Uşaqlar müəllimlərin onları dürtməsini, şapalaqlamasını, saçlarını və ya qulaqlarını çəkməsini, hətta döyməsini də zorakılıq kimi qəbul etmirlər" />

Gürcüstan məktəblərində uşaqlara psixoloji və fiziki təsir halları ilə tez-tez rastlaşmaq olur

Uşaqlar müəllimlərin onları dürtməsini, şapalaqlamasını, saçlarını və ya qulaqlarını çəkməsini, hətta döyməsini də zorakılıq kimi qəbul etmirlər

Gürcüstanın 109 məktəbində aparılan tədqiqat nəticəsində məlum olub ki, ölkənin təhsil müəssisələrində ümumilikdə həm pedaqoqların şagirdlərə qarşı zorakılıq etməsi, həm də yaşıdlar arasında bullinq (psixoloji təzyiq) halları tez-tez baş verir.

Monitorinq Ombudsmen Aparatının təşəbbüsü, BMT-nin Uşaq Fondunun – UNICEF-in dəstəyilə həyata keçirilib. Ombudsmen Aparatı monitorinq əsnasında üzə çıxarılan 24 hadisəni ətraflı araşdırmağa başlayıb.

Monitorinqin nəticələrinə əsasən, müxtəlif zorakılıq formaları ilə yanaşı müəllimlərin uşaqların üstünə qışqırması, onların ünvanına şərəf və ləyaqəti təhqir edən, alçaldıcı ifadələrin işlədilməsi tez-tez baş verən hallar sırasındadır.

BMT-nin Uşaq Fondunun əlaqələr üzrə rəhbəri Maya Kurtsikidze məktəblərin zorakılıq halları ilə bağlı vahid siyasətinin olmadığını, məktəbdə çalışanların isə şagirdlərin zorakı əməllərdən qorunması ilə bağlı dövlət mexanizminin mövcudluğundan xəbərsiz olduğunu düşünməyə meyllidir.

Digər tərəfdən şagirdlərin öz hüquqları və zorakılıq formaları haqda məlumatlılıq səviyyəsi aşağıdır. Uşaqlar müəllimlər tərəfindən qulaqlarının və ya saçlarının çəkilməsini, hətta döyülməyi zorakılıq hesab etmirlər.

Monitorinq əsnasında uşaqlar müəllimlərin bəzi kəlamlarını xatırlayıblar:

“Qulaqları fil qulağıdı”: “Tapdalanmış qurbağaya oxşayır”; “Müəllimə mənə bir neçə dəfə digər sinif yoldaşlarımla müqayisədə balaca olduğumu deyib, hər dəfə də bütün uşaqlar gülüb”; “[Pedaqoq] şagirdin pis hazırlaşdığını əvvəlcədən bilərək bütün sinfə deyir: “Uşaqlar, indi o, [tapşırığı] hamıdan yaxşı oxuyacaq””.

Bunlardan başqa şagirdlərin çoxu zorakı davranışa məruz qaldığı zaman hara müraciət etməli olduğunu bilmir.

BMT-nin Uşaq Fondunun tövsiyəsinə görə, məktəblərdə təhlükəsiz şəraitin yaradılması üçün cəza mexanizmi tətbiq etməkdənsə, zorakılığa qarşı preventiv tədbirləri təşviq etmək lazımdır, pedaqoqların uşaqlara qarşı zor tətbiq etməmələri planında şəxsi intizamını yüksəltmək vacibdir. Uşaqlarla işləyən peşəkarlar  zorakılıq hallarını zamanında aşkara çıxarmalı, identifikasiya etməli və reaksiya verməlidirlər.

Məktəb direktorlarının, pedaqoqların və digər əməkdaşların uşaqların müdafiəsi ilə bağlı məlumatlı olması, onların mütəmadi yenidən hazırlığı çox vacibdir. Şagirdlər də öz növbəsində öz hüquqları və vəzifələri ilə bağlı məlumatlandırılmalıdırlar. Tədris proqramı vasitəsilə uşaqlara tolerantlıq və bərabərlik, əməkdaşlıq və fərqli düşüncəyə hörmət anlayışları aşılanmalıdır.


More on JAMnews