UNISEF: “İndi qurğuşunun mənbəyini və problemin səbəbini aydınlaşdırmaq lazımdır”" />

UNISEF-in Gürcüstanda apardığı tədqiqatda iştirak edən uşaqların 41 faizinin qanında qurğuşun tərkibi yüksək çıxıb

UNISEF: “İndi qurğuşunun mənbəyini və problemin səbəbini aydınlaşdırmaq lazımdır”

2018-ci ildə BMT-nin Uşaq Fondunun (UNISEF) dəstəyilə Gürcüstanda aparılan irimiqyaslı tədqiqatda iştirak edən uşaqların 41 faizinin qanında qurğuşun tərkibinin yüksək olduğu aşkarlanıb. Tədqiqatın nəticələri UNISEF-in saytında dərc olunub.

Hamı üçün vahid rəqəm olmasa da, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 100 mkq qanda 5 mkq qurğuşunu norma kimi müəyyən edib.

Gürcüstan: “Bu gün daha çox uşağın tələf olmaması təsadüfdür”

Gürcüstanda uşaq kultunu inkar edən altı fakt

Gürcüstanda 2 yaşdan 7 yaşa qədər 1578 uşaq tədqiqat obyekti olub, seçim təsadüfi edilib. Nəticələr belədir:

•Uşaqların 25 faizinin qanında qurğuşun tərkibi 100 mkq qana 5-10 mkq,

•16 faizində isə 10 mkq və ya daha artıq olub.

Gürcüstanın müxtəlif regionlarında nəticə fərqli olub.

Ən pis nəticələr Acarada qeydə alınıb: tədqiqatdan keçirilən uşaqların 85 faizində 100 mkq qanda 5 mkq və daha artıq qurğuşun aşkarlanıb.

Ən yaxşı nəticələr isə Kvemo Kartliyə aiddir – 100 mkq qana 5 mkq və daha artıq qurğuşun aşkarlanan uşaqlar ümumi tədqiqata cəlb olunan uşaqların cəmi 18 faizini təşkil edib.

 

Gürcüstanda belə böyük tədqiqat ilk dəfə aparılıb. Tədqiqat UNISEF və doqquz beynəlxalq donor təşkilatının dəstəyi ilə Dövlət Statistika İdarəsi ilə Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəz tərəfindən təşkil olunub.

Toplanan qan nümunələri Avropada tibbi tədqiqatlar üzrə lider müəssisə sayılan İtaliyanın Milli Səhiyyə İnstitutuna (ISS) göndərilib.

“Biz Gürcüstan hökumətinin problemə diqqətini və həlli üçün qısa zaman kəsiyində uzunmüddətli həll variantı hazırlamaq niyyətini yüksək dəyərləndiririk. Növbəti addım qanda qurğuşun tərkibinin yüksək olmasının mənbəyini və səbəblərini aydınlaşdırmaq üçün tədqiqat aparılması olacaq”, – UNISEF nümayəndəsi Qotfrid Xann bildirib.

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına əsasən, problemin həlli üçün artıq bir neçə tədbir görülüb.

Məsələn, 2019-cu il aprelin 19-da hökumətin “qurğuşunun uşaqlara toksik təsirinin erkən müəyyən edilməsi və tənzimlənməsi” haqda qərarı dərc edilib. Artıq uşaqların qanında qurğuşun tərkibinin yüksək olduğunun necə müəyyən edilməsinə və bunun ardınca hansı tədbirlərin görülməsinə dair konkret tövsiyələr təsdiq edilib.

100 mkq qanında 30 mkq qurğuşun olduğu aşkarlanan 16 uşaq və onların ailələri Xəstəliklərə Nəzarət Mərkəzi, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanası və Dövlət Ətraf Mühiti Mühafizə Agentliyinin birgə yaratdığı tibbi qrup tərəfindən xüsusi nəzarət altına götürülüb. Uşaqlar üzərində tədqiqatlar hələ davam edir, daha sonra müalicənin istiqaməti ilə bağlı qərar veriləcək.

Həmçinin bildirilir ki, hökumət kompleksli dövlət proqramı üzərində işləyir. Proqram yüksək qurğuşun tərkibinin olduğu mənbələri müəyyən etmək üzrə tədbirləri və qurğuşunla çirklənmiş ərazilərin neytrallaşdırılması, təcridi və təmizlənməsi üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirləri əhatə edəcək.

Tərkibində yüksək səviyyədə qurğuşun olan məhsulların bazara çıxarılmasının qarşısının alınması üzrə tədbirlər və informasiya kampaniyası da proqrama daxil olacaq.

Facebook Comments

More on JAMnews