Yoxsulluq, ailədaixli zorakılıq, valideynlərin miqrasiyası uşaqların küçələrə düşməsi üçün əsas amillərdir " />

UNICEF Gürcüstanda və Azərbaycanda küçə uşaqları ilə bağlı vəziyyəti öyrənib

Yoxsulluq, ailədaixli zorakılıq, valideynlərin miqrasiyası uşaqların küçələrə düşməsi üçün əsas amillərdir

BMT-nin Uşaq Fondu Azərbaycan və Gürcüstanda tədqiqat aparıb və küçə uşaqlarının, dolanışıq üçün pul qazanmaq məcburiyyətində olan azyaşlıların vəziyyətini öyrənib.

Hesabatda deyilir ki, həm Gürcüstanda, həm də Azərbaycanda küçə uşaqlarının, dolanışığı üçün pul qazanmaq məcburiyyətində qalan uşaqların çoxalmasının səbəbi müxtəlifdir, amma ümumi qanunauyğunluqla xarakterizə olunur.

Uşaqların küçələrə düşməsinə səbəb olan əsas amillər: valideynlərin yoxsulluğu, valideynlərin ölümü, valideynlərin miqrasiyası, valideynlərin həbsi, yaxud xəstəliyi, valideynlərin uşaqları ilə ayrılığına səbəb olan və uşaqları özlərini dolandırmaq üçün pul qazanmağa vadar edən başqa bu cür hadisələr: həmçinin qeyd olunur ki, çox vaxt uşaqlar ailədaxili fiziki və psixoloji zorakılıq, internatlarda sərt nizam-intizam nəticəsində də küçə həyatını seçirlər.

Gürcüstanda küçə və/və ya işləyən uşaqların fərqli kateqoriyaları var: ailə himayəsindən məhrum olduğu üçün küçədə yaşayan və qazanan uşaqlar; gündüz küçədə qazanan və ailə büdcəsinə qatqısı olan uşaqlar; çörəkpulunu küçədə qazanan böyüklərin himayəsi altında işləyən uşaqlar; aralarında qaraçı və azərbaycanlı kürdlərin də olduğu miqrant ailələrin uşaqları.    

Azərbaycan və Gürcüstanda sosial yardım üzrə proqramın müxtəlifliyinə, qanunvercilikdəki fərqlərə (dilənçiliyin qadağan olması, pozuntular zamanı xırda biznesə qarşı sərt münasibət), Azərbaycanda milli valyutanın dəyərdən düşməsinə görə azərbaycanlı ailələrin Gürcüstana miqrasiyası başlayır və burada onlar küçə həyatı yaşamağa başlayırlar. Yayda turizm mövsümündə Azərbaycandan və digər yerlərdən Gürcüstanın dəniz kurortlarına küçə ailələrinin köçü başlayır.

Çox vaxt bəzi uşaq və gənc küçə qrupları bandit təşkilatlarına transformasiya olur. Bəzi uşaq qruplarında daxili struktur formalaşır və uşaqlar liderlərə və tabe olanlara bölünürlər.  Birincilər əksərən ikinciləri sadəcə istifadə etməyə başlayırlar, onları cinayət törətməyə sürükləyir və ya vadar edirlər, onların fəaliyyətinin bəhrəsini isə özləri görürlər. Yaşca böyük olan uşaqların cinayət törətdiyi, balacaları isə bu cinayəti boynuna almağa məcbur etdiyi hallar da az deyil. Gürcüstan qanunvericiliyinə əsasən, 14 yaşına qədər uşaqlar cinayət məsuliyyətinə cəlb olunmur.

Küçə uşaqlarından ibarət qruplaşmalarda qızlara qarşı seksual zorakılıq halları da yayılıb. Tbilisi qruplaşmasının keçmiş üzvlərinin ifadələrinə əsasən, qızlar qruplaşmanın böyük (və ya digər) üzvlərinə seksual xidmət göstərmək məcburiyyətində olublar. Başqa qrupların üzvləri bildirirlər ki, əldə olunan vəsaitlərin bir hissəsini onlar öz seksual tələbatlarının ödənməsinə xərcləyiblər. Seksual zorakılıq nəticəsində küçə uşaqları travma yaşayıb. Bu haqda tədqiqat zamanı rəyi öyrənilən psixoloqlar bildiriblər. Uşaqlar və sosial işçilər zorakılıq və narkotik istifadəsindən yaranan başqa psixoloji travmalardan da söz açırlar.

BMT-nin Uşaq Fondu küçə uşaqları probleminin həlli üzərində çalışan həm dövlət strukturları, həm də qeyri-hökumət təşkilatları üçün müəyyən tövsiyələr hazırlayıb. Vacib tövsiyələrdən biri uşağın küçəyə düşməsinin qarşısını almaq məqsədilə ehtiyacı olan ailələrə yardım üçün xüsusi xidmətlərin yaradılmasıdır. Miqrantların arasında xüsusi tədbirlər həyata keçirilməlidir və bu tədbirlər də yardım, onların ehtiyac və tələbatlarına reaksiya verməkdən ibarətdir.


More on JAMnews