – 271․797․000 dram, buraya paytaxt büdcəsindən də 54 milyon dram (677 min dollar) əlavə olunub.

Sosial şəbəkələrdə nə yazırlar?

Bayram büdcəsi Facebook-un erməni istifadəçiləri arasında müzakirə olunan bir nömrəli mövzu olub.

Bəzi şərhləri təqdim edirik:

“Bizim büdcəmizdən oğurlayırlar! Bu yolverilməzdir!”

“İnqilabçı hakimiyyət baxımından bu, sadəcə yolverilməzdir, çünki məhz bizim paytaxtımızda bir çox ailələr yeni ili hədsiz yoxsulluq içində qeyd edəcəklər…”

“İnzibati dairələrin işçiləri yüksək maaş alır! Niyə onlar korporativlərin pulunu özləri ödəmirlər?”

“Əgər aktyor şəhər meri olubsa, aydındır ki, vəziyyət belə acınacaqlı olmalıdır…”

“Heç olmasa bir dəfə yeni il gecəsi şəhərdə normal gəzmək olacaq”.


More on JAMnews