Üç mindən çox təcavüzkar həbsxanada qalacaq. Hər halda indi " />

Türkiyədə pedofiliyanı qanuniləşdirmək alınmadı

Üç mindən çox təcavüzkar həbsxanada qalacaq. Hər halda indi 

Qalmaqallı düzəlişlər qəbul edilmədi

Təcavüzkar 15 yaşına çatmayan qurbanı ilə evlənərsə, onu məsuliyyətdən azad etmək lazımdır. Bu, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) altı millət vəkilinin imzası ilə 17 noyabr 2016-cı il tarixində Türkiyə Böyük Millət Məclisinə təqdim olunan düzəlişlər paketinin ən heyrətləndirici bəndi idi.   

Doğan Xəbər Agentliyinə (DHA) təkliflə bağlı fikrini bildirən Cümhuriyyət Xalq Partiyasının millət vəkili Ömər Süha Aldan deyib ki, bunun Türkiyədə qorxunc bir düzəliş olduğunu hər kəs görməlidir: “Konstitusiya Məhkəməsi onun haqların bərabərliyi maddəsinə zidd olduğunu qəbul edərək, rədd edər. Bu, azyaşlılarla evlənməyi dəstəkləyən bir düzəlişdir.

Bundan bir qədər əvvəl Aldan bildirmişdi ki, təklif onsuz da 165 AKP-li vəkilin səsverməsiylə qəbul edilib və noyabrın 22-də formal səsvermə olacaq.

Amma müzakirə olunan düzəlişlər media və sosial şəbəkələrdə qalmaqala səbəb oldu, eyni zamanda da beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid olundu. Misal üçün, UNİCEF-in mətbuat katibi Kristof Bulyerak bildirdi ki, UNİCEF bu şəkildə cinayətkarlar üçün əfv görüntüsü verən bu qanun dəyişikliyindən çox narahatdır. İstanbul və digər şəhərlərdə etiraz aksiyaları keçirildi.

Nəticədə Türkiyə baş naziri Binəli Yıldırım noyabrın 22-də düzəlişlər paketini geri çağırdı.

Amma bu hələ o demək deyil ki, hakim partiya bu məsələni yenidən gündəmə gətirməyəcək.

Düzəlişin tərəfdarları bildirir ki, o qadının hüquqlarını qoruyur. Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məsələ ilə bağlı münasibətini sosial şəbəkələrdə belə açıqladı: “Düzəliş, sadəcə evlənən, amma yaş şərtləri səbəbindən rəsmi nikaha girməyənlərin münasibətlərinin rəsmiləşdirilməsi zamanı tətbiq olunacaq. Düzəliş sadəcə qadının, içəridəki ərin, bu evlilikdən doğmuş uşaqların və ailələrin zərərçəkmişliyinin aradan qaldırılması üçündür.

Ankara

15 yaşında hamiləlik, 16 yaşında doğuş

Sevim İlkay  (adlar  şərtidir ) Türkiyənin paytaxtı Ankaraya en yaxın kəndlərdən olan Mühyedə yaşayır. 50 il əvvəl özündən 10 yaş böyük Kərəm tərəfindən qaçırılıb.

Kəndlərdə başlıq və toy məsrəflərinə girməmək, qızı razı salma çətinliyinə düşməmək  üçün qız qaçırma hələ də var. Bəzən də ata-anasının razılığı ilə evləndirildiyi zaman valideynləri məsuliyyətə cəlb olunmamaq üçün oğlana qızı qaçırmağı özləri də təklif edirlər. Bəzən ailələr arasındakı münaqişələrə son vermək üçün azyaşlı qızlarını qarşı tərəfə verirlər. Türkiyənin şərqində bəzən kasıb ailələr dolanışığı düzəltmək üçün ən az 5-6  altın sikkə qarşılığında azyaşlı qızlarını (bu tərz sövdələşmələrdə kişilər adətən azyaşlı qızlara üstünlük verir) yaşca böyük, hətta iki arvadı olan birilərinə də verə bilirlər. Hal-hazırda bu sikkələrin birinin dəyərinin təxmini 250 ABŞ dollar olduğunu nəzərə alsaq, qız orta hesabla 1000-1250 dollara satılır.

Qanun nöqteyi-nəzərindən bu, cinayətdir, axı Türkiyədə evlilik yaşı 18 yaşdır və ancaq məhkəmənin qərarı ilə 16 yaşa qədər endirilən bilər. Amma əksər vaxtlarda iş məhkəməyə qədər gəlib çıxmır da.

Türkiyə hökuməti hər nə qədər mübarizə aparsa da azyaşlı qızların evlilik adı altında cinsi istismara məruz qalma halları artmaqdadır.

Sevim İlkay da bu cür zorakılığın qurbanlarından biridir. O, bütün günü üç tərəfdən evinin qapısına  baxan tövlələrin arasında qaç-qovdadır. Həyatı tövlələrin arasında keçir. Türkiyəyə məxsus tərzdə alçaq damlı evi tövlələrin arasında itib batıb.

Bir ilə yaxındır demək olar ki, hər həftə o kəndə yolum düşür. Mövsümlər dəyişsə də onun üstündə eyni qiyafətlər olur. “Evin gəliri bu davardan, toyuq-cücədən gəlir. Ərimin maşınına benzin pulu da. Amma qadının dəyəri yoxdur ki, uşaq ikən alırlar, kölə kimi işlədirlər. Əlində sənətin, işin olmadı deyə nə desələr etməyə məcbur qalırsan. Bir də baxırsan belin bükülüb, yaş keçib.

Sevim qaçırılanda 14 yaşımvardı. Qızın razılığını xəbər alan olmadı, valideynləri etiraz etmədi. “Yaşıdlarımın çoxu oyun oynayanda mən həm ev və təsərrüfata baxmaq, həm ərimə arvadlıq etmək, bunlar azmış kimi qayınata və qayınanama da xidmət etməliydim. Öz ata-anama səsimi eşitdirə bilməmişdim onlara necə eşitdirə bilərdim ki. Uşaqsan, arvad olaraq necə oturub-duracağını, necə davranacağını bilməzsən və bu da sənin qəbahətin olaraq görülür.

15 yaşında hamilə qaldı, on altı yaşı dolmadan ana oldu. “Nə zülmlər çəkdim. Özüm uşaq idim, qucağımda uşaq vardı və böyük bir ailənin qulluğunda durmağa məcburdum. Gözümü açdım açalı başımın üstündə hər zaman kimsə oldu. Heç bir zaman özümü fərd olaraq görə bilmədim. Həyatım bu tövlələrin arasında keçdi. Belim tutulur, soyuqdan heç həkimə götürən yox. Odur bax, azca soyuqlayıb deyə sabah erkəndən həkimə getdi.

Həyat yoldaşı söhbətimizin sonuna gəlib çıxdı. “Sənə toyuqları buraxma demədim mi, hava çox soyuqdur, – deyə ona çəmkirdi. Zəhmətkeş həyat onu elə günə qoyub ki, həyat yoldaşı ondan daha yaşlı olsa da, Sevim xala onun anası yaşında görünür.

Mühye

Dörd min sapıq

Statistikaya görə, Türkiyədə hər il 17 minə yaxın uşaqlara qarşı təcavüz və digər seksual xarakterli cinayətlər qeydə alınır. Bu,  polis qeydiyyatına alınmış və istintaqı sürməkdə olan işlərin sayıdır. 2006-cı ildə bu rəqəmin 2400 olduğunu nəzərə alsaq, bu xarakterli cinayətlərdə ciddi artım olduğunu söyləmək mümkündür. Həqiqi statistika çox daha yüksəkdir.

Türkiyə Vəkillər Kollegiyasının üzvü  olan Səidə Ekmen deyir: “Belə çıxır ki, bir azyaşlı 4-5 nəfər tərəfindən zorlamaya məruz qalarsa və onlardan biri zərərçəkənlə evlənməyi qəbul edərsə bu halda digər cinayətkarlar azadlığa çıxacaq. Bu dəyişiklik həm də evlənmə yaşının 15-ə, bəlkə də daha aşağı endirilməsinə yol açacaq. Beləcə də uşaq evliliklərinin sayı artacaq. Erkən yaşda evləndirilən qızlar üçün isə təhsil artıq bir xəyal olacaq.

Səidə Ekmen hesab edir ki, bu, əslində cinsi təcavüzə məruz qalmış uşağı təcavüzçü ilə evləndirməkdir: “Bu 4000 pozğunun [Türkiyə hökumətinin rəsmi şəxsləri bu dəyişiklikdən 4000 nəfərin yararlanacağını bildirib] azadlığa buraxılması deməkdir.

Türkiyədə azyaşlı gəlinlər məsələsi üzərində davamlı işlər aparan və çoxlu sayda kitab müəllifi olan məhkəmə hakimi Murad Aydın sosial şəbəkələrdə bu günkü hökumətin hələ 2005-ci ildə cinsi istismarçının zərərçəkənlə evlənməsi halında belə cəzasının təxirə salınmayacağı düzəlişini gətirdiyini xatırladaraq, bu gün də onu eyni görüşünə dönməyə çağırıb: “Dövlətin və cəmiyyətin uşaqları qoruma vəzifəsi vardır.  Heç olmasa bu məsələdə siyasi qütbləşməni bir tərəfə qoyaq  və bu məsələyə ağıl ilə baxaq.

Baş nazir Binəli Yıldırım isə hesab edir ki, yeni düzəlişlər erkən nikahlardan olan uşaqların problemlərini həll edəcək, hakim partiya hələ seçkiqabağı kampaniya zamanı bu məsələni həll edəcəyini vəd etmişdi: “Biz də söz verdik. AK Partiyasının bir prinsipi var, problemləri nəvələrə ötürməmək. Bu problemi həll etmək üçün məclisə bir qanun təklifi verdik. Birdən-birə qiyamət qopdu.  

B. Yıldırımın sözlərinə görə, dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Komissiyada bütün tərəflərin fikirləri nəzərə alınıb dəyərləndiriləcək və problem mütləq həll ediləcək.

 


More on JAMnews