Niyə bəziləri hər şeyi çatdırır, digərləri isə heç nəyi?" />

Şərh: Vaxtı necə tabe etmək olar?

Niyə bəziləri hər şeyi çatdırır, digərləri isə heç nəyi?

Vaxt və onu bölmək bacarığı müasir dünyanın çağırışlarından birinə çevrilib. Mütəxəssislər niyə bəzi insanlar hər şeyi çatdıra bilir, digərlərinin isə heç nəyə vaxtı çatmır məsələsi üzərində baş sındırırlar. 

Müasir insanlar bu məsələni həll etmək üçün böyük miqdarda vəsait (elə vaxt da) sərf edirlər – xüsusi ədəbiyyat alırlar, bahalı treninqlərə gedirlər, məsləhətçilər tuturlar.

Dünyada ən böyük amazon.com onlayn mağazasında Time Managment dərslikləri əvəzsiz betsellerlər olub.

Smartfon istifadəçiləri üçün həyatlarını asanlaşdırmağı vəd edən yüzlərlə applikasiya var.
Mənim kimi bu problemlə üzləşənlərə bir neçə məsləhət vermək istəyirəm:

İşdə

Məsləhət#1: Konsentrasiyanı itirməyin

Gündə neçə dəfə poçtunuzu yoxlayırsız? Əgər bunu hər saat edirsizsə, bilin ki, hər gün siz boşuna 1 saat itirirsiz, çünki məlum olur ki, bir işdən digərinə keçərkən konsentrasiyanın bərpası üçün azı 4 dəqiqə tələb olunur. Inbox Detox kitabının müəllifi Marşa İqan elektron ünvanla iş mövzusunda ayrıca bir konsepsiya işləyib hazırlayıb.

O, poçtu ancaq gündə beş dəfə yoxlamağı məsləhət görür. Aydındır ki, bu sizdən təcili cavab verməyi tələb edən iş yazışmasının aparıldığı hallara aid deyil.

Bir sözlə, hansısa bir işlə məşğul olmağa başladığınız vaxt fikrinizi başqa işə yönəltməyin – elektron poçtu yoxlamayın, sosial şəbəkələrə girməyin. Maksimum konsentrasiya olunun.

Məsləhət#2: Perfeksionist olmayın

Əgər siz mükəmməl bir nəticə əldə etmək istəyiylə (bu isə bildiyimiz kimi, mümkünsüz bir şeydir), eyni bir işə dəfələrlə qayıdırsızsa bilməlisiz ki, bu yanaşma sizin karyera yüksəlişinizi bloklayacaq. Psixoloqlar sübut edib ki, perfeksionistlər eynən tənbəl insanlar kimi dedlaynı pozurlar. Təsəvvür edin ki, növbəti tədbir haqqında adi hesabat yazırsız. Hesabatı 3 saat 25 dəqiqəyə yazdız.

Amma oxuyanda gördüz ki, əvvəlini daha yaxşı yazmaq olardı. Hesabata düzəlişlər etməyə çalışırsız və buna daha 2 saat sərf edirsiz. Sonra da sizə elə gəlir ki, hesabatda başqa ölkələrdən misallar olsaydı daha yaxşı olardı – bu, daha 2 saatınızı alır. Perfeksionistlərin işi heç vaxt bitmir.

Dedlayn isə özünü gözlətmir. Beləliklə də hər hansı işə başlamazdan əvvəl dəqiq plan qurun və ona riayət edin! Qarşınıza konkret bir məqsəd qoyun – hesabatı 4 saat ərzində yazmaq və heç bir halda dedlaynı pozmamaq.

Məsləhət#3: İşi düzgün bölüşdürməyi bacarın

Vaxt menecmenti üzrə mütəxəssislər deyirlər ki, işini düzgün bölə bilməyən menecer pis menecerdir və onun komandası heç vaxt heç nəyə nail olmayacaq.

Prioritetləri düzgün müəyyən etmək və başqalarının görə bildiyi işdən imtina etmək lazımdır. Bu o demək deyil ki, siz hər şeyi iş yoldaşlarınızın üstünə atmalısız. Sadəcə yadınızda saxlayın ki, komanda üzvləri və ya işçilər elə sizin işi bölə bilməyiniz üçün mövcuddur.

Məsləhət#4: Günə ən çətin işdən başlayın

Taym-menecment sahəsində əksər ekspertlər hesab edirlər ki, səhər ən çox ərindiyiniz və sabaha keçirmək istədiyiniz işi səhər görsəz, bütün gününüz məhsuldar və səmərəli keçəcək. Ən çətin işi günün birinci yarısı görsəz, bütün qalan iş günü ərzində siz daha ürəkli, qürurlu olacaqsız və istənilən başqa iş sizə asan gələcək və ləzzət verəcək.

Məsləhət#5: Çox danışan iş yoldaşlarınızdan yaxanızı qurtarın

İş gününüzü yenidən nəzərdən keçirin və nə qədər vaxtı iş yoldaşlarınızla işdən kənar söhbətlərə sərf etdiyinizi etiraf edin. Yəqin, hardasa 40 faizə yaxın və ya daha artıq… Onda da işinizi gec bitirməyinizdən şikayət etməyin. İş yoldaşlarımın özləri gəlir, nəyisə xəbər alırlar və s. kimi arqumentlər yolverilməzdir. Şəxsən mən iş yoldaşından canımı qurtarmağın ən sadə metoduna əl atıram – qulaqcıqlardan istifadə edirəm, o da mənim nəyisə dinlədiyimi düşünür və söhbətə başlamır.

Məsləhət#6: Sosial şəbəkələrdə itirdiyiniz vaxtı məhdudlaşdırın

Bax, indi vaxtımızın ən qəddar düşməninə gəlib çatdıq… bu mövzuda çox danışmayacam, sadəcə statistikanı verəcəm – orta hesabla insan gün ərzində sosial şəbəkələrdə 6 saat keçirir və bu vaxtın böyük hissəsi iş saatlarına düşür! 6 saat ərzində isə nəinki treninq haqqında hesabat, hətta bədii şedevr də yazmaq olar! Buna görə də indi “Facebooka girib, təcili olaraq dünən yazdığınız “Hətta görüşə də vaxtım çatmır! postunu silin.

Evdə

Məsləhət#1: Telefonsuz şam etməyə çalışın

Evə yorğun və əldən düşmüş kimi gəlirsiz (yuxarıda artıq məlum olduğu kimi, elektron poçtu yoxlamaqdan və iş yoldaşlarınızla söhbətlərdən) və telefona mesaj gəlir. Bəs “Facebooku necə yoxlamayasız? Kim bilir, nə baş verir? Bəlkə vacib nəsə yazırlar? Və siz masa arxasında yerinizi rahatlayırsız – bir tərəfdən, şam yeməyi, o biri tərəfdən telefon… Artıq gecə yarını keçib, sizsə hələ sosial şəbəkədən çıxmamısız.

Baxmayaraq ki, işdən çıxarkən siz özünüzə daha məhsuldar axşam keçirməyi – dolabı qaydaya salmağı və ya hansısa filmə baxmağı və ya nəhayət hələ iki ay əvvəl oxumağa başladığınız 100 səhifəlik maraqlı kitabı oxuyub qurtarmağı söz vermişdiz.

Bir məsləhət – kompüterə Time Tracker, True Time Tracker və ya Project Hamster proqramını yükləyin. Bu proqramlar sizin kompüterdəki işinizə nəzarət edir – statistikanı aparır, cədvəl və diaqramları tərtib edir və nəyə və nə qədər vaxt sərf etdiyinizi göstərirlər. Siz vizual olaraq boşuna sərf edilən vaxtın həcmini görəndə, prioritetlərinizi təkrar müəyyən edəcəksiz.

Məsləhət#2: Yaxşı yatın

İnsan həyatının böyük hissəsini yuxuda keçirir, amma yorğanın altında keçirdiyiniz xoşbəxt saatlara qənaət etməyi məsləhət görmürəm. Yuxu gününüzün məhsuldar keçməsi üçün çox vacibdir. Siz mütəmadi olaraq yuxudan doymursuzsa, vaxt menecmenti və onun effektivliyi barədə heç danışmağa dəyməz… 8 saatlıq yuxu normadır, amma bəzi insanlara gücünün bərpası üçün daha çox vaxt lazımdır, başqalarına isə daha az.

Öz orqanizminizi öyrənin və yuxu üçün tələb olunan vaxtı heç vaxt azaltmayın. Bu zaman yuxunun sürətli və yavaş fazalarını da unutmaq olmaz. Zəngli saat ikinci faza zamanı zəng çaldısa, bilin ki, bütün gün ərzində kefiniz pis olacaq. Bundan qaçmaq üçün smartfonunuza Sleep Cycle, Smart Alarm Clock yükləyin. Onlar yuxu fazalarını hesablayıb, sizi vaxtında oyadacaqlar.

İctimai yerlərdə

Məsləhət#1: Həmişə özünüzlə kitab götürün

Amerikalı yazıçı Stiven Kinq “Kitabı necə yazmaq lazımdır kitabını yazıb. Yeni başlayan yazıçılara o çox vacib bir məsləhət verib – mümkün qədər çox oxumaq. Stiven Kinq deyir ki, hara, lap mağazaya çörək dalınca getsə də, özü ilə həmişə kitab götürür – kim bilir nə baş verəcək, ola bilsin bir neçə dəqiqə boş vaxtın olacaq, onu niyə boşuna sərf edəsən ki? Hamı Stiven Kinqin məsləhətinə əməl etsə, əla olar. Hətta ədəbiyyat üzrə Nobel mükafatı almağı planlaşdırmayanlar belə…

Vaxtınızı avtobusda, metroda, bankda növbədə və ya stomatoloqun qəbul otağında olanda da planlaşdırın. Başqalarının qeybətlərinə qulaq asmaq əvəzinə, vaxtınız çatmadığı üçün oxuyub bitirə bilmədiyiniz 100 səhifəlik kitabı oxumaq daha yaxşı deyilmi?

Məsləhət#2: Növbələrdən qaçın

Növbələrdən söhbət düşmüşkən, demək lazımdır ki, XXI əsrdə sivilizasiya çox uzağa gedib. O cümlədən də ödəmə sahəsində. İstənilən ödəməni, köçürülmə və ya bank əməliyyatını evdən çıxmadan, internet vasitəsiylə həyata keçirmək olar. Yox, əgər siz XX əsrdə qalmısızsa, yarım saat tapıb, bankınıza gedin, “internet bankı qurun və ondan istifadə etməyi öyrənin. Elektrik enerjisinə və ona qoşulan zibilin daşınmasına görə pulu ödəmək üçün növbədə durmaq artıq gülməlidir.

Boş vaxt menecmenti

Nə qədər qəribə gəlsə də, boş vaxtın da menecmentə ehtiyacı var. Biz çox vaxt buna heç bir ehtiyac olmadıqda da tələsirik. Buna görə də əvvəlcə özümüzdən xəbər alaq – qənaət etidiyimiz vaxtı nəyə sərf etməyi düşünürük? Axı boş vaxt mənasız keçirilən dəqiqələr demək deyil. Mütəxəssislərin bildirdiyi kimi, istirahət etməyi bacarmaq lazımdır, axı istirahətdən yorğun da qayıtmaq mümkündür. Boş vaxtı neçə keçirmək mövzusunda isə gələn dəfə danışarıq.


More on JAMnews